Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3472/2024 20.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun “dağınıq skleroz” travmasının Azərbaycan Respublikası müdafiəsi uğrunda gedən döyüşlər zamanı aldığı kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2016-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsindən hərbi xidmətə çağırılmış, Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və 2018-ci ilin aprel ayında təxris olunmuşdur. İddiaçı 2018-ci ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş olaraq yenidən xidmətə qayıtmış və xidmətini Goranboy rayonu, Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu kimi davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlananda iddiaçı da müharibəyə yollanmış, xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır dərəcədə yaralanmış, Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilmişdir və 2022-ci ilin aprel ayına kimi orada müalicə olunmuşdur. İddiaçı 2022-ci ilin aprel ayında ehtiyata buraxılmış və ona 3-cü qrup əllik dərəcəsi verilmişdir. O, İİ Qarabağ müharibəsi veteranıdır və bir sıra medallarla təltif edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İİ Qarabağ müharibəsi zamanı Partlayış nəticəsində travmalar almışdır. Həmin travma nəticəsində iddiaçı bir sıra xəstəliklərə düçar olmuşdur. Onlardan biri və ən əsası "dağınıq skleroz" xəstəliyidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası iddiaçıya verdiyi diaqnozlardan hər birinin Azərbaycan Respublikasının müdafiəsi zamanı partlayış nəticəsində alınmış hərbi travma olmasını qeyd edir, lakin "dağınıq skleroz" xəstəliyinin isə Azərbaycan Respublikasının müdafiəsi zamanı yox, hərbi xidmət dövründə alınmasını qeyd edir. İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı partlayış nəticəsində aldığı travmadan sözügedən xəstəliyə düçar olduğunu bildirməyinə baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası bu xəstəliyin travma ilə əlaqələndirilməsinin mümkün olmamasını qeyd etmişdir. Bununla da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası "dağınıq skleroz" xəstəliyinin hərbi həkim komissiyası tərəfindən təyin edilmiş xəstəlik olmasını və hərbi xidmət dövründə alınmasını bildirməklə, səbəbli əlaqəsinin düzgün olmasını qeyd edərək, dəyişdirilməsi üçün əsas olmamasını bildirmişdir. İddiaçı qeyd edir ki, 2016-cı ildə hərbi xidmətə getmiş və hərbi xidmətimi başa vurduqdan sonra, dərhal 2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət Azərbaycan Respublikası qulluqçusu olaraq xidmətini davam etdirmişdir. O bildirir ki, hərbi xidməti dövründə həmin xəstəlik üzə çıxmamış, yalnız İİ Qarabağ müharibəsindən sonra bəlirməyə başlamışdır. İşin halları Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-791/2024 nörməli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 14704 nömrəli qərarında dəyişiklik edilərək “Dağınıq skleroz” xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 45. İddianın qaldırılması 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı onun “dağınıq skleroz” travmasının Azərbaycan Respublikası müdafiəsi uğrunda gedən döyüşlər zamanı aldığı kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-791/2024 nörməli qərarından görünür ki, İddiaçı daha əvvəl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 14704 nömrəli qərarında dəyişiklik edilərək “Dağınıq skleroz” xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qeyd olunan qərarı ilə iddia təmin edilməmişdir. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, qeyd olunan iddia tələbinə dair inzibati iş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-791/2024 nörməli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatındadır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Qeyd olunan normanın mənasına görə, iddia ilə bağlı işin icraatda olduğu müddətdə iddiaçının eyni tərəfə qarşı, eyni tələblə, eyni əsasla iddia ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. İşin hallarından göründüyü ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı eyni tələblə hazırkı iddia tələbindən öncə məhkəməyə müraciət etmiş, məhkəmənin müvafiq qərarı ilə iddia təmin edilməmiş və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən həmin iş hazırda yuxarı instansiya məhkəməsinin icraatındadır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 45.5.1, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3472/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3472/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver