Məhkəmə qərarları › İş №2-1(114)-3470/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3470/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3470/2025 07.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X5 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «doğum haqqında akt qeydinin ləğv edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı «doğum haqqında akt qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus xx.xx.2001-ci il tarixli, 06 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o X1 ilə X2 birgə nikah dövründə xx.xx.2000ci il tarixdə Rusiya, Tümen Vilayəti, Tümen şəhərində anadan olmuşdur. xx.xx.2001-ci il tarixdə 25 saylı doğum haqqında şəhadətnamə almışdır. Hal-hazırda o, müəyyən sənədləri əldə etmək üçün inzibati orqanlara müraciət etdikdə iki doğum haqqında akt qeydinin olduğu məlum olmuşdur. Daha sonra məlum olmuşdur ki, Bərdə rayon Mirzəcəfərli kəndi icra nümayəndəliyi tərəfindən 24 yanvar 2001-ci il tarixdə 06 saylı doğum haqqında şəhadətnamə tərtib olunmuşdur. Həmin doğum haqqında şəhadətnamə babası tərəfindən alınmış və valideynlərinin bundan xəbəri olmamışdır. 24 yanvar 2001-ci il tarixli 06 saylı saylı doğum haqqında akt qeydinin ləğv edilməsinə dair Cavabdehnə müraciət etsə də, cavabdeh bildirmişdir ki, ləğv edilməsi səlahiyyətləri xaricində olmaqla mümkün deyildir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair hər hansı etiraz məhkəməyə ünvanlanmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda ərizə göndərərək inzibati işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu, iddiaçıya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, AA 141516 nömrəli diplomun surəti, iddiaçıya məxsus İ ФР 883827 nömrəli doğum haqqında şəhadətnamə və 24 yanvar 2001-ci ildə tərtib edilmiş 06 nömrəli doğum akt qeydi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia üzrə Cavabdeh (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbəsləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh yerləşdiyi Bərdə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Tümen vilayəti, Tümen şəhərində anadan olmuşdur. İddiaçı doğumu barədə Rusiya Federasiyası Tümen şəhər Administrasiyası inzibati administrasiyanın VVAQ komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli İ-ФР 883827 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyası, Tümen vilayəti, Tümen şəhərində doğulmuşdur. Bu barədə xx.xx.2001-ci ildə 25 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Eyni zamanda, İddiaçı doğumuna dair xx.xx.2001-ci il tarixdə Bərdə rayonu Mirzəcəfərli kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Həmin akt qeydinə əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə Bərdə rayonu, Qarağacı kəndində anadan olmuşdur. Göründüyü kimi, hazırda İddiaçı barəsində iki doğum haqqında akt qeydi mövcuddur. İddiaçı xx.xx.2001-ci il tarixli 06 saylı doğum akt qeydinin ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqan iddiaçının ərizəsinin müsbət yöndə icrasından imtina etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas Müddəalar: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Məhkəmə qeyd edir ki, əvvəla, İddiaçı doğumu barəsində ilkin olaraq Tümen şəhər Administrasiyası inzibati administrasiyanın VVAQ komitəsi şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 05 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydi mövcud olduğu və qüvvədə olduğu halda, Bərdə rayonu Mirzəcəfərli kənd icra nümayəndəliyi tərəfindən İddiaçı doğumu barəsində xx.xx.2001-ci il tarixli 06 nömrəli akt qeydi tərtib edilmişdir. Digər tərəfdən iddaiaçı İddiaçı verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsində onun doğum tarixi xx.xx.2000-ci il, doğum yeri Rusiya Federasiyası qeyd edilmişdir. Yuxarıda sadalanan halların hamısı məcmu halında qiymətləndirilərkən, İddiaçı Bərdə rayonunda deyil, Rusiya Federasiyasında doğulduğu müəyyən edilir ki, bu da Rusiya Federasiyası Tümen şəhər Administrasiyası inzibati administrasiyanın VVAQ komitəsi tərəfindən verilmiş 0.01.2001-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydinin etibarlılığına dəlalət edir. Odur ki, birinci dəfə iddiaçı barəsində doğum qeydi aparıldığı üçün təkrarən aparılması qanunsuz olmuşdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı doğumu barəsində tərtib edilmiş xx.xx.2001-ci il tarixli 06 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar