Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-346/2022 22.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı cavabdehin 04.08.2021-ci il tarixli, 229 nömrəli qərarının ləğv edilərək təkrar müayinə olunması və şəhadətnamələndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı 01.12.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qərarının ləğvi, təkrar komissiya tərəfindən müayinə və müalicə olunaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 04.02.2022-ci il tarixdə ərizə təqdim edərək ötürülmüş prossessual müddətin bərpa olunmasını və iddia tələbini dəqiqləşdirərək cavabdehin 04.08.2021-ci il tarixli, 229 nömrəli qərarının ləğv edilərək təkrar müayinə olunması və şəhadətnamələndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 18.02.2022-ci il tarixli protokol qərardadı ilə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə inzibati icraata qəbul edilmişdir. Məhkəmənin 18.02.2022-ci il tarixli qərardadı ilə iddia qaldırmaq üçün ötürülmüş prosessual müddət bərpa edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 24.N.1994-cü il tarixdə Səfərbərliklə əlaqədar olaraq, Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən çağrılaraq, 861/171 saylı hərbi hissənin tərkibinə təkrar hərbi xidmətə göndərilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Gədəbəy rayonunun Başkənd kəndinin erməni quldur dəstələrindən alınmasında 02.08.1992-ci ildən 08.08.1992-ci il tarixədək iştirak etmişdir. Döyüş zamanı Artilleriya batareyasının tərkibində qrad qurğularının işlədilməsində iştirak etdiyi zaman 2 dəfə pis hava şəraitində; ayağının sürüşməsi nəticəsində arxası üstə yıxılaraq baş-beyin və kürək nahiyyasindən travmalar almışdır. 1992-ci ilin oktyabr-noyabr aylarında Gədəbəy rayonunun Qaravəllər kəndinin adsız yüksəkliklərinin alınmasında döyüşə girmək ücün qayıdan zaman pis hava şəraitində ayağı sulu otun üstündə sürüşdüyünə görə təxminən 35-40 metr dərəyə tərəf yuvarlanmış, yenə də arxası üstünə yıxılmış və təkrar baş-beyin və kürək, sol ayağından travma almışdır. Həmin vaxt təxminən 6-7 kilometr piyada kəndin kənarınadək gəlib maşına minib hərbi hissənin tibb məntəqəsinə gəlmiş, lakin tibb məntəqəsində həkimlər heç də öz işlərinə ciddi yanaşmamışlar. Komandirin icazəsi ilə evə 3 gün dincəlməyə gəldikdə ağrılara dözə bilmədiyi üçün ayağını rentgenə saldırmış, məlum olmuşdur ki, sol ayağı topuqdan çıxıb və ayağında olan hər iki damar zədələnərək partlayıb. N gündən sonra gəlib, hərbi hissənin tibb məntəqəsinin həkiminə rentgen çəkilişini təqdim etmiş, lakin həkimlər yenə də öz işinə laqeyd yanaşmışlar. 1994-ci ilin aprel ayı ərzində yenə də təkrar xidmət zamanı travma aldıqda müayinə və müalicə almaq üçün hərbi hissənin tibb məntəqəsinə yerləşdirilmiş, 05.05.1994-cü ilədək müalicə aldığına baxmayaraq heç bir nəticəsi olmamışdır. Buna görə də o N saylı hərbi hospitala müalicə və müayinə olunmaq üçün göndərilmiş, N saylı hərbi hissədə 05.05.1994-cü ildən N.05.1994-cü ilədək tibbi komissiyadan keçib, ona sağ baldırının daha çox ağrıdığına və çox şiş olduğuna görə ona sağ budun əzilməsindən sonra sağ aşağı ətraf funksiyasının müvəqqəti olaraq nəzərə çarpmayan dərəcədə pozulması, qapalı baş-beyin travmasının qalıq əlamətləri diaqnozu qoyularaq N.05.1994-cü il tarixli 458 saylı arayış verilmişdir. N saylı hərbi hospitalın ona verdiyi arayışda göstərilən diaqnozu özlərinin əsas kitablarında qeyd etməmişlər. Bunu o SHXÇDX-nin Şəmkir rayon şöbəsinə müraciətilə əlaqədar N saylı hərbi hissədən alınan cavabdan sonra bilmişdir. SHXÇDX-nin Şəmkir rayon şöbəsi barəsində toplanmış sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim etdiyinə görə onu tibbi komissiyaya çağırmışlar. O həm ağrıdığına və imkan dərdindən, həm də pandemiya ilə əlaqədar olaraq yalnız 04.08.2021-ci il tarixdə MN-nin MHHK-na gedə bilmişdir. Təqdim etdirdiyi sənədlərə baxış keçirib heç bir müayinəyə etmədən N saylı hərbi hissənin N.05.1994-cü il tarixli 39 saylı protokoluna əsasən qərar qəbul etmişlər. Komissiyaya təkrar tibbi komissiyadan keçirib müayinə və müalicə olunmağı və sonra qərar vermələrini xahiş etsə də əhəmiyyət verməyərək həmin qərarı təsdiq etmişlər. Yaşa dolduqca həmin travmaların əziyyətini çəkir, getdikcə xəstəliyi artır. Belə ki, yaddaşı getdikcə itir, yol gedəndə, danışanda, əsibiləşdikdə, görmə qabiliyyətində zəifləmələr artır, başının artıq nəinki, arxa tərəfində, eləcə də bütün hissəsində möhkəm ağrılar, qaşınmalar, huşunun itməsi, bel nahiyəsində getdikcə əyilmələr artır. Onun bir neçə il əvvəl baş nahiyyəsindən başqa kürək nahiyyəsindən möhkəm ağrılar başlayanda xəstəxananın terapevt-həkiminə müraciət etmiş və aşkar olunmuşdur ki, onurğa seksiyasının biri travma zamanı yerindən oynayıb, kürəyindəki qabırğalarının ara məsafəsi aralanıb. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin 2026 nömrəli, 27.12.2021-ci il tarixli etiraz məktubunda qeyd olunmuşdur ki, Şəmkir RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı Talib oğlunun döyüş zonasında hərbi xidmət keçərkən aldığı 05.05.1994-cü ildən N.05.1994-cü N kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu “Sağ budun əzilməsindən sonra sağ aşağı ətraf funksiyasının müvəqqəti olaraq nəzərə çarpmayan dərəcədə pozulması” diaqnozu ilə olan xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK-sı tərəfindən 04.08.2021-ci il tarixdə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndinə əsasən “Hərbi Travmadır, Azərbaycan Espublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın N-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı, hərbi tibb müəssisəsidir. MN HHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə asən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, N saylı hərbi hissənin qarnizon hərbi həkim komissiyasının N.05.1994-cü il tarixli 458 saylı yaralanma haqqında arayışında Abbasovun aldığı xəsarətin diaqnozu “Sağ budun əzilməsindən sonra sağ aşağı ətraf funksiyasının müvəqqəti olaraq nəzərə çarpmayan dərəcədə pozulması. Qapalı baş beyin travmasının qalıq əlamətləri” kimi göstərilsə də N saylı hərbi hissənin, 1994-cü üçün qeydə alınmış “Qarnizon hərbi həkim komissiyasının protokollarının qeydiyyat kitabı’ndan çıxarışda onun diaqnozu “Sağ budun əzilməsindən sonra sağ aşağı ətraf funksiyasının müvəqqəti olaraq nəzərə çarpmayan dərəcədə pozulması” kimi göstərilmişdir. Bu səbəbdən də MN MHHK-nın İddiaçı barədə yuxarıda qeyd olunan qərarında “Qapalı baş beyin travmasınm qalıq əlamətləri” diaqnozu göstərilməmişdir. İddiaçı iddia etdiyi “Qapalı baş beyin travmasının qalıq əlamətləri” diaqnozu ilə olan xəsarətin səbəb əlaqəsinin təyin edilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Belə ki, xəsarət, travma,xəstəlik, əlillik və bunların arsındakı səbəb-əlaqə məsələləri hüquqi deyil, sırf tibbi kateqoriyalardır və tibbi meyarlarla müəyyən edilir. Qeyd olunanlara görə iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına 230 sayl hərbi hospitalın N.05.1994-cü il tarixli, 458 saylı arayışının tədiqlənmiş kserosurəti, N saylı hərbi hissənin 1994-cü il üçün qeydə alınmış “Qarnizon Hərbi Həkim Komisiyasının protokollarının qeydiyyat kitabı”ndan çıxarış, cavabdehin 229 nömrəli, 04.08.2021-ci il tarixli qərarı, cavabdehin 2026 nömrəli, 27.12.2021-ci il tarixli etiraz məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. N saylı hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyasının N.05.1994-cü il tarixli, 458 saylı yaralanma haqqında arayışından görünür ki, İddiaçı “Sağ budun əzilməsindən sonra sağ aşağı ətraf funksiyasının müvəqqəti olaraq nəzərə çarpmayan dərəcədə pozulması. Qapalı baş beyin travmasının qalıq əlamətləri” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş 16.N.2020-ci il tarixli, 67 nömrəli Arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü, istefada olan kiçik leytenanat İddiaçı 19.04.1981-ci il tarixdən 25.05.1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində 24.12.1991-ci il tarixdən 20.05.1994-cü il tarxədək isə N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 01.02.2003-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsində hərbi qeydiyyata alınmış, ehtiyatda olmağı son yaş həddinə çatdığı üçün hərbi vəzifələlilərin qeydiyyatından çıxarılmışdır. Cavabdehin 229 nömrəli, 04.08.2021-ci il tarixli qərarından görünür ki, Şəmkir RHK tərəfindən 1991-ci ildə hərbi xidmtə Şəmkir RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı Talıb oğlunun (sözügedən qərardad iddiaçının ata adı texniki səhv olaraq səhv qeyd olunmuşdur) döyüş zonasında hərbi xidmət keçərkən aldığı və 05.05.1994-cü ildən N.05.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Sağ budun əzilməsindən sonra sağ aşağı ətraf funksiyasının müvəqqəti olaraq nəzərə çarpmayan dərəcədə pozulması (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin 16.N.2020-ci il tarixli, 1626 nömrəli göndərişi, 16.N.2020-ci il tarixli 67 nömrəli arayışı, N nömrəli hərbi hissənin qarnizon hərbi həkim komissiyasının protokollarının qeydiyyat kitabından N.05.1994-cü il tarixli çıxarış, MN MHHHk-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasıının Müdafiəsi zamanı alınmışdır”. N saylı hərbi hissənin 1994-cü il üçün qeydə alınmış “Qarnizon Hərbi Həkim Komisiyasının protokollarının qeydiyyat kitabı”ndan çıxarışın 3-cü səhifə, 683 nömrəli qeydindən görünür ki, İddiaçı diaqnozu “Sağ budun əzilməsindən sonra sağ aşağı ətraf funksiyasının müvəqqəti olaraq nəzərə çarpmayan dərəcədə pozulması” kimi qeyd olunuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: Bənd 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür. Bənd 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. Zabitlərdə, gizirlərdə, miçmanlarda və Dövlət Sərhəd Xidmətinin müddətdən artıq xidmət keçən çavuşlarında «Xəstəliklər cədvəli» üzrə hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə fərdi qiymətləndirməni nəzərdə tutan xəstəliklər olduqda, yararlılıq kateqoriyası haqqında qərar şəhadətləndirilənlərin ixtisası, tutduğu vəzifə, hərbi-uçot ixtisası, yaxud təyin ediləcəyi nəzərdə tutulmuş vəzifə və hərbi uçot ixtisası üzrə xidmət təcrübəsi, sağlamlıq vəziyyəti, komandanlığın və hərbi-hissə həkiminin bu hərbi qulluqçunun hərbi xidmət, hərbi-uçot ixtisası üzrə xidməti vəzifələrini icraetmə qabiliyyəti barədə xidməti və tibbi xasiyyətnamələrdəki rəyləri nəzərə alınmaqla çıxarılır. Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. [32] Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; ... əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; Bənd 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, 230 sayl hərbi hospitalın N.05.1994-cü il tarixli, 458 saylı arayışında iddiaçının 05.05.1994-cü il tarixdə “Sağ budun əzilməsindən sonra sağ aşağı ətraf funksiyasının müvəqqəti olaraq nəzərə çarpmayan dərəcədə pozulması. Qapalı baş beyin travmasının qalıq əlamətləri” üzrə müalicə olunduğu halda, cavabdeh N saylı hərbi hissənin 1994-cü il üçün qeydə alınmış “Qarnizon Hərbi Həkim Komisiyasının protokollarının qeydiyyat kitabı”ndan çıxarışda iddiaçının “Sağ budun əzilməsindən sonra sağ aşağı ətraf funksiyasının müvəqqəti olaraq nəzərə çarpmayan dərəcədə pozulması”ndan müalicə olunması qeyd olunduğunu əsas gətirərək əlavə olaraq onun “Qapalı baş beyin travmasının qalıq əlamətləri” ilə əlaqədar müayinəsini aparmamışdır. Halbuki, protokollarının qeydiyyat kitabına qeydlər sözügedən arayış əsasında qeydə alınmışdır ki, həmin sənəd də ilkin sübut olmuşdur. Göründüyü kimi, cavabdeh qanunazidd hərəkətə yol vermədiyini, “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmadığını iddia etsə də, yuxarıda sadalanan hallar cavabdehin inzibati icraatın aparılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmədiyini təsdiq edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 04.08.2021-ci il tarixli, 229 nömrəli qərarı ləğv edilsin. İddiaçı təkrar müayinə olunması və şəhadətnamələndirilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-346/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-346/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver