Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3441/2023 04.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı nikah akt qeydinin açılması və nikah haqqında şəhadətnamənin verilməsi iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı onun xx.xx.1982-ci ildə anadan olmuş X2 ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi əsasında nikah akt qeydinin açılması və bu barədə nikah haqqında şəhadətnamənin verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Ölüm haqqında xx.xx.2007-ci il tarixli AZ-İ 206144 nömrəli şəhadətnaməyə əsasən X2 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.
2. Samux Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-151/2007 nömrəli qətnaməsinə əsasən xx.xx.1984-cü ildə anadan olmuş İddiaçı xx.xx.1982-ci ildə anadan olmuş X2 ilə 30 avqust 2006-cı ildən faktiki nikah münasibətlərində olması faktı müəyyən edilmişdir.
3. Doğum haqqında xx.xx.2007-ci il tarixli AZ-İİ 015698 nömrəli şəhadətnaməyə əsasən X1 ata qrafasında X2, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur.
4. İddiaçı nikah haqqında şəhadətnamənin verilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin Şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/8-11-18/23 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Samux Rayon Məhkəməsinin 2-151/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinin qət etdi hissəsində xx.xx.2006-cı ildən faktiki nikah münasibətində olması faktı müəyyən edilmişdir. Qət etdi hissəsində Cavabdeh üzərinə heç bir öhdəlik qoyulmamışdır. Odur ki, ərizənin icrası üçün heç bir əsas olmadığından ərizənin təmin olunması qeydiyyat orqanı tərəfindən mümkün deyildir.
5. Məhkəmənin sorğusuna Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3- 10/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, ərizəçi İddiaçı X2 ilə faktiki nikah münasibətində olma faktının müəyyən edilməsinə dair ərizəsi Samux Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(058)-151/2007 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Qətnamə hazırda qanuni qüvvəsindədir. II. Məhkəmədə icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1982-ci ildə anadan olmuş X2 ilə xx.xx.2006-cı ildən faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair Samux Rayon Məhkəməsinin qətnaməsini və digər sənədləri nəzərə alıb ona nikah haqqında şəhadətnamənin verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 avqust 2006-cı ildə X2 ilə qeyrirəsmi nikaha daxil olub ailə qurmuşdur. Ailə qurub evləndiyi X2 17 yanvar 2007-ci il tarixdə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Onunla faktiki nikahlarından 17 iyun 2007-ci il təvəllüdlü Aqşin adlı övladı anadan olmuşdur. Yeganə övladı Aqşinin doğum haqqında şəhadətnaməsində də ata qrafasında mərhum ərinin adı qeyd edilmişdir. O, 2007-ci ildə Samux Rayon Məhkəməsində mərhum əri X2 ilə faktiki nikah münasibətində olma faktının müəyyən edilməsinə dair ərizə yazmışdır. Samux Rayon Məhkəməsində xx.xx.2007-ci il tarixdə işə baxılıb ərizəsi təmin edilərək xx.xx.1984-cü ildə anadan olmuş İddiaçı, yəni onun xx.xx.1982-ci ildə anadan olmuş X2 ilə 30 avqust 2006-cı ildən faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmışdır. Lakin o, məhkəmənin həmin qətnaməsini Cavabdehnə təqdim edib nikah haqqında şəhadətnamə almamışdır. O, Cavabdehnə müraciət edərək 30 avqust 2006-cı ildə X2 ilə qeyri-rəsmi nikaha daxil olub ailə qurduğunu, bununla bağlı faktiki nikah münasibətində olma faktının müəyyən edilməsinə dair Samux Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-151/2007 nömrəli qətnaməsinin nəzərə alınaraq nikah haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Cavabdeh ona xx.xx.2023-cü il tarixli 3-16-5/8-11-18/23 nömrəli imtina məktubu vermişdir. O, Cavabdeh tərəfindən verilmiş imtina məktubunu qanunsuz və əsassız hesab edir. Ona görə ki, cavabdeh orqanın imtinası ilə onun hüquqları kobud şəkildə pozulmuşdur.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdehin yerləşdiyi yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. Məhkəmə tərəfindən yardım edildikdən sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1982-ci ildə anadan olmuş X2 ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi əsasında nikah akt qeydinin açılması və bu barədə nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Samux Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-151/2007 nömrəli qətnaməsinin təsdiqli surəti; - Doğum haqqında xx.xx.2007-ci il tarixli AZ-İİ 015698 nömrəli şəhadətnamənin surəti; - Ölüm haqqında xx.xx.2007-ci il tarixli AZ-İ 206144 nömrəli şəhadətnamənin surəti; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-11-18/23 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3- 10/2023 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
23. Belə ki, iş materialları ilə müəyyən olur ki, Samux Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-151/2007 nömrəli qətnaməsinə əsasən xx.xx.1984-cü ildə anadan olmuş İddiaçı xx.xx.1982-ci ildə anadan olmuş X2 ilə 30 avqust 2006-cı ildən faktiki nikah münasibətlərində olması faktı müəyyən edilmişdir.
24. Hazırda iddiaçı həmin qətnamə əsasında nikah akt qeydinin açılmasını və bu barədə nikah haqqında şəhadətnamənin verilməsini xahiş edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 3.19-cu bəndinə əsasən 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər. Nikah münasibətlərinin bağlanılması vaxtı nikahı rəsmiləşdirən şəxsin göstərişinə əsasən nikahın qeydə alınması haqqında akt qeydinin 16-cı qrafasında yazılır. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə Qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən nikah münasibətlərinin başlanması vaxtını göstərir. Nikahın bağlanması haqqında akt qeydində faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarının tarixi, bu qərarı çıxaran məhkəmə və bu qərara əsasən nikah münasibətlərinin bağlanması vaxtı göstərilir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarına görə: Bənd 5. Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Bənd 5.1. Məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X5 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir.
27. Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, o şəxslərin faktiki nikah münasibətlərində olması faktı məhkəmə qaydasında müəyyən oluna bilərdi ki, onlar arasındakı faktiki nikah münasibətləri xx.xx.1944-cü il tarixədək yaranmış olsun.
28. Hazırkı işdə isə İddiaçı ilə mərhum əri X2 30 avqust 2006-cı il tarixdən faktiki nikah münasibətlərində olmuşlar.
29. Bu halda məhkəmə hesab edir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-151/2007 nömrəli qətnaməsi mövcud olsa belə, bu, nikah akt qeydinin açılması və bu barədə nikah haqqında şəhadətnamənin verilməsi üçün əsas ola bilməz.
30. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hər hüququ pozulmadığından, iddia təmin edilməməlidir.
31. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva