Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-344/2022 10.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X11 İdarəsinin Gəncə şəhər X7 və Texniki baxış şöbəsinə qarşı (üçüncü şəxs X6) avtomaşın üzərində mülkiyyət hüqunun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X11 İdarəsinin Gəncə şəhər X7 və Texniki baxış şöbəsinə qarşı iddia ərizəsi ilə 01.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, X4 adına olan “Ford Transit” Mikroavtobus markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il , Tip Vaqon 16+1 yerli, Ban WF0XXXTTFX8R23568 nömrəli avtomaşın üzərində onun mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)-899/2018 saylı 13 sentyabr 2018- ci il tarixli icra vərəqəsi ilə iddiaçının cavabdehlərə qarşı pul tələbi qismən təmin edilmiş, 36752 manat məbləğində ödənilməmiş borc pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun X3 və X2 müştərək qaydada alınaraq ona verilməsi qət edilmişdir. Bu barədə icra vərəqi 29 oktyabr 2018–ci il tarixində icraya yönəldilmişdir. X1 adına “Ford Transit” Mikroavtobus markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il , Tip Vaqon 16+1 yerli, Ban WF0XXXTTFX8R23568 nömrəli avtomaşın 30500 manat məbləğində dəyərləndirilmiş və həmin avtomobil iddiaçıya təklif edilmişdir. İddiaçı təklifi qəbul edərək borc əvəzinə avtomobili götürməyə razılaşmışdır. Sözügedən avtomobil 18 fevral 2021-ci il tarixdə istismara yararlı vəziyyətdə, açarları və texniki sənədləri ilə birlikdə iddiaçıya təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Hazırda iddiaçı avtomaşınla bağlı mülkiyyət hüququnun bütün ünsürlərinə malikdir. İddiaçı həmin maşın üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin 03.12.2021-ci il tarixli 2-1(114)-2583/2021 nömrəli qərardadı ilə X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X6 əvvəlki məhkəmə iclasında iddiaya qarşı heç bir etirazının olmadığını bildirmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(018)- 899/2018 nömrəli icra vərəqəsindən görünür ki, 36752 manat məbləğində ödənilməmiş borc pulun və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 və X2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. -surəti işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 8(018)- 68/2021 nömrəli qərardadından görünür ki, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(018)-899/2018 saylı icra sənədi üzrə borclu X5 məxsus “Ford Transit” Mikroavtobus markalı, **-HV-*** nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. -surəti işə əlavə edilmiş 18.02.2021-ci il tarixli aktdan görünür ki, X1 adına “Ford Transit” Mikroavtobus markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il, Tip Vaqon 16+1 yerli, Ban WF0XXXTTFX8R23568 nömrəli avtomobil aşkar olunmuş və müvafiq qaydada 30500 manat qiymətləndirilmiş, həmin avtomobil tələbkar İddiaçı təklif olunmuş, tələbkar təklifi qəbul edərək borc əvəzinə avtomobili götürməyə razılaşmış və avtomobil işlək halda açarları və texniki sənədləri ilə birlikdə İddiaçı təhvil verilmişdir. -surəti işə əlavə edilmiş Baş X11 İdarəsinin 12.10.2021-ci il tarixli 313-4994-1221 nömrəli məktubundan görünür ki, “Ford Transit” Mikroavtobus markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı adına rəsmiləşdirilməsi üçün avtomaşına dair sahibliyini təsdiq edən məhkəmə qərarı və avtomaşınla birgə Gəncə RQİ və TBŞ-nə müraciət edilməlidir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, X4 adına olan “Ford Transit” Mikroavtobus markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il , Tip Vaqon 16+1 yerli, Ban WF0XXXTTFX8R23568 nömrəli avtomaşın üzərində onun mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi ilə əlaqədar iddiaçı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan bundan imtina etmiş, imtinanın səbəbi kimi avtomaşına dair sahibliyini təsdiq edən məhkəmə qərarının təqdim edilməli olduğu bildirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:- 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Hazırki işin hallarından müəyyən olunur ki, Astara Rayon Məhkəməsinin 13.09.2018ci il tarixli 2(018)-899/2018 nömrəli qətnaməsi ilə 36752 manat məbləğində ödənilməmiş borc pulun və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 və X2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmiş, daha sonra həmin iş üzrə icra sənədi icra edilməsi üçün Astara rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra icra qurumu tərəfindən X1 adına “Ford Transit” Mikroavtobus markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il, Tip Vaqon 16+1 yerli, Ban WF0XXXTTFX8R23568 nömrəli avtomobil aşkar olunmuş və müvafiq qaydada 30500 manat qiymətləndirilmiş, həmin avtomobil tələbkar İddiaçı təklif olunmuş, tələbkar təklifi qəbul edərək borc əvəzinə avtomobili götürməyə razılaşmış və avtomobil işlək halda açarları və texniki sənədləri ilə birlikdə İddiaçı təhvil verilmiş, qeyd olunan hal 18.02.2021ci il tarixli aktla rəsmiləşdirilmişdir. Buna uyğun olaraq icra qurumu tərəfindən Baş X11 İdarəsinin Gəncə şəhər 9 saylı RQİ və TBŞ-nə müraciət olunaraq sözügedən avtomobilin X1 adından tələbkar İddiaçı adına sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Göründüyü kimi iddiaçı qeyd olunan avtomobili qanuni yolla əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək mülkiyyətçinin konstitusion hüququdur və iddiaçı bu hüququndan istifadə edərək qanuni yolla əldə etdiyi avtomobilin öz adına qeydiyyata alınmasını tələb edir. Məlumdur ki, nəqliyyat vasitələrinin qeydiyyatı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin qanunun icrasını təmin etmək məqsədilə qəbul edilmiş digər normativ aktlarla tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin:- -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. -2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Qeyd olunan normalardan görünür ki, bu qəbildən olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, eləcə də qeydiyyatla bağlı digər hərəkətlərin aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (onun müvafiq qurumları) tərəfindən həyata keçirilir. İşin faktiki hallarına əsaslanaraq məhkəmə qeyd edir ki, bir halda ki, faktiki olaraq həmin avtomobil üzərində iddiaçının mülkiyyət hüquqları mövcuddur, belə olan halda cavabdeh orqan tərəfindən həmin əmlak üzərində iddiaçının sərəncam hüquqlarını məhdudlaşdırması qanunsuz hesab edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Ford Transit” Mikroavtobus markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il , Tip Vaqon 16+1 yerli, Ban WF0XXXTTFX8R23568 nömrəli avtomaşının üzərində İddiaçı mülkiyyət hüqunun tanınması öhdəliyi Azərbaycan Respublikası Baş X11 İdarəsinin Gəncə şəhər X7 və Texniki baxış şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-344/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-344/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver