Məhkəmə qərarları › İş №2-1(114)-3429/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3429/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3429/2022 15.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlu, İddiaçı pay torpağının sənədləşdirilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, keçmiş həyat yoldaşının adına rəsmiləşdirilmiş 0,60 ha pay torpağının müvafiq sənədləşdirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 46-cı maddəsinin (iddia ərizəsinin məzmunu) tələblərinə əsasən tərtib edilməmiş, məhkəməyə iddia ərizəsi təqdim edilməli olduğu halda, ərizə ilə müraciət edilmiş, həmçinin ərizədə iddiaçının və cavabdeh inzibati orqanın adı, ünvanı göstərilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən iddiaçının tələbi, inzibati orqanın adı və hüquqi ünvanı iddia ərizəsində göstərilməlidir. Bundan başqa, ərizədə tələb qeyri-müəyyən olmaqla, iddiaçı tələbinin nədən ibarət olmasını, hüquqlarının məhz hansı inzibati orqan tərəfindən pozulmasını, qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması qeyd etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı pay torpağının sənədləşdirilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar