Məhkəmə qərarları › İş №2-1(114)-3442/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3442/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3442/2025 05.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2025 Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə - iddiaçılar) Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) qarşı “X4 Gəncə şəhəri, X9 prospekti, ev 115A, mənzil 23 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-4097/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-2041 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ünvan 3 ünvanında yerləşən mənzil X7 tərəfindən İddiaçı1 və İddiaçı2 mülkiyyətlərinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti, ev 115A, mənzil 24 ünvanında yerləşən **********62-05101-093016 reyestr nömrəli mənzil üzərində İddiaçı2 və İddiaçı1 paylı mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə ********** və ********** nömrələr ilə qeydiyyata alınmışdır.

2. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X7 və X1 şəhəri, Kəpəz rayonu, X9 prospekti, ev 115A, mənzil 23 ünvanında qeydiyyatdadırlar. - cavabdehin iddiaçılarn xx.xx.2025-ci il tarixli müraciətinə xx.xx.2025-ci il tarixli, 3- 13-57/2-A-70xx/xx/2025 nömrəli imtina məktubuna əsasən, xx.xx.1959-cu il təvəllüdlü X7 və XX.XX.1927-ci il təvəllüdlü X2 Gəncə şəhəri, X9 prospekti, ev 115A, mənzil 23 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

3. İddiaçılar iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X7 və X2 Gəncə şəhəri, X9 prospekti, ev 115A, mənzil 23 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişlər.

4. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X9 prospekti, ev 115A, mənzil 23 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə onlara məxsusdur. Həmin mənzilin ümumi sahəsi 61.2 kv.m-dən ibarətdir. 3-cü şəxslər X7 və X3 iddiaçıların mənzilinin keçmiş sakinləridir. Bu şəxslər onların mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır. İddiaçılar 3-cü şəxsləri Gəncə şəhəri, X9 prospekti, ev 115A, mənzil 23 ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin onlara imtina cavabı verilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır” qeyd edilmişdir. Odur ki, iddiaçılar məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. 3-cü şəxslər faktiki olaraq onların mənzilində yaşamasalar da, formal olaraq həmin ünvanda qeydiyyatdadırlar. 3-cü şəxslər iddiaçıların mənzilində qeydiyyatda durduqlarına görə onlar məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olurlar. Lakin, bir halda ki, 3-cü şəxslər iddiaçıların mənzilində yaşamırlar, onların həmin ünvanda qeydiyyatda olmaları qanuna uyğun deyil.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 və X3 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

6. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, xx.xx.1927-ci il təvəllüdlü X3 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.

8. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-2345/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 892 nömrəli “ölüm haqqında akt qeydinə” əsasən, X3 xx.xx.2007-ci il taridə Azərbaycan Respublikası, Gəncə şəhərində “kəskin ürək, qan dövranı çatışmazlığı” səbəbi ilə vəfat etmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixli məktubla işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.

11. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

12. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəfindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.

13. İddiaçıların, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

14. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-4097/2025 nömrəli məktubu və ona qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-2345/2025 nömrəli məktubu; - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

15. İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

16. İddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışlar.

17. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

20. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

21. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

22. Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

23. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

25. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

26. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

27. Məhkəmə araşdırması zamanı da Gəncə şəhəri, X9 prospekti, ev 115A, mənzil 23 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusluğu, üçüncü şəxsin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması, faktiki olaraq orada yaşamaması müəyyən edilmişdir.

28. Ona görə də cavabdehin imtinası iddiaçıların mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

29. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

30. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxsin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada uzun müddət yaşamadığı, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçıların mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüquqlarını məhdudlaşdırır.

31. Ona görə də iddiaçılar üçüncü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşlar.

32. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddiaçının evində qeydiyyatda olan X3 xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən onun mülki hüquq qabiliyyəti xitam edilmişdir. Bu əsasla onun prosessual fəaliyyət qabiliyyəti olmadığından o, inzibati məhkəmə icraatının iştirakçısı ola bilməyəcəyi üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

33. Lakin bununla yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 4-cü hissəsindən şəxsin ölməsi (və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edilməsi) halının onun ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında qeydiyyatdan çıxarılması üçün əsas olması təsbit edilmişdir.

34. Buna görə də cavabdeh orqan iddiaçının müraciətinə baxarkən sözügedən şəxsin vəfat etməsini müəyyən etdiyi halda (hansı ki, şəxs barədə məlumatlar digər dövlət orqanlarının bazalarından informasiya sistemlərinə inteqrasiya edildiyindən məhkəmə də bunu Elektron məhkəmə informasiya sistemindən müəyyən etmişdir), həmin şəxsin iddiaçıya məxsus sözügedən evdən qeydiyyatdan çıxarılmasından imtina etməkdə haqlı olmamışdır.

35. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

36. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X7 və X2 Gəncə şəhəri, X9 prospekti, ev 115A, mənzil 23 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar