Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3441/2024 25.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin müəyyən edilərək təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ikinci Qarabağ döyüşlərinin iştirakçısı olmuşdur və ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı statusu verilmişdir. İddiaçının özünün iştirak etdiyi döyüşlər Kəlbəcər istiqamətində olmuşdur və Murovdağ silsiləsində döyüşdə olarkən xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixinə keçən gecə yaralanmışdır. Onun xəstəliyi şəhadətləndirilmişdir. Bundan sonra o, hərbi hospitala yerləşdirilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi və pensiyanın təyin edilməsini bildirsə də, cavabdeh orqan bundan imtina etmişdir. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3441/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbi “cavabdeh orqan tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3441/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3441/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2021-ci il tarixli 24891 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stess pozuntusu. Vegetativ damar davamsızlığı diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2953 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Abbasov X4 tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, özünəqəsd cəhdləri və nitq qüsuru ilə F07.0. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 1242 nömrəli sənədindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə müayinə olunub. Diaqnoz: Üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə koqnitiv funksiyaların kobud enməsi ilə F07.0. İddiaçı xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik. Mülayim dər-də ifadə olunmuş üzvi mənşəli emosional labil pozuntu, uzunmüddətli postravmatik stress pozuntusu. Vegetativ damar davamsızlığı. Nitq artikulyasiyasının spesifik pozğunluğu. Kəkələmə” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Posttravmatik stress pozuntusu” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli (hərbi əməliyyat zamanı alınmış qapalı kəllə beyin travmasının nəticəsində) yaranmış emosional labil pozuntu. Posttravmatik stress pozuntusu” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, özünəqəsd cəhdləri və nitq qüsuru ilə. Üzvi emosional labil pozuntusu. Uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 03 aprel 2024cü il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə qərardan verilmiş şikayətə əsasən, əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, X5 nömrəsinə xx.xx.2024-cü il tarixdə “İddiaçı üçün verilmiş 22.01.24-cü il tarixli göndərişə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. xx.xx.2024-cü il tarixli Göndəriş-Forma 88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 Stasionar müalicə aldığı müəssisə: Respublika Psixiatriya xəstəxanası - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Gəncə Psixiatri xəstəxana - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Respublika Psixiatriya xəstəxanası - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023 - F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Həkim müayinəsinin nəticəsi: F06.6 Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Bələdliyi hissəvi saxlanılıb. Danışıq əlaqəsinə həvəssiz qoşulur, verilən suallara qısa cavablar verir. Xəstə kəkələyir, fikrini çatdıra bilmədikcə əsəbləşir, kəkələməsi daha da artır. Xəstə əsa ilə çətinliklə yeriyir. Xırda səsə, xırda qıcıqlara kəskin reaksiya verir. Ətrafında baş verən hadisələrə qarşı etinasızdır. Emosional reaksiyaları dayanıqsızdır. Hövsələsizdir, əsəbidir. Əsəbləşəndə özünə və ətrafına zərər verir. Heç bir yerdə işləyə bilmir. Bir yerdə uzun müddət qala bilmir, darıxır, yorulur. Öz vəziyyətinə tənqidi münasibəti yoxdur. Yaddaşı zəifləyib. Əhval ruhiyyə fonu dəyişkən, əsasən enikdir. Gecələr yatmır, yuxusu dərmanlarladır. Diaqnoz: Əsas diaqnoz - F06.6, Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Üzvi emosional labil pozuntu. Yanaşı xəstəliklər - F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, özünəqəsd cəhdləri və nitq qüsuru ilə. Yanaşı xəstəliklə - F43.1, Posttravmatik stress pozuntusu, Uzunmüddətli posttravmatik stress pozuntusu. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinin olması – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyinə, “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli sənədi ilə İddiaçı üzvi şəxsiyyət pozuntusu, F07.0 diaqnozu qoyulmuşdur. Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya yanaşı xəstəlik - F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, özünəqəsd cəhdləri və nitq qüsuru ilə diaqnoz qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumatdan müəyyən olunur ki, iddiaçı 2023-cü il ərzində üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almışdır. Həkim müayinəsinin nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının bələdliyi hissəvi saxlanılıb. Danışıq əlaqəsinə həvəssiz qoşulur, verilən suallara qısa cavablar verir. Xəstə kəkələyir, fikrini çatdıra bilmədikcə əsəbləşir, kəkələməsi daha da artır. Xəstə əsa ilə çətinliklə yeriyir. Xırda səsə, xırda qıcıqlara kəskin reaksiya verir. Ətrafında baş verən hadisələrə qarşı etinasızdır. Emosional reaksiyaları dayanıqsızdır. Hövsələsizdir, əsəbidir. Əsəbləşəndə özünə və ətrafına zərər verir. Heç bir yerdə işləyə bilmir. Bir yerdə uzun müddət qala bilmir, darıxır, yorulur. Öz vəziyyətinə tənqidi münasibəti yoxdur. Yaddaşı zəifləyib. Əhval ruhiyyə fonu dəyişkən, əsasən enikdir. Gecələr yatmır, yuxusu dərmanlarladır. Məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən- F07.0 2023-cü il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almasına baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, İddiaçı 25 dekabr 2021-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçının xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Eyni zamanda iddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş xx.xx.2024-cü il tarixdə verilmişdir. Ona görə də iddiaçının əlilliyinin başlanması həmin tarixdən müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Natiq Faiq oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva