Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3432/2024 13.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və mütəxəssis rəyinə xitam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, küçə 18 ünvanında yerləşən fərdi evə Dövlət Reyestrindən çıxarışın verilməsi və mütəxəssis rəyinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "Azərbaycanın 50 illiyi adına Kirovabad şəhəri Çini qablar zavodunun" bağçılıq birliyinin xx.xx.1986-cı il tarixli, 02 nömrəli protokol - qərarı ilə Şəmkir yolunun şimal hissəsində yerləşən gəc zavodu ərazisində bağçılıq üçün birliyinin üzvü ona torpaq sahəsi bağ evi üçün ayrılmışdır. Farforist bağçılıq yoldaşlığı birliyinin sədri tərəfindən verilmiş xx.xx.1986-cı il 121 nömrəli arayışa əsasən, iddiaçıya Gəc zavodu ərazisində torpaq sahəsi verilmişdir. O, 400 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazisi İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. İmtinada bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, "Farforis" bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir”. İddiaçı imtina cavabı ilə razılaşmır və bildirir ki, ona da digər 478 nəfər kimi 400 kv.m torpaq sahəsi ayrılmışdır. Çünki iddiaçıda torpaq sahəsinin ayrılmasına dair bütün sənədlər var. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli 2-1(114)- 1021/2023 nömrəli məktubuna əsasən verilmiş rəy əsassızdır. İşin halları Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1021/2023 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1021/2023 saylı məktubundan görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsinin mümkün sayılmaması barədə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1021/2023 saylı qərardadı hazırda qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırda İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Gəncə şəhəri, Məhsəti qəsəbəsi, küçə 18 ünvanında yerləşən fərdi yaşayış evinə hüququn qeydə alınaraq çıxarışın verilməsi və cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyinə xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı daha əvvəl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Gəncə şəhəri, Məhsəti qəsəbəsi, küçə 18 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1021/2023 saylı qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərardadı qanuni qüvvəsini almışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1021/2023 saylı qərardadı belə əsaslandırılmışdır ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. İddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Göründüyü kimi, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qaldırdığı “Gəncə şəhəri, Məhsəti qəsəbəsi, küçə 18 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası İddiaçı subyektiv hüququnun olmamasına görə Gəncə İnzibati Məhkəməsi tərəfindən mümkün sayılmamışdır. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdan hazırkı iddia mümkün sayıla və iddiaya mahiyyəti üzrə baxıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, iş üzrə iddiaçının cavabdeh orqana hazırkı tələblə müraciət etməsini və (və ya) tələbin təmin edilməsindən cavabdehin imtina etməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iddianın cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyinə xitam verilməsi hissəsi ilə bağlı qeyd edir ki, mütəxəssis rəyi sübut növlərindən biridir, onun ayrıca iddia kimi mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və mütəxəssis rəyinə xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və mütəxəssis rəyinə xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3432/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3432/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver