Məhkəmə qərarları › İş №2-1(114)-3459/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3459/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3459/2023 26.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi və pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarın ləğv edilməsi və pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixə toplanmış sığorta kapitalına əsasən pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya xx.xx.2000-ci il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq əlavə edilməsini xahiş etmişdir.

3. Əmək pensiyasının yenidən hesablanmasınadək iddiaçının pensiya məbləği 586,67 manat (sığorta hissəsi 243,30 manat, qulluq stajına əlavələr 343,37 manat) məbləğində təşkil etmişdir.

4. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 586,67 manat (sığorta hissəsi 385,32 manat, qulluq stajına əlavələr 201,35 manat) məbləğində müəyyən edilmişdir.

5. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ona vaxtilə sonuncu xidmət keçdiyi orqan tərəfindən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 586,67 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 343,37 manat. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasının yenidən hesablanması ilə bağlı 29 mart 2022-ci il tarixindəki müraciəti ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14912,17 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 -ci və 29.2-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə əmək pensiyasının sığorta hissəsi 385,32 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 201,35 manat təşkil edib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunub. Buna görə də, topladığı pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X1 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün deyil. Əmək pensiyasının müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olduğu təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 645,34 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 740,20 manata artırılaraq ödənilir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 37.3.2-1. maddəsinə uyğun (Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir) xx.xx.2023-cü il tarixli müracətinə əsasən aldığı 740,20 manat pensiya məbləğinin üzərinə fərdi hesabında xx.xx.2023-cü il tarixədək yığılan 18889,43 pensiya kapitalı :92=205,31 manat əlavə etməklə pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasına çıxmışdır. Eyni zamanda mülki sahədə əmək fəaliyyəti davam edir, bu gün də işləyir. xx.xx.2022-ci il tarixədək pensiyasının aylıq məbləği 586,67 manat təşkil edirdi. Fərdi hesabında yığılmış pensiya kapitalından yararlanmaq məqsədi ilə 29 mart 2022-ci tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. O zaman fərdi hesabında 14912,17 pensiya kapitalı var idi. Hesab edirdi ki, Qanunun 37.3.1-ci və 45-ci maddələri tətbiq edilməklə aldığı 586,67 manat pensiya məbləğinin üzərinə 14912,17 pensiya kapitalı: 105=142,02 manat əlavə ediləcəkdir. Lakin cavabdeh müxtəlif kombinasiyalar tətbiq etməklə pensiyasında artım olmağa imkan vermədi. Bəhanə kimi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsini əsas göstərdi. Yəni pensiya məbləğini şərti olaraq pensiyanın sığorta və qulluq stajına görə əlavələrə bölüb, daxildə pensiyanın sığorta hissəsini şərti olaraq artırır, qulluq stajına görə əlavəni isə bir o qədər azaldır. Nəticədə pensiyanın ümumi məbləği bir qəpik də olsa nə artır, nə də ki, azalır. 1 yanvar 2023-cü il tarixindən Qanunun 29.2-ci maddəsi ləğv edildiyindən xeyrinə yararlanmaq məqsədi ilə yenidən cavabdehə müraciət etmişdir ki, fərdi hesabında olan kapitalına əsasən pensiyası yenidən hesablansın. Bu zaman aldığı cavab onu çox heyrətləndirdi, guya o mart 2022-ci il tarixdə müracət edərkən xx.xx.2022-ci il tarixə qədər olan pensiya kapitalından istifadə etmiş, yararlanmışdır. O zaman pensiya kapitalından istifadə etmiş sayıla bilər ki, onun pensiyasının məbləğində cüzi də olsa fərq (artma və ya azalma) yarana idi. Cavabdeh hər il ölkə üzrə baş vermiş istehlak qiymətləri indeksinin illik səviyyəsində baş vermiş dəyişikliklə 20-ci maddəyə görə əmək pensiyası alanların pensiyalarının yenidən hesablanması məfhumunu bilərəkdən səhv salır. Cavabdeh inzibati orqan tərəfindən imtina edilərkən isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə istinad edilmişdir. Halbuki, həmin maddi hüquq normasından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun artırıldıqda və ya yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının yenidən hesablanmasından imtina edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə istinad edilməsi düzgün olmamışdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

10. Hazırkı iddia İPM-in həm 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə, həm də 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növlərinə aiddir. Belə ki, iddiaçının pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixə toplanmış sığorta kapitalına əsasən pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması, yalnız iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğvi ilə mümkündür. Yəni, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün əvvəlcə yenidən hesablama barədə qərar ləğv edilməlidir.

11. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).

12. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə (30 günlük) riayət edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarın iddiaçıya rəsmi qaydada göndərilməsini təsdiq edən sübut növü cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya əmək pensiyasının yenidən hesablanması barədə məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli məktub təqdim etsə də, həmin məktubun iddiaçıya çatdırılmasını (onun tərəfindən rəsmi qaydada alınmasını) təsdiq edən sübut mövcud deyildir. Bunun nəticəsidir ki, iddiaçı yenidən hesablama ilə bağlı xx.xx.2023-cü il tarixdən yenidən cavabdeh orqana müraciət etmiş və onun müraciətinin təmin edilməsindən imtina ilə bağlı ona xx.xx.2023-cü il tarixli məktub verilmişdir. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın mübahisələndirmə və məcburetmə haqqında iddia növlərinə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarın ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınan pensiya kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.5-ci bəndinə əsasən İddiaçı əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada hesablanmış, sonrakı artımlar nəzərə alınmaqla 586,67 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 343,37 manat. İddiaçıya xx.xx.2000-ci il tarixdə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işləmiş və həmin müddətdə fərdi hesabının sığorta hissəsində 14912,17 manat pensiya sığorta kapitalı qeydə alınıb. Həmin məbləğ nəzərə alınmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 37.3.1, 29.2 və 45-ci maddələrinə, "Əmək pensiyaları haqqında" Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli müvafiq Qərarına və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 65.1,65.3.3-cü və 65.3.4-cü maddələrinin tələblərinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Həmin hesablama nəticəsində: əmək pensiyasının sığorta hissəsi - 385,32 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 201,35 manat təşkil etmişdir. Eyni zamanda bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən 6 işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2023-cü tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı pensiyası həmin tarixdən etibarən 645,34 manat təşkil edir. Həmçinin, xx.xx.2023-cü il tarixdən sözügedən Qanununun 29-cu maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsi illik artım tempinə münasibətdə indeksləşdirilərək 740,20 manat təşkil etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı iddia ərizəsində göstərdiyi hallar qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Buna də, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi təmin edilməməlidir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elekton İnformasiya Sisteminin iş yerinə dair arayışı (əmək haqqı göstərilməklə); - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti; - Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli **********2 nömrəli qərar; - Cavabdeh orqanın xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli məktubları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xidmət illərinə görə xx.xx.2000-ci il tarixdə pensiya təyin edilmişdir. İddiaçı həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında müraciət etdiyi 14912,17 manat pensiya kapitalı yığmışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərara əsasən iddiaçıya güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış, hesablamaya qədər pensiya məbləği 586,67 manat (sığorta hissəsi 243,30 manat+qulluq əlavəsi 343,37 manat) olmuş, hesablamadan sonra yenə də 586,67 manat (sığorta hissəsi 385,32 manat+qulluq əlavəsi 201,35 manat) təşkil etmişdir.

25. İddiaçının isə hüquqi marağı mahiyyət etibarı ilə ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında qulluq stajına əlavələrin azaldılmamaqla pensiyanın yenidən hesablanmasından ibarətdir.

26. Göründüyü kimi, hazırkı mübahisə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2, 37.3.1, 45-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2019cu il tarixədək qüvvədə olan redaksiyasında deyilir ki: Maddə 29.2. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyasçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.

28. İddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

29. İşin faktiki hallarına əsasən də, iddiaçıya xx.xx.2000-ci il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığmışdır.

30. Belə olan halda, iddiaçının xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı idi.

31. Belə ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz.

32. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən normalara əsasən cavabdeh orqanın iddiaçının pensiyanın yenidən hesablanması barədə qərarı qanunsuz olmuş və iddiaçının qanunla qorunan sosial təminat hüquqlarını pozmuşdur.

33. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərar ləğv edilsin və onun pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar