Məhkəmə qərarları › İş №2-1(114)-3438/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3438/2025

11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3438/2025 11.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı1 adına "xxxx" MMC-yə görə 40474,49 manat vergi borcu, 307,14 manat məcburi dövlət sosial sığorta haqqı, 12,28 manat işsizlikdən sığorta haqqı, 49,12 manat icbari tibbi sığorta haqqı borcları, "xxxx" MMC-yə görə vergilər üzrə 20595,73 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 204,76 manat, işsizlikdən sığorta haqqı üzrə 8,19 manat, icbrari tibbi sığorta haqqı üzrə 32,73 manat borcun, ümumilikdə 61684,44 manat məbləğinin onun adından silinməsi və X2 adına "xxxx" MMC-nin 26506,37 manat vergi borcu və "xxxx" MMC-nin adına 13375,89 manat, ümumilikdə 39882,26 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli arayışları ilə məlum olur ki, "xxxx" MMC-nin vergilər üzrə 40747,49 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 307,14 manat, işsizlikdən sığorta haqqı üzrə 12,28 manat, icbari tibbi sığorta üzrə 49,12 manat, "xxxx" MMC-nin vergilər üzrə 20595,73 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 204,76 manat, işsizlikdən sığorta haqqı üzrə 8,19 manat, icbrari tibbi sığorta haqqı üzrə 32,73 manat, "xxxx" MMC-nin vergilər üzrə 13375,89 manat, "xxxx" MMC-nin vergilər üzrə 26056,37 manat borcu vardır. II. Məhkəmədə icraat

1. İddiaçılar İddiaçı1 və X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı1 adına "xxxx" MMC-yə görə 40474,49 manat vergi borcu, 307,14 manat məcburi dövlət sosial sığorta haqqı, 12,28 manat işsizlikdən sığorta haqqı, 49,12 manat icbari tibbi sığorta haqqı borcları, "xxxx" MMC-yə görə vergilər üzrə 20595,73 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 204,76 manat, işsizlikdən sığorta haqqı üzrə 8,19 manat, icbrari tibbi sığorta haqqı üzrə 32,73 manat borcun, ümumilikdə 61684,44 manat məbləğinin onun adından silinməsi və X2 adına "xxxx" MMC-nin 26506,37 manat vergi borcu və "xxxx" MMC-nin adına 13375,89 manat, ümumilikdə 39882,26 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

3. İddiaçılara xx.xx.2025-ci il tarixdə qanunauyğunluq haqqında sərəncam ünvanlanaraq, sözügedən borclar "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMCyə hesablandığından iddia müvafiq hüquqi şəxsin adından qaldırılmaqla, rəhbərləri (qanuni təmsilçiləri) tərəfindən imzalanaraq, möhürlənməli olduğu bildirilmiş və bu məqsədlə iddia ərizəsinin qanunun tələblərinə uyğun təqdim edilməsi üçün müddət təyin edilərək, əks təqdirdə iddianın mümkün sayılmayacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırma hissəsi:

4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

6. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, "xxxx" MMC-nin vergilər üzrə 40747,49 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 307,14 manat, işsizlikdən sığorta haqqı üzrə 12,28 manat, icbari tibbi sığorta üzrə 49,12 manat, "xxxx" MMC-nin vergilər üzrə 20595,73 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 204,76 manat, işsizlikdən sığorta haqqı üzrə 8,19 manat, icbrari tibbi sığorta haqqı üzrə 32,73 manat, "xxxx" MMC-nin vergilər üzrə 13375,89 manat, "xxxx" MMC-nin vergilər üzrə 26056,37 manat borcu vardır.

7. İddiaçılar İddiaçı1 və X3 iddia qaldıraraq, həmin borcların Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən silinməsini xahiş edirlər.

8. Lakin iddiaçıların silinməsini tələb etdikləri borc məbləğləri fiziki şəxs olaraq İddiaçı1 və X1 adına deyil, hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə hesablanmışdır. Bu səbəbdən də iddiaçı adıçəkilən hüquqi şəxslər tərəfindən qaldırılmalıdır.

9. Bu barədə iddiaçılara xx.xx.2025-ci il tarixdə qanunauyğunluq haqqında sərəncam ünvanlaraq, yuxarıda qeyd edilən məsələlər onların nəzərinə çatdırılmış və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif edilərək, bu məqsədlə vaxt verilmişdir.

10. İddiaçılar İddiaçı1 və X3 məhkəməyə ünvanladıqları ərizələrində adlarına qeydiyyatdan keçirilmiş şirkətlərdən məlumatlarının olmadığını, bu şirkətlərin varlığından vergi borcu ilə əlaqədar sənədlər təqdim edildikdən sonra xəbərlərinin olduğunu, bu səbəbdən şirkətlər adından iddia qaldıra bilmədiklərini bildirmişlər.

11. Lakin məhkəmə hesab edir ki, fiziki şəxslər olan İddiaçı1 və X3 hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyillər və hazırkı halda iddiaçıların irəli sürdüyü tələbə baxılması mümkün deyildir.

12. Belə ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

13. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

14. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

15. Məhkəmənin qənaətinə görə, iddia mümkün sayılmamalıdır.

16. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıların nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar