Məhkəmə qərarları › İş №2-1(114)-3461/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3461/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3461/2022 15.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinə qarşı “Naz Lifan LF64330SUV” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: **-ER-*** dövlət qeydiyyat nişanlı “NAZ LİFAN LF 6430” markalı minik avtomobili Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-1405/2018 icra vərəqəsi və Şamaxı rayon İcra və Probasiya şöbəsinin 1356/4 nömrəli xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilən hərracda 3.500 manata İddiaçı (bundan sonra - iddiaçı) satılmış, avtomobilin satılması xx.xx.2021-ci il, 50/03 nömrəli Hərracın nəticələri barədə Protokolla rəsmiləşdirilmişdir. Şamaxı rayon İcra və probasiya şöbəsi tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-1405/2018 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə X1 məxsus **-ER-*** dövlət qeydiyyat nişanlı “NAZ LİFAN LF 6430” markalı minik avtomobili alıcı İddiaçı adına rəsmiləşdirilməsi barədə xx.xx.2021-ci ildə Baş X4 İdarəsinə məktub ünvanlamışdır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə (bundan sonra - cavabdeh) müraciət edərək, **-ER-*** dövlət qeydiyyat nişanlı “NAZ LİFAN LF 6430” markalı minik avtomobilin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 016-89796Q-3221 saylı məktubunda bildirmişdir ki, avtomobillə yol hərəkəti sahəsində inzibati xətanın törədilməsinə görə əvvəlki istifadəçi barəsində tətbiq edilmiş cərimələrin ödənilməməsi səbəbindən həmin avtomobilin qeydiyyata alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli Qərarının tətbiqinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə maraqlı olan şəxs müvafiq əqd bağlamazdan və nəqliyyat vasitəsini müayinədən keçirməzdən əvvəl onu ərizə ilə birlikdə təqdim etməlidir. Nəqliyyat vasitəsinin bu və ya digər səbəbdən axtarışda olması barədə məlumat olduqda həmin nəqliyyat vasitəsi saxlanmalıdır. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, “Naz Lifan LF64330SUV” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən cərimələrin silinməsi və adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia “Naz Lifan LF64330SUV” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən cərimələrin silinməsi hissəsindı mümkün sayılmamışdır. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1405/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Şamaxı rayon İcra və Probasiya şöbəsinin 1356/4 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən Hərrac Təşkilatının hərracın yekunlaşdırılması barədə 50\03 nömrəli 10 iyun 2021-ci il tarixli protokoluna dair hərracın qalibi olaraq X1 məxsus «Naz Lifan LF64330SUV» markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 3500 manat ödəməklə iddiaçı əldə etmişdir. «Naz Lifan LF64330SUV» markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili adına rəsmiləşdirmək üçün iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh təşkilat tərəfindən müraciətinə baxılmış və imtina edilərək bildirilmişdir ki, müvafiq nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qaydası pozuntuları törədilməsinə görə əvvəlki istifadəçisi barəsində tətbiq edilmiş cərimələrin ödənilməməsi səbəbindən həmin avtomobilin qeydiyyata alınması mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli Qərarının tətbiqinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə maraqlı olan şəxs müvafiq əqd bağlamazdan və nəqliyyat vasitəsini müayinədən keçirməzdən əvvəl onu ərizə ilə birlikdə təqdim etməlidir. Nəqliyyat vasitəsinin bu və ya digər səbəbdən axtarışda olması barədə məlumat olduqda həmin nəqliyyat vasitəsi saxlanmalıdır. Eyni zamanda «Yol hərəkəti haqqında «Azərbaycan Respublikası Qanunun» 27-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının həyata keçirən orqan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi halda nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi üçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini təmin etməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçıya satılmış «Naz Lifan LF64330SUV» markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin AB 960457 seriyalı qeydiyyat şəhadətnaməsi naməlum şəraitdə itdiyindən X2 şəxsi heyəti təlimatlandırılmışdır. Avtomobilin yeni sahibi olaraq dublikat qeydiyyat şəhadətnaməsinin verilməsi məqsədi ilə arayışı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə təqdim etmişdir. Verilmiş kompyuter çıxarışdan məlum oldu ki, iddiaçıya satılan avtomobil ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edildiyindən Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(074)- 216 saylı qərarı ilə həbs qoyulmuş və Şamaxı rayon İcra şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə hərraca çıxarlımışdır. İddiaçı qeyd edir ki, avtomobilin əvvəlki istifadəçisi barəsində tətbiq edilmiş cərimələrin ödənilməməsi səbəbindən açıq hərracda əldə etdiyi avtomobilin onun adına cavabdeh tərəfindən qeydiyyata alınmaması üçün əsas ola bilməz. İddiaçı xx.xx.2022-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: “Naz Lifan LF64330SUV” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iddiaçı mübahisəli avtomobili 2021-ci ildə hərracdan əldə etdiyi halda, tətbiq olunmuş cərimələr əvvəlki istifadəçinin vaxtına təsadüf edir və həmin cərimələr avtomobilin əvvəlki sahibi tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilən cərimələrdir. Belə olan halda, iddiaçı avtomobilin əvvəlki sahibi tərəfindən törədilmiş, yəni özü törətmədiyi inzibati xətaya görə təqsirli hesab edilə bilməz və odur ki, bu inzibati xətaya görə onun məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Odur ki, iddiaçı törətmədiyi inzibati xətaya görə inzibati məsuliyyət daşıya bilməz. Digər tərəfdən, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli 39 nömrəli Qərarına istinad edərək nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə maraqlı olan şəxs müvafiq əqd bağlamazdan və nəqliyyat vasitəsini müayinədən keçirməzdən əvvəl onu ərizə ilə birlikdə təqdim etməli olduğunu, nəqliyyat vasitəsinin bu və ya digər səbəbdən axtarışda olması barədə məlumat olduqda həmin nəqliyyat vasitəsi saxlanmalı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə qərarının icrası qaydasında təşkil olunmuş hərracın nəticələrinə görə həmin hərracı udan və avtomobili əldə edən şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən, Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə əsasən, hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan maddi hüquq normaları düzgün təfsir olunmur və avtomobilin iddiaçının adına qeydiyyatının aparılmasından imtina qanunsuzdur. Belə olan halda, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş olur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə avtomobilinin iddiaçının adına rəsmiləşdirilməsi və ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Naz Lifan LF64330SUV” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı adına rəsmiləşdirilməsi və ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar