Məhkəmə qərarları › İş №2-1(114)-345/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-345/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-345/2024 18.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli A-İ 003978 nömrəli diploma əsasən İddiaçı 1975-ci ildə Y.Məmmədəliyev adına X7 İnstitutuna daxil olmuş və 1980-ci ildə biokimya-əlavə kimya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının xx.xx.1980-ci il tarixli qərarı ilə ona orta məktəbdə biokimya-əlavə kimya müəllimi ixtisası verilmişdir.

3. İddiaçıya məxsus xx.xx.1997-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1980ci il tarixdən xx.xx.1995-ci il tarixədək Aşağı Quşçu kənd orta məktəbində müəllim, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Aşağı Quşçu kənd orta məktəbində tərbiyəçi-müəllim, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X10 Tinglik sahəsində mütəxəssis, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X13 Stansiyasında kiçik elmi işçi vəzifəsində işləmişdir.

4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin X1 xx.xx.2021-ci il tarixli 01 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixli 3 nömrəli əmrlə X3 kiçik elmi işçi kimi işə qəbul edilmiş, 01 sentyabr 2009-cu il tarixli 26 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşlədiyi dövr ərzində 2005-ci ilin 12 ayı, 2006-cı ilin 8 ayı, 2007-ci ilin 12 ayı, 2008-ci ilin 12 ayı, 2009-cu ilin 9 ayı əmək haqqı almışdır.

5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli imtina cavabı ilə ona bildirmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil dövrü nəzərə alınmaqla) 21 il 8 ay 4 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2006-cı il tarixindən xx.xx.2009cu il tarixinədək X2 (təqdim etdiyi X1 xx.xx.2021-ci il tarixli arayışına əsasən) olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X4 İnstitutu publik hüquqi şəxsin X1 xx.xx.2023-cü il tarixli 20 nömrəli cavab məktubunda bildirilmişdir ki, DSMF-na hesabatların təqdim edilməsi ilə bağlı müraciət olunmuşdur və bunun əsasında 2006-2011-ci illər üzrə DSMF hesabatların təqdim edilmədiyi müəyyən edilmişdir. Büdcədən maliyyələşən təşkilat olduqları üçün bütün ödənişlər DSMF-na Tovuz rayon maliyyə idarəsi tərəfindən büdcə təsnifat kodu 212100 hesabından ödənilmişdir.

7. X4 İnstitutu publik hüquqi şəxsin X1 əmək haqqı hesabatı cədvəlləri ilə müəyyən olunur ki, 2009-cu ilin sentyabr, avqust, iyul, iyun, may, aprel, mart, fevral, yanvar, 2008-ci ilin dekabr, noyabr, oktyabr, sentyabr, avqust, iyul, iyun, may, aprel, mart, fevral, yanvar ayları, 2007-ci ilin dekabr, noyabr, oktyabr, sentyabr, avqust, iyul, iyun, may, aprel, mart, fevral, yanvar ayları, 2006-cı ilin dekabr, noyabr, oktyabr, sentyabr, avqust, iyul, iyun, yanvar ayları üzrə İddiaçı əmək haqqı ödənilmiş və əmək haqqından mdss ödənişi ayrılmışdır.

8. X4 İnstitutu publik hüquqi şəxsin X1 xx.xx.2005-ci il tarixli 5§3 nömrəli əmrlə Stansiyaya kiçik elmi işçi təyin edilmiş, xx.xx.2009-cu il tarixli 26 nömrəli əmrlə işdən azad edilmişdir.

9. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial təərfindən Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filiala ünvanlanmış xx.xx.2024-cü il tarixli xidməti məktubda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-ci il tarixdən başlayaraq aparıldığından 2006-cı ildən əvvəlki dövrlər üzrə məlumatların təqdim edilməsi mümkün deyildir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEiS) "Sığorta” (Hesabat) altsistemində sığortaedən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin X1 (bundan sonra - Təcrübə Stansiyası) (SUN: **********4) 2006-2009-cu illər üzrə 0111 fəaliyyət növünün kodu üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı məlumatları əks olunmamışdır. Köhnə proqram təminatlarına və sığortaedənin iş qovluğuna əsasən Təcrübə Stansiyasının digər fəaliyyət növünün kodu ilə 2006-2009-cu illər üçün "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar"ına (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ının (Forma B3) (bundan sonra- Forma B3) təqdim edilmədiyi müəyyən edilmişdir. Həmin dövrdə qüvvədə olan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında həmin Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddatdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Əlavə olaraq, Təcrübə Stansiyasının 2006-2009-cu illər üzrə Forma B3 məlumatlarının və hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı və digər sığortaolunanların fərdi şəxsi hesablarında əks olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 2022-ci il 26 oktyabr tarixli **********4 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2.11-5.2.13-cü maddələrinin tələblərinə uyğun olaraq fərdi uçot sahəsində sağlamlaşdırma işlərinin başa çatdırılması haqqında“Tədbirlər Planı”nın 3.2-ci bəndinə əsasən həmin dövrlərdə əmək fəaliyyətli olmuş sığortaolunanların əmək kitabçaları, əmək haqqı cədvəlləri, bankdan əmək haqqininverilməsi barədə çıxarışlar və həqiqiliyi şübhə doğurmayan digər təsdiqedici sənədlərləbirlikdə Filiala təqdim edilməsi ilə bağlı Nazirlik tərəfindən xx.xx.2023-cü il tarixli 3-17/2-8140/2023, Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-264659/2023 nömrəli məktublarla izahat verilməsinə baxmayaraq cari tarixədək müvafiq sənədlər Təcrübə Stansiyası tərəfindən tam və düzgün formada təqdim olunmamışdir. Vətəndaş məmnunluğunun təmin edilməsi ilə əlaqədar lazımi sənədlərin mümkün qısa müddət ərzində Filiala təqdim edilməsi ilə bağlı sığortaedənin səlahiyyətli nümayəndəsi Rüstəm Bayramov (baş mühasib, əlaqə nömrəsi: ***-***-**-**) ilə işçi qaydada əlaqə saxlanılaraq yenidən məlumat verilmişdir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ərizə ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X2 kiçik elmi işçi vəzifəsində işlədiyi illərin onun sosial sığorta stajına aid edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2009cu il tarixədək X2 kiçik elmi kimi işləmişdir. Həmin müəssisədə işləməyi barədə ona müvafiq arayış təqdim edilib. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Oradan ona rəsmi olaraq bildirilib ki, onun X2 işlədiyi dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bunu əsas götürərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həmin illərin onun əmək stajına hesablanmasının mümkün olmadığı qeyd olunmuşdur. Bununla onun yaşa görə əmək pensiyası təminatı almaq hüququ pozulub. Ona 220 manat məbləğində yaşa görə müavinət təyin edilib.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X2 kiçik elmiş işçi vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X4 İnstitutu publik hüquqi şəxsin X8 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı gəlməmiş, üçüncü şəxslər isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır.

24. Cavabdehin nümayəndəsi X11 iddiaya etiraz edərək, etirazda göstərilənləri müdafiə etdiyini bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir.

25. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi; - İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli A-İ 003978 nömrəli diplom; - İddiaçıya məxsus xx.xx.1997-ci il tarixli əmək kitabçası; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X4 İnstitutu publik hüquqi şəxsin X1 xx.xx.2021-ci il tarixli 01 nömrəli arayışı; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X4 İnstitutu publik hüquqi şəxsin X1 xx.xx.2021-ci il tarixli 03 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınaın xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X4 İnstitutu publik hüquqi şəxsin X5 xx.xx.2023-cü il tarixli 20 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Əmək haqqı cədvəlləri. - İddiaçının pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək X2 (təqdim etdiyi X1 xx.xx.2021-ci il tarixli arayışına əsasən) olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmadığını qeyd edərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə xx.xx.2023-cü il tarixli imtina məktubu göndərmişdir.

29. Cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, “Sığorta” (Hesabat) altsistemində sığortaedən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin X1 2006-2009-cu illər üzrə 0111 fəaliyyət növünün kodu üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı məlumatları əks olunmamışdır.

30. Məhkəmə cavabdeh orqanın imtina əsaslarını nəzərə alaraq, cavabdehin dəlilinə qiymət verməklə, aşağıdakılara görə onun mövqeyini əsassız hesab edir.

31. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

34. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

35. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

37. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

38. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

39. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması da iş materialları ilə öz təsdiqini tapır.

40. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1980-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Aşağı Quşçu kənd orta məktəbində müəllim, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Aşağı Quşçu kənd orta məktəbində tərbiyəçi-müəllim, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X10 Tinglik sahəsində mütəxəssis, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X13 Stansiyasında kiçik elmi işçi vəzifəsində işləməsi qeyd edilmişdir.

41. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Y.Məmmədəliyev adına X7 İnstitutunda biokimya əlavə kimya ixtisası üzrə təhsil aldığı müddət də daxil olmaqla, onun cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 21 il 8 ay 4 gün təşkil edir.

42. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X13 Stansiyasında kiçik elmi işçi vəzifəsində işlədiyi müddəti onun xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və “Sığorta” (Hesabat) altsistemində sığortaedən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin X1 2006-2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı məlumatlarının əks olunmaması əsası ilə mübahisələndirmişdir.

43. Cavabdehin nümayəndəsi əvvəlki iclas zamanı verdiyi izahatında bildirmişdir ki, X8 tərəfindən 2006-2011-ci illər üzrə məcburi dövlət sosial haqqı üzrə rüblük hesabatlar təqdim edilsə də, illik hesabatlar təqdim edilmədiyindən iddiaçının həmin Stansiyada işlədiyi dövrdə ödədiyi məcburi dövlət sosial sığorta haqları onun fərdi şəxsi hesabında qeyd edilməmişdir. Fərdi uçot sahəsində sağlamlaşdırma işlərinin başa çatdırılması haqqında Tədbirlər Planına uyğun olaraq hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesabında əks olunması üçün X8 tərəfindən sənədlər tam şəkildə Fondun Sosial Sığorta və X12 təqdim edilmədiyindən məlumatların dürüstləşdirilməsi başa çatdırılmamışdır.

44. İddiaçı da əvvəlki iclas zamanı X8 tərəfindən illik və ya rüblük hesabatların DSMF-yə təqdim edilməməsinin onun günahı ucbatından olmadığını, onun Stansiyanın fəaliyyətinə, yəni işçilərin əmək haqqından məcburi dövlət sosial sığorta haqlarını ödəyibödəməməsinə nəzarət etmək kimi səlahiyyətinin olmadığını, onun Stansiyada işlədiyi dövrdə əmək haqqı aldığını və ondan sosial sığorta ödənişlərinin tutulduğunu və onun bu məsələdə yanızca Stansiyadan əmək haqqı cədvəllərini almaq imkanına malik olmuş və onları məhkəməyə təqdim etdiyini, hazırda da onun dürüstləşdirmə işləri aparmaq üçün X3 təsir etmək imkanına malik olmadığını bildirmişdir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

46. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək X2 işlədiyi müddətə dair sosial sığorta stajı onun əmək kitabçası ilə təsdiq edilir. Həmin kitabçanın mötəbərliyini şübhə altına alan əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir.

47. Qanunvericiliyə görə, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə sosial sığorta stajı isə sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İşin müəyyən edilmiş hallarına görə, X8 tərəfindən 2006-2011-ci illər üzrə məcburi dövlət sosial haqqı üzrə rüblük hesabatlar təqdim edilsə də, sığortaolunanlara dair illik hesabatlar təqdim edilmədiyindən iddiaçının həmin Stansiyada işlədiyi dövrdə ödədiyi məcburi dövlət sosial sığorta haqları onun fərdi şəxsi hesabında qeyd edilməmişdir.

48. Lakin bununla yanaşı X4 İnstitutu publik hüquqi şəxsin X1 əmək haqqı hesabatı cədvəlləri ilə müəyyən olunur ki, 2009-cu ilin sentyabr, avqust, iyul, iyun, may, aprel, mart, fevral, yanvar, 2008-ci ilin dekabr, noyabr, oktyabr, sentyabr, avqust, iyul, iyun, may, aprel, mart, fevral, yanvar ayları, 2007-ci ilin dekabr, noyabr, oktyabr, sentyabr, avqust, iyul, iyun, may, aprel, mart, fevral, yanvar ayları, 2006-cı ilin dekabr, noyabr, oktyabr, sentyabr, avqust, iyul, iyun, yanvar ayları üzrə İddiaçı əmək haqqı ödənilmiş və əmək haqqından mdss ödənişi ayrılmışdır.

49. Məhkəmə qeyd edir ki, şəxsə əmək haqqı ödənilən zaman tutulmuş məcburi sosial sığorta haqları “Bölüşdürülməmiş” hesablar bölməsinə daxil olur və sığortaedən tərəfindən təqdim olunmuş hesabatlar əsasında cavabdeh tərəfindən konkret şəxslərin fərdi şəxsi hesabına yerləşdirilir.

50. Yəni iddiaçıya münasibətdə ödənilmiş məcburi sosial sığorta haqqının onun fərdi şəxsi hesabında əksini tapmaması sığortaedənin – hazırkı halda X1 vəzifə və səlahiyyətinə aid olmuşdur. Ona görə də, bu hal iddiaçının təqsirkar davranışına və məsuliyyət sferasına aid edilə, bunun üzərindən həmin illərin onun əmək stajına hesablanmasından imtina üçün əsas ola bilməz.

51. Başqa sözlə, X1 həmin məsələyə məsul şəxslərinin səhvi iddiaçının sosial təminat hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir.

52. Göründüyü kimi, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr 4 il 7 ay 24 gün (xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi illər) təşkil edir və həmin müddət yuxarıda qeyd edilənlərə əsasən onun sosial sığorta stajına daxil edilməlidir.

53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil müddəti daxil olmaqla mübahisələndirilməyən əmək fəaliyyəti dövrü (21 il 8 ay 4 gün), mübahisələndirilən əmək fəaliyyəti dövrü (4 il 7 ay 24 gün), cəmi 26 il 3 ay 28 gün təşkil etməsi nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni həm 25 il sığorta stajı və həm də yaş həddi ilə bağlı şərtlərin mövcudluğu müəyyən olunur.

54. Buna görə də iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:

57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X2 işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar