Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3443/2024 12.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən obyektin üzərindən 35/6 kv-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6 kV-luq “2-ci şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVa TM-dən çıxan 0.4 kV-luq SİP xətləri keçən elektrik dirəklərinin götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 1574 saylı və xx.xx.2014-cü il tarixli 1478 saylı sərəncamları ilə Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən 94,5 kvm və 19.0 kvm boş torpaq sahəsində onun tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə icazə verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 08 aprel 2016-cı il tarixli 322 saylı sərəncamı ilə Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 27 avqust 2014-cü il tarixli 1478 saylı sərəncamına əsasən, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində inşa edilmiş tikinti altı sahəsi 17,4 kvm, faydalı sahəsi 13,1 kvm olan mağazanın istismara qəbul edilməsi, onun adına qeydiyyata alınması, mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. Bundan sonra, Gəncə şəhəri, A. Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən mağazada yerinə yetirilmiş işlərin keyfiyyətinin kafi hesab edilməsi və onun istismara verilməsinə icazə verilməsinə dair "tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı” qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 14 iyun 2023-cü il tarixli sərəncamı ilə əlaqədar həmin obyektlə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq niyyəti ilə iddiaçı Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. O, sənədləri portala yerləşdirildikdən sonra müvafiq aidiyyətı qurumlar obyektə baxış keçirmiş, obyekt 0.4 kV-luq ÖİN xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəyi olmuşdur. İddiaçı bildirir ki, o, obyekti tikdirən zaman elektrik dirəkləri orada mövcud olmamışdır. Həmin dirəklər qoyulan zaman hətta iddiaçı onlara etiraz etmişdir. Cavab olaraq iddiaçıya bunun heç bir problem yaratmayacağını ona bildirmişlər. İddiaçı qeyd edir ki, dirəklər o tikintini sona çatdırdığı müddətdən, hətta obyektdən istifadə etdikdən sonra qoyulmuşdur. İşin halları “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir
13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh "xxxx" ASC tərəfindən elektrik dirəklərinin götürülməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, elektrik enerjisi təchizatını həyata keçirən səhmdar cəmiyyətində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisənin rəhbərinin dövlət orqanı tərəfindən təyin olunmasına, habelə həmin müəssisənin bazarda inhisarçı statusa malik olmasına baxmayaraq, o inzibati orqan sayılmır. Həmin cəmiyyətlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. İşin hallarından görünür ki, Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış sahəsi fərdi sahibkar İddiaçı istifadəsindədir. Həmin obyektin üzərindən elektrik xətləri keçir ki, iddiaçının hazırkı hüquqi marağı həmin elektrik xətlərinin dirəklərinin cavabdeh tərəfindən götürülməsindən ibarətdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati hüquq münasibətləri tərəflər arasında yaranan ümumi (publik) hüququn nizamasalma predmetinə aid olan münasibətlərdir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq isə onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, "xxxx" ASC-yə qarşı hazırkı iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva