Məhkəmə qərarları › İş №2-1(114)-3440/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3440/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3440/2024 10.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı cavabdehin xx.xx.1994-cü il tarixli, 238 nömrəli qərarında "digər dəqqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol arxa giegah-təpə nahiyəsində kraniotomiya, ekstraserebral şişin (meningioma) xaric edilməsi (Simpson Grade İ) cərrahi əməliyyatından sonrakı vəziyyət, digər neqativ pozğunluqlar, Asteno nevrotik sindrom" diaqnozu üzrə xəstəliyin səbəbli əlaqəsinin "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra məntdə - iddiaçı) xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 envanda yaşayır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli 238 nömrəli qərarı ilə "Partlayış travması nəticəsində (xx.xx.1992) sağ yuxarı ətrafın funksiyalarının müvəqqəti pozulması, sağ çiyinin kor qəlpə yaralanması, yuxarı 1/3-nin böyük qəlpəli sınığı, döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının toxunan qəlpəli yaralanması, çiyinin və döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının şoxsaylı metal yad cisimləri. Döş qəfəsinin sağ yarısının toxunan güllə yaralarının birincilli cərrahi işlənməsi əməliyyatından (xx.xx.1992) sonrakı vəziyyət" diaqnozu ilə olan yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsi SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinə əsasən "Bəli, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" kimi təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin yaranma səbəbinin minaya düşməsinin olmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək cavabdehin xx.xx.1994-cü il tarixli, 238 nömrəli qərarında "digər dəqqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol arxa giegah-təpə nahiyəsində kraniotomiya, ekstraserebral şişin (meningioma) xaric edilməsi (Simpson Grade İ) cərrahi əməliyyatından sonrakı vəziyyət, digər neqativ pozğunluqlar, Asteno nevrotik sindrom" diaqnozu üzrə xəstəliyin səbəbli əlaqəsinin "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İ Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.1992-ci il tarixdən 23.06. 1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, həmin zaman dəfələrlə minaya düşmüş, ağır yaralanaraq hospitala yerləşdirilmişdir. Həmin vaxt sağ ayağının baş barmağı ambutasiya olunmuşdur, sağ çiyin və sinədən güllə yarası almışdır (xx.xx.1992-ci il tarixdə). Həmin vaxtdan iddiaçı İİ dərəcəli Qarabağ əlili kimi qeydiyyatdan keçmişdir. 2020-ci ildə iddiaçının əlilliyi dayandırılmışdır. Minaya düşdükdən sonra sol kəllə sümüyündə şiş əmələ gəlməyə başlamış, şiş tədricən böyümüş, 2022-ci ildə kəllə sümüyünün bir hissəsi çıxarılaraq həmin 10 sm-lik şiş başından çıxarılmışdır. Qeyd edilən xəstəlik minaya düşməsi nəticəsində yaranmış və tədricən inkişaf etmişdir. Hazırda iddiaçı İİİ dərəcəli ümumi xəstəliklə əlillik dərəcəsi verilmişdir. Hazırda ona İİİ dərəcəli ümumi xəstəliklə əlillik verilmişdir. Halbuki, əlilliyin yaranma səbəbi müharibə zamanı minaya düşməsi olmuşdur. Hazırda cavabdeh orqana əlilliyin yaranma səbəbinin minaya düşməsi olmasının, başının qəlpə ilə zədələnməsi olmasının göstərilməsini xahiş etsə də, lakin cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş, iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibətini bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Belə ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. 2011-ci il 1 yanvar tarixinədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə iddia müddəti tətbiq edilən iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Misal üçün: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1216/2024 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2940/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-384/2024 nömrəli qərarları). Belə yanaşma hüquqi müəyyənlik prinsipinə əsaslanır. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçı onun barəsində cavabdeh tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 238 nömrəli qərarın mövcudluğu barədə əvvəllər məlumatlı olduğu halda, o, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Məhkəmə hesab edir ki, belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin xx.xx.1994-cü il tarixli, 238 nömrəli qərarının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır. Belə ki, iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı ərizəsində qərarda düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etdiyini, cavabdehin məktubunun isə 2023-cü ilin dekabr ayında təqdim edildiyini, həmin zaman Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldırdığından cavabdehin imtinasından şikayət verə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sadaladığı hallar iddianın mümkün sayılmasına əsas vermir. Belə ki, iddiaçı onun barəsində olan qərarın məzmunundan uzun müddət məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə olan məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı cavabdehin xx.xx.1994-cü il tarixli, 238 nömrəli qərarında "digər dəqqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol arxa giegah-təpə nahiyəsində kraniotomiya, ekstraserebral şişin (meningioma) xaric edilməsi (Simpson Grade İ) cərrahi əməliyyatından sonrakı vəziyyət, digər neqativ pozğunluqlar, Asteno nevrotik sindrom" diaqnozu üzrə xəstəliyin səbəbli əlaqəsinin "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar