Məhkəmə qərarları › İş №2-1(114)-3439/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3439/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3439/2024 25.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilərək əlilliyin səbəbinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin yaranma səbəbinin “hərbi travmadır, Azərbaycan Respubliksının müdafiəsi zamanı alınmışdır” kimi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə zamanı dəfələrlə minaya düşmüş, həmçinin ağır yaralanaraq hospitala yerləşdirilmişdir. Həmin vaxt sağ ayağının baş barmağı ambutasiya olunmuş, sağ çiyin və sinədən güllə yarası almışdır (xx.xx.1992-ci il tarixdə). Həmin vaxtdan iddiaçı ikinci dərəcəli Qarabağ əlili kimi qeydiyyatdan keçmiş, 2020-ci ildə ona əlilliyinə görə verilən pensiya dayandırılmışdır. Minaya düşdükdən sonra onun sol kəllə sümüyündə şiş əmələ gəlməyə başlamış, şiş tədricən böyümüş və 2022-ci ildə kəllə sümüyünün bir hissəsi - həmin 10 sm-lik şiş başından çıxarılmışdır. Qeyd edilən xəstəlik iddiaçının minaya düşməsi nəticəsində yaranmış və tədricən inkişaf etmişdir. Hazırda iddiaçıya ümumi xəstəliklə əlaqədar üçüncü dərəcəli əlillik verilmiş, halbuki, o qeyd edir ki, əlilliyinin yaranma səbəbi müharibə zamanı minaya düşməsi olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3439/2024 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli qərarda əlilliyin səbəbinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Gəncə Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış "2.3 üçüncü dərəcə əlillik => 2.5.21. kəllə sümüyünün geniş (3x1sm-dən artıq) qüsuru (S02-S02.1);" barədə qərar verilmişdir. Əlavə olaraq bildirilir ki, Gəncə şəhər sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AAKXD nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 238 nömrəli qərar verilmişdir. Həmin qərarda “Partlayış travması nəticəsində (xx.xx.1992) sağ yuxarı ətrafın funksiyalarının müvəqqəti pozulması, sağ çiyinin kor qəlpə yaralanması, yuxarı 1/3nin böyük qəlpəli sınığı, döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının toxunan qəlpəli yaralanması, çiyinin və döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının çoxsaylı metal yad cisimləri. Döş qəfəsinin sağ yarısının toxunan güllə yaralarının birincili cərrahi İşlənməsi əməliyyatından (xx.xx.1992) sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında şiş olduğunu, daha sonra buna görə əməliyyat olunduğunu ifadə etmiş, alında, sol döş qəfəsinin ön və arxa səthlərində, sağ pəncədə, sağ ayağın birinci barmağının amputasiyası, sol təpə-ənsədə trepanasiya çapığı müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya SpO2-98% olmuş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, hərəki məhdudiyyət aşkar edilməmişdir. Nevroloji statusunda dağınıq mikroocaqlı simptomatika aşkar edilmiş, burun-dodaq bucağı assimmetrik, əzələ gücü, tonusu normal, reflekslər canlı, ətraflarda iflic, parez aşkar edilməmişdir. Təqdim edilmiş İTS TƏBİB Respublika Neyrocərrahiyyə Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli 162 nömrəli çıxarışda diaqnoz “Sol gicgah-təpə nahiyəsinin ekstraserebral şişi. (Grade İ meningioma) Cərrahi əməliyyatdan sonrakı vəziyyət” kimi qeyd olunmuş, xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi “Sol ənsə-təpə payı səviyyəsində əməliyyat girişi sahəsi və geniş POSTOP ensefalomalyasiya sahəsi qeyd edilir (64x59x45 mm). Neyrocərrah tərəfindən araşdırılması və ehtiyac olduqda İV kontrastla incələnməsi tövsiyyə olunur” kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, əyani müayinənin və təqdim edilmiş instrumental müayinə nəticəsinə hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlaməti öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.21-ci bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, göstərdi ki, xəstəliyi ilə əlaqədar müalicədə olduğu üçün müddəti ötürmüşdür. Ona görə də iddia müddətinin bərpa edilməsini xahiş edir. İşin halları İddiaçı xx.xx.2015-ci il tarixdən “Döş qəfəsinin açıq yarası, sağ döş qəfəsinin yuxarı 1/3 hissəsinin və sağ bazu sümüyünün qəlpə yaralanmasından sonra çapıq toxumalar. Yuxarı ətraf qurşağın və bazu səviyyəsində sınıq” diaqnozu ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən eyni diaqnoz ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Sağ döş qəfəsinin yuxarı hissəsində və sağ bazu sümüyünün 1/3 hissəsinin qəlpə yaralanmasından sonra çapıq toxumalar. Sağ bazu sümüyün yuxarı 1/3-nin qəlpəli kontrakturası. Hərəkət məhdudluğu ağrı sindromu ilə. Sağ ayağın baş barmağının amputasiyasından sonrakı vəziyyət. Xr.hepatoxolesistit. Asteno-nevrotik sindrom. Arterial hipetenziya İİ m.B” diaqnozu ilə göndərişin natamam doldurulması (ətraflı: Əsas xəstəliyin ağırlaşmaları üzrə ixtisaslaşmış tibb müəssisəsində stasionar müayinə və müalicə aparılmamışdır) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixdən müddətsiz “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, “Sol arxa gicgah-təpə nahiyyəsində kraniotomiya, ekstraserebral şişin (meningioma) xaric edilməsi (Simpson Grade İ) cərrahi əməliyyatdan sonrakı vəziyyət /xx.xx.2022/ Digər neqativ pozğunluqlar, Asteno nevrotik sindrom” diaqnozu ilə ümümi xəstəlik səbəbi ilə İİİ dərəcə əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sistemdən çıxarışdan görünür ki, həmin sənədin çap tarixi “xx.xx.2022”-ci ildir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə qərardan verilmiş şikayətə əsasən, əyani müayinə keçirilmiş İddiaçı barəsində ümumi xəstəlik ilə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbi üzrə iddiaçı ona əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilərək əlilliyin səbəbinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi mübahisələndirmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 1 il müddətinə İİİ dərəcə əlillik, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Yenidən qiymətləndirmə zamanı xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmiş, son olaraq xx.xx.2022-ci il tarixdə müddətsiz ümümi xəstəlik səbəbi ilə İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçının qeyd olunan əlillikdən xx.xx.2022-ci il tarixdən məlumatı olmuş, lakin iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmişdir. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, o, xəstə olması ilə bağlı müalicə almışdır. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. İddiaçı iddia müddətini ötürməsini müalicə alması ilə əsaslandırmasına baxmayaraq, iddiaçının müddəti ötürməsinə səbəb ola biləcək stasionar müalicə almasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də hazırkı iş üzrə iddiaçının qeyd etdiyi iddia müddətini ötürməsinin səbəbi məhkəmə tərəfindən üzrlü hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilərək əlilliyin səbəbinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilərək əlilliyin səbəbinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar