Məhkəmə qərarları › İş №2-1(114)-3446/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3446/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3446/2023 31.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinat alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1989-cu il tarixdə Kəlbəcər rayonun Oktyabr kəndində anadan olmuş və hal-hazırda Kəlbəcər rayonu, Daşbulaq kəndində qeydiyyatda olmaqla Göygöl rayonun Bəhrəmbəy kəndində müvəqqəti məskunlaşmışdır. İddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən AA seriyalı 216814 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı sonralar məcburi köçkün statusu olmayan X2 ilə faktiki nikaha daxil olmuşdur. İddiaçı “vahid aylıq müavinətinin bərpa edilməsinə köməklik göstərilməsi barədə” ərizə ilə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 1701 nömrəli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.4-cü maddəsinə uyğun olaraq məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və onların uşaqlarına vahid aylıq müavinət verilmir. Odur ki, iddiaçının həyat yoldaşı məcburi köçkün statusu olmadığına görə, ona verilən vahid aylıq müavinətin ödənişi təlimata uyğun olaraq dayandırılmışdır. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı “ona məcburi köçkünlər üçün aylıq müavinətin bərpa olunması və dayandırıldığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək adının vahid aylıq müavinat alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdə Kəlbəcər rayonu, Oktyabr kəndində doğulmuş və xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunda yaşamışdır. Məlum olduğu kimi 1993-cü il tarixdə erməni təcavüzkarlarının torpaqları işğal etməsi zamanı iddiaçı da ailə üzvlərilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşərək Göygöl rayonunda məskunlaşmış və hal-hazırda da Göygöl rayonu, Bəhrəmbəy kəndində müvəqqəti məskunlaşmışdır. İddiaçı, Kəlbəcər rayonundan məcburi köçkün düşdüyün üçün Qaçqınlara və Məcburi Köçkünlərə şamil edilən bütün növ güzəştlərdən istifadə edirdim. Həmçinin mənə Qaçqınlara və Məcburi Köçkünlərə məcburi köçkün statusunun verilməsinə dair AA216814 seriyalı məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı 2007-ci ildə Göygöl rayon sakini X2 ilə el adəti ilə ailə qurmuş və nikahlarını rəsmiləşdirməmişdirlər. X2 ilə birgə ailə münasibətlərindən bir oğlu vardır. Ailə münasibətləri baş tutmadığından faktiki olaraq 2009-cu il tarixdən ayrılmışlar və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(040)-262/2013 nömrəli qətnaməsi iddiaçının xeyrinə 50 manat alimentin tutulması qət edilmişdir. Sonuncu dəfə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-863/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq iddiaçının oğlu Orxanın saxlanması hər ay sabit pul məbləğində 120 manat alimentin X1 tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçıya dövlət tərəfindən verilən aylıq yemək xərci pulu 2019-cu ilin ortalarından etibarən heç bir hüquqi əsas olmadan dayandırılmışdır, Bundan sonra iddiaçı qeydiyyatda olduğu yer üzrə Kəlbəcər rayonu, Daşbulaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə, cavabdehə, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə şifahi olaraq müraciət etsədə dövlət tərəfindən verilən aylıq yemək pulu məcburi köçkün olmayan şəxslə ailə qurması əsas gətirələrək dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək onun yemək xərci pulumun bərpa edilməsini xahiş etsə də, cavabdeh xx.xx.2023-cü il tarixli 1701 nömrəli məktubla həyat yoldaşının məcburi köçkün statusu olmadığına görə iddiaçıya verilən vahid aylıq müavinətin ödənişinin müvafiq təlimata uyğun olaraq dayandırıldığını əsas gətirərək bundan imtina etmişdir. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edərək tərəfindən ödənilən vahid aylıq müavinətin-yemək xərci pulu ödənilməsinin bərpa edilməsini qanuni hesab edir. Belə ki, İddiaçının iddia ərizəsinə əlavə etdiyi Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(040)-1461/2016 nömrəli qətnaməsindən göründüyü kimi iddiaçının keçmiş həyat yoldaşı ilə ailə münasibətləri 2009-cu ildən kəsilmişdir. Həmçinin, iddiaçının rəsmi nikahı olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına XİV-ЖГ seriyalı 287548 nömrəli doğum haqqında şəhadətnamənin surəti, iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, AA seriyalı 216814 nömrəli məcburi köçkün vəsiqəsi, cavabdehin xx.xx.2023-cü il tarixli 1701 nömrəli imtinası, Cavabdeh Başçısının Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli, 118 nömrəli arayışı, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(040)-1461/2016 nömrəli qətnaməsinin surəti, elektron sistemdən çıxarış əlavə edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 5 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimat:

6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər. 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarmayan şəxslərə; 6.1.12. valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan şəxslərə 17 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat” V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”

6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər: 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara; 2 iyun 2017-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1221) ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndində “(nikahla və ya nikaha daxil olmadan),” sözlərindən sonra “həmçinin sonradan boşanmış qadınlara” sözləri əlavə edilmişdir və həmin bənddən “lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara” sözləri çıxarılmışdır. Məcburi köçkünlərə yemək xərci, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən aylıq müavinətin verilməsi və ödənilməsi ilə bağlı münasibətlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la və digər normativ aktlarla tənzimlənir. İddiaçının Kəlbəcər rayonundan məcburi köçkün olduğuna görə əvvəllər yemək xərci üçün müavinət alması, məcburi köçkün olmayan şəxslə 2009-cu il tarixədək faktiki nikah münasibətlərində olması, həmçinin hazırda məcburi köçkün statusuna malik olması işin mübahisə olunmayan hallarıdır. İddiaçı həm nikaha qədər, həm nikah, həm də nikahdan sonrakı dövründə Kəlbəcər rayonunda qeydiyyatda qalmışdır. Həm iddiaçının faktiki nikah münasibətlərində olduğu dövrdə, həm də sonrakı dövrdə qüvvədə olan və yuxarıda istinad olunan normalarda qeyd edilmişdir ki, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikah münasibətlərinə daxil olmuş şəxsə yemək xərci üçün aylıq müavinət ödənilmir. Həmin normaların məzmunundan görünür ki, məcburi köçkün qadının məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxıbçıxmamasının ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməməsinə hər hansı təsiri yoxdur. Yəni məcburi köçkün qadın məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra, onun qeydiyyat yerindən, əvvəlki qeydiyyatın saxlanılmasından, həmçinin nikahın pozulmasından asılı olmayaraq ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməsi dayandırılır. Məhkəmə nəzərə alır ki, yuxarıda istinad olunan sonuncu normalarda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinət müəyyən edilmişdir. Yuxarıda istinad olunan Qaydaların 2.4-cü bəndinə edilmiş dəyişikliyə qədər (xx.xx.2017-ci ilə qədər) mövcud olmuş redaksiyasında 2 meyara diqqət yetirmək lazımdır: 1) şəxsin məcburi köçkün olmayan şəxslə nikaha daxil olması; 2) aylıq müavinət almaq istəyən şəxsin məcburi köçkün düşdüyü işğal olunmuş rayondan əvvəlki rayon üzrə qeydiyyatdan çıxmaması. Qeyd olunan halların biri-birini tamamladığı və hər ikisinin mövcud olduğu təqdirdə, aylıq müavinət şəxsə şamil olunmur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 6-cı maddəsinə görə, məcburi köçkün statusunu almış şəxsə müəyyən edilmiş qaydada dövlətin təyin etdiyi birdəfəlik və digər yardımla bağlı təminatlar verilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı məcburi köçkün statusuna malikdir və həmin statusu itirməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdehin istinad etdiyi qaydaların heç birində məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan qadınla ailə qurmuş, həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan kişilər aylıq müavinət almayan şəxslərin sırasına daxil edilməmişdir. Halbuki, istinad edilən qaydaların tələbinə görə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlar aylıq müavinət almayan şəxslər sırasına aid edilmişdir. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh tərəfindən riayət edilməmiş və ayrıseçkiliyə yol verilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra–Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. Eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə və qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyi üçün, cavabdehin mübahisə olunan hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmadığından Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, iddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət ödənilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"da kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş qadınlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi normalar, göründüyü kimi onun hüquqi vəziyyətini yaxşılaşdırmır, əksinə, pisləşdirir və bu səbəbdən də, geriyə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar