Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3438/2024 26.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “möhlət hüququnun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ali məktəbə qəbul nəticələri elan olunana kimi cavabdehin üzərinə 2024-cü ilin oktyabr ayınadək möhlət hüququnun verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, hal-hazırda 18 yaşı tamam olmuşdur. 2021-ci ilin iyun ayından Gəncə şəhəri 26 saylı məktəbin 9-cu sinfini bitirdikdən sonra, elə həmin ilin sentyabr ayında o, Gəncə şəhəri 2 saylı Peşə Liseyinin “kompüter texnikasının istismarı üzrə operator” peşəsi üzrə təhsil almaq üçün qəbul olduqdan sonra üç illik təhsilini başa vurub 2024-cü ilin iyun ayının 30-da təhsilini bitirmişdir. O, 9-cu sinifdən peşə liseyində təhsilini davam etdirdiyi üçün onun həmin liseydən əldə etdiyi təhsil haqqında diplom orta məktəb bazası sayıldığından orta məktəbin 11 illik attestatına bərabər tutulur. Yəni onun təhsili subbakalavr deyil. Bundan başqa ali məktəbə qəbul olunmağı üçün o, 2024-cü ilin mart ayında DİM tərəfindən keçirilən dövlət imtahanında iştirak etmiş və 139.1 bal toplayaraq 2024-cü ilin avqust ayında ali məktəblərə seçim turuna hüquq qazanmışdır. Cavabdeh onun 1-ci və 2-ci blok imtahanlarında iştirak etmək hüququnu məhdudlaşdırır. Cavabdeh 18 yaşının 2024-cü ilin aprel ayında tamam olmasını və həmin dövrdə peşə liseyində təhsil alması səbəbindən 2024-cü ilin aprel ayından 2024-cü ilin iyun ayına kimi ona bir dəfə möhlət verdiklərini əsas gətirərək ikinci dəfə möhlət hüququnun olmamasını bildirmiş, ona 27 iyul 2024-cü ilə hərbi xidmətə çağrılması üçün çağırış vərəqəsi təqdim etmişlər. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, ona ali məktəbə qəbul nəticələri elan olunana kimi möhlət hüququ verilməli idi. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, o, 2021-ci ilin iyun ayında Gəncə şəhər 26 saylı məktəbin 9-cu sinfini bitirmiş, həmin ilin sentyabr ayında Sənaye və Texnologiyalar üzrə X9 Təhsil Mərkəzinə daxil olmuşdur. Həmin peşə mərkəzində təhsil almış və üç illik təhsilini başa vurub 2024-cü ilin iyun ayının 30-da təhsilini bitirmişdir. 2024-cü ilin aprel ayında onun 18 yaşı tamam olmuşdur. 2024-cü il martın 10-da DİM tərəfindən keçirilmiş ali məktəbə qəbul imtahanın 1-ci mərhələsində iştirak etmiş, 139.1 bal toplamışdır. Daha sonra ali məktəbə qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş, lakin onun qeydiyyatı DİM tərəfindən ləğv edilmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2024-cü il üçün çağırış vərəqəsi verilmişdir. Cavabdehdən qəbul imtahanının nəticələri elan olunana qədər ona möhlət verilməsini istədikdə, cavabdeh şifahi qaydada imtina edərək bildirmişdir ki, o, peşə məktəbində oxumuş, onun təhsili subbakalavr hesab olunur və ona artıq bir dəfə möhlət verilmişdir. Amma o, hesab edir ki, onun təhsili subbakalavr deyil. O, peşə məktəbini bitirmiş, aldığı attestat 11 illik attestata bərabər tutulur. O, ali məktəbə qəbul imtahanının 2ci mərhələsində iştirak edə bilməmişdir. Ali məktəbə qəbul imtahanının 1-ci mərhələsində topladığı balla V qrup üzrə qabiliyyət imtahanları olmayan ixtisas seçimində iştirak edə bilər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, göstərdi ki, İddiaçı 18 yaşı 2024-cü ilin aprel ayında tamam olmuşdur. Peşə məktəbində oxuyan hazırkı çağırışçıya təhsilini davam etdirməsi üçün aprel ayında bir dəfə möhlət verilmişdir. Həmin möhlətin müddəti iyun ayının 30-na kimi olmuşdur. Müddət bitdiyi üçün İddiaçı 2024-cü ilin iyul çağırışına cəlb olunmuşdur. Çağırışçı aidiyyəti üzrə tibbi müayinələrdən və hərbi həkim komissiyasından keçmiş, yekun rəyə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq sərəncamına əsasən çağırışçı İddiaçı müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunmuş və onun hərbi hissəyə təhvil verilməsi xx.xx.2024-cü il tarixə planlaşdırılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, peşə təhsili müəssisəsində təhsil alanlara yalnız bir dəfə möhlət verilir. Hesab edirlər ki, hazırkı çağırışçı İddiaçı subbakalavrdır və ona artıq bir dəfə təhsilini davam etdirməsi üçün möhlət verilmişdir. İddiaçı yenidən möhlət verilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Ona görə də ona möhlət verilməsindən imtina olunmuşdur. Peşə məktəbindəki təhsili ona görə subbakalavr hesab edirlər ki, peşə məktəbindəki təhsil orta təhsildən bir pillə yuxarı təhsildir. Ümumi təhsil məktəblərində oxuyan 18 yaşına çatmış kişi cinsli vətəndaşlara 11ci sinfi bitirdikləri ildə ali məktəbə qəbul imtahanının nəticələri məlum olana qədər, yəni oktyabr çağırışına qədər möhlət verilir. Belə ki, 11-ci sinifdə oxuyan və 18 yaşı tamam olan vətəndaş çağırışa cəlb edilmir. Vətəndaş tərəfindən oxuduğu orta məktəbdən arayış, ali təhsil müəssisəsinə qəbul üçün müraciət etməsi ilə bağlı elektron ərizə təqdim edildikdə təhsilini davam etdirməsi üçün vətəndaşa ali təhsil müəssisəsinə imtahan nəticələri çıxana qədər möhlət verilir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. İşin halları C 512676 nömrəli xx.xx.2021-ci il tarixli ümumi orta təhsil haqqında attestatdan görünür ki, İddiaçı Gəncə şəhəri 26 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyi bitirmişdir. 2023-2024-cü tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları üçün 10 mart 2024-cü il tarixdə keçirilmiş buraxılış imtahanının nəticələri və cavab vərəqlərinin qrafik təsvirlərindən görünür ki, İddiaçı ümumi olaraq 139.1 bal toplamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon X2 əsasən İddiaçı hərbi xidmətə yola düşmək üçün xx.xx.2024-cü il tarixə saat 09:00-a şöbəyə çağırılmışdır. Sənaye və Texnologiyalar üzrə X9 Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Sənaye və Texnologiyalar üzrə X9 Təhsil Mərkəzində texniki peşə təhsili olan “telekommunikasiyada komputer texnikasının istismarı üzrə operator” ixtisası üzrə İİİ kurs 219542 nömrəli qrupu bitirib. Yaxın vaxtlarda diplom və attestat sənədlərini alacaq. E 645156 nömrəli xx.xx.2024-cü il tarixli tam orta təhsil haqqında attestatdan görünür ki, İddiaçı Sənaye və Texnologiyalar üzrə X9 Təhsil Mərkəzini bitirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsinin 24 iyul 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 128 nömrəli Sərəncamına əsasən qanunamüvafiq qaydada möhlət hüququ bitmiş 18 yaşı tamam olan və 35 yaşı tamam omayan kişi cinsli vətəndaşlar müddətli həqiqi xidmətə çağırılırlar. xx.xx.2006-cı il təvəllüdlü çağırışçı İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.2-ci maddəsinə əsasən (peşə təhsilini davam etdirmək üçün) verilmiş möhlət hüququ bitdiyi üçün qanuna müvafiq qaydada 2024-cü ilin iyul çağırışıba cəlb olunmuşdur. İddiaçı aidiyyəti üzrə tibbi müayinələrdən və hərbi həkim komissiyasından keçmiş yekun rəyə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq sərəncamına əsasən çağırışçı İddiaçı müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunmuş və onun hərbi hissəyə təhvil verilməsi xx.xx.2024-cü il tarixə planlaşdırılmışdır. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 və Texnologiyalar X9 Təhsil Mərkəzinin 25 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə mərkəzin “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” texniki peşə təhsili üzrə ******* №-li qrupuna qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə tam kursu bitirmiş, E 645156 №-li tam orta təhsil haqqında attestat almışdır. Texniki peşə təhsili səviyyəsi üzrə diplom isə xx.xx.2024-cü il tarixədək yazılıb sistemə işlənərək təhvil veriləcəkdir. Subbakalavr hesab olunmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Avropa İnsan Hüquqları Konvensiyası Maddə 14 – Ayrı-seçkiliyin qadağan olunması Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Fabris Fransaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 fevral 2013-cü il tarixli Qərarı Konvensiyada təsbit olunan hüquq və azadlıqların istifadəsində maddə 14 müqayisə oluna bilən vəziyyətlərdəki şəxslərə obyektiv və ağlabatan əsaslar olmadan fərqli şəkildə davranmağı qadağan edir. Bu müddəa baxımından, bir davranış, “obyektiv və ağlabatan əsaslardan məhrumdursa”, yəni “legitim məqsəd” daşımırsa və ya “məqsəd və istifadə olunan vasitələr arasında ağlabatan proporsionallıq əlaqəsi” yoxdursa, ayrıseçkilikdir. Digər tərəfdən, razılığa gələn Dövlətlər əslində analoji olan vəziyyətlərdə fərqli davranışa ehtiyac olub olmadığı və nə dərəcədə fərq qoyulmalı olmasına qərar verməkdə mülahizə səlahiyyətinə malikdir. Bu mülahizə səlahiyyətinin dairəsi şəraitə görə dəyişir. İnzibati Prosesual Məcəllə Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları. Maddə 18. Çağırışa möhlət verilməsi 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.3. təhsili davam etdirmək üçün. Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara; 21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara. Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.17. peşə təhsil mərkəzi – müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış ümumi orta təhsil və tam orta təhsil bazasında peşə təhsilinin bütün səviyyələrində fəaliyyət göstərən təhsil müəssisəsi; 1.0.22. texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq. Maddə 9. Peşə təhsili sisteminin quruluşu 9.1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır: 9.1.2. texniki peşə təhsili; 9.2. Peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır: 9.2.3. peşə təhsil mərkəzi. 9.6. Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə: 9.6.3. texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir. 9.8. Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir: 9.8.3. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs; 1.0.40. subbakalavr - yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi. Maddə 17. Təhsilin pillələri və səviyyələri 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.2. Ümumi təhsil: 17.1.2.1. ibtidai təhsil; 17.1.2.2. ümumi orta təhsil; 17.1.2.3. tam orta təhsil. 17.1.3. Peşə təhsili: 17.1.3.1. ilk peşə təhsili; 17.1.3.2. texniki peşə təhsili; 17.1.3.3. yüksək texniki peşə təhsili. 17.1.4. Orta ixtisas təhsili. 17.1.5. Ali təhsil: 17.1.5.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 17.1.5.2. magistratura (rezidentura); 17.1.5.3. doktorantura (adyunktura). Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.3. ümumi orta təhsil – ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi 1.0.37. tam orta təhsil – ümumi təhsilin ayrı-ayrı təmayüllər üzrə və ya təmayüllər olmadan təşkil edilən və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan üçüncü səviyyəsi. Maddə 11. Ümumi təhsil sisteminin quruluşu 11.2. Ümumi təhsilin səviyyələri aşağıdakılardır: 11.2.3. ümumi orta təhsil (V-İX siniflər); 11.2.4. tam orta təhsil (X-Xİ siniflər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları
3. Qəbul imtahanı 3.8.5. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə cavabdehin yazılı imtinasının olmamasına münasibət bildirərək qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya cavabdeh tərəfindən hərbi xidmətə çağırış vərəqəsi göndərilərək hərbi xidmətə getməsi üçün xx.xx.2024-cü ilə şöbəyə çağırılmışdır. İddiaçı cavabdehə müraciət edərək ali məktəbə qəbul imtahanının nəticələri elan olunanadək çağırışa möhlət verilməsini xahiş etmiş, cavabdeh isə şifahi qaydada möhlətin verilməsindən imtina etmişdir. İddiaçı yazılı şəkildə imtina cavabı almadan məhkəməyə müraciət etmişdir. Məhkəmə icraat zamanı müəyyən etmişdir ki, iddiaçı həqiqətən möhlətin verilməsi üçün ilk öncə cavabdehə müraciət etmiş, şifahi imtinadan sonra məhkəmədə iddia qaldırmışdır. İddiaya təxirə salınmadan baxılmasına zərurət olduğundan məhkəmə şifahi imtinanı kifayət hesab edir. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunun müddəalarına əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün, ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara, həmçinin peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara möhlət yalnız bir dəfə verilir. Cavabdeh inzibati orqan qeyd olunan Qanuna istinad edərək iddiaçıya möhlət verməkdən imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi qeyd etmişdir ki, çağırışçı İddiaçı peşə təhsili almışdır. O, hazırda subbakalavr hesab olunur. Hazırkı çağırışçıya 2024-cü ilin aprel ayından iyun ayınadək peşə təhsili müəssisəsini bitirməsi üçün bir dəfə möhlət verilmişdir. Hazırda iddiaçıya yenidən çağırışa möhlət verilməsi mümkün deyil. İddiaçı isə iddia tələbi ilə hərbi xidmətə çağırışa möhlət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdehin imtinası ilə razılaşmayaraq qeyd etmişdir ki, o, subbakalavr deyil. Belə ki, onun təhsil aldığı peşə təhsil mərkəzi tərəfindən verilmiş attestat ümumi təhsil məktəblərində 11-ci sinfi bitirənlərə tam orta təhsil barəsində verilən attestata bərabər tutulur. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə qanunvericiliyin tələbinə uyğun olaraq imtina verilsə də, hazırkı mübahisəyə ayrı-seçkiliyin qadağan olunması baxımından qiymət verilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, ümumi təhsil müəssisələrində 11-ci sinifdə oxuyan 18 yaşına çatmış kişi cinsli vətəndaşlar tərəfindən məktəbdən arayış, ali təhsil müəssisəsinə qəbul üçün müraciət etməsi ilə bağlı elektron ərizə təqdim edildikdə təhsilini davam etdirməsi üçün onlara ali təhsil müəssisəsinə imtahan nəticələri çıxana qədər, oktyabr çağırışına qədər möhlət verilir və çağırışa cəlb edilmirlər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı peşə təhsil mərkəzində texniki peşə təhsili, həmçinin tam orta təhsil almışdır. Eyni zamanda iddiaçı 2024-cü ili mart ayının 10-da ali məktəbə qəbul imtahanın birinci mərhələsində iştirak edib 139.1 bal toplamışdır. Məhkəmə hesab edir ki, hazırda həmin bal ilə iddiaçı ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanları tələb edilməyən ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Peşə təhsili haqqında qanunvericiliyin müddəlarına əsasən, peşə təhsil mərkəzi peşə təhsili müəssisələrinin növlərindən biridir. Peşə təhsil mərkəzi – müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış ümumi orta təhsil və tam orta təhsil bazasında peşə təhsilinin bütün səviyyələrində fəaliyyət göstərən təhsil müəssisəsidir. Texniki peşə təhsili peşə təhsilinin səviyyələrindən biridir. Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə, təhsil hüquqlarından biri kimi texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir. Ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3 ildir. Təhsil haqqında qanunvericilikdə nəzərdə tutulmuşdur ki, abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. Subbakalavr isə - yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsidir. Azərbaycan Respublikasında ümumi təhsil (ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil), peşə təhsili (ilk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili), orta ixtisas təhsili və ali təhsil (bakalavriat, magistratura, doktorantura) pillələri və səviyyələri vardır. Ümumi təhsil haqqında qanunvericiliyin müddəalarında isə göstərilmişdir ki, tam orta təhsil, yəni X-Xİ siniflər ümumi təhsilin səviyyələrindəndir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, subbakalavr - yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsidir. İddiaçı isə ümumi orta təhsil bazasından qəbul olunaraq peşə təhsil mərkəzində 3 il müddətində texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almışdır. İddiaçının təhsil aldığı X9 Təhsil Mərkəzindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı subbakalavr hesab olunmur. Məhkəmə hesab edir ki, İddiaçı subbakalavr deyil. İddiaçı hazırda abituriyent olmaqla ümumi təhsil müəssisəsində tam orta təhsil almış və Xİ sinfi bitirmiş vətəndaşlarla eyni vəziyyətdədir. Belə olan halda ümumi təhsil müəssisələrinin 11-ci sinfini bitirmiş 18 yaşına çatmış kişi cinsli vətəndaşların ali təhsil müəssisəsinə qəbul üçün müraciət etməsi ilə bağlı elektron ərizə təqdim edildikdə çağırışa cəlb olunmayaraq, onlara ali təhsil müəssisəsinə imtahan nəticələri çıxana qədər - oktyabr çağırışına qədər möhlət verilməsi, iddiaçıya isə onun ali təhsil müəssisəsinə imtahanın nəticələri çıxanadək çağırışa möhlətin verilməyib, yalnız peşə təhsilini bitirməsi ilə əlaqədar iyun ayının sonunadək möhlətin verilməsi və çağırışa cəlb edilməsi ayrı-seçkilik hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konvensiyada təsbit olunan hüquq və azadlıqların istifadəsində maddə 14 müqayisə oluna bilən vəziyyətlərdəki şəxslərə obyektiv və ağlabatan əsaslar olmadan fərqli şəkildə davranmağı qadağan edir. Bir davranış legitim məqsəd daşımırsa və ya məqsəd və istifadə olunan vasitələr arasında ağlabatan proporsionallıq əlaqəsi yoxdursa, bu ayrı-seçkilikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2024-cü ilin oktyabr ayınadək, yəni ali məktəbə qəbul imtahanlarının nəticələri elan olunanadək hərbi xidmət üzrə çağırışa möhlətin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı 2024-cü ilin oktyabr ayınadək (ali məktəbə qəbul imtahanlarının nəticələri elan olunanadək) hərbi xidmət üzrə çağırışa möhlətin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində X5 vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva