Məhkəmə qərarları › İş №2-1(114)-3474/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3474/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3474/2022 14.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Daşkəsən rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlığın tanınması və şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Daşkəsən rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının vətəndaşı kimi tanınmaqla ona şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1986-cı ildə il tarixdə Ermənistanın Amasiya rayonunda doğulmuşdur. 1988-1989-cu illərdə qaçqın düşərək ailələri ilə birlikdə Daşkəsən rayonu, Bayan kəndinə köçmüşlər. Həmin dövrdən də həmin kənddə yaşayırlar. Atası ilə anasının nikah haqqında şəhadətnamələri olmadığına görə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarına əsasən müvafiq olaraq Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Daşkəsən Rayon Bayan kənd İcra Nümayəndəliyinin arayışından görünür ki, o, Bayan kəndində yaşayır. Onlar Ermənistanın Amasiya rayonundan köçdükdən sonra Daşkəsən rayon Bayan kənd məktəbinin 1-ci sinfinə getmiş və həmin məktəbi bitirmişdir. O, 2010-cu il tarixdə X1 ilə qeyri rəsmi nikaha daxil olmuş və evliliklərindən 3 uşaqları doğulmuşdur. Onun şəxsiyyət vəsiqəsi olmadığına görə nikaha daxil ola bilməmişlər və uşaqlara da doğum haqqında şəhadətnamə ala bilməmişlər. Buna görə də şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı Daşkəsən Rayon Polis şöbəsinə müraciət etsə də ona imtina edilərək məhkəməyə müraciət etməyi bildirilmişdir. İş üzrə mümkünlük iclası 14 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İlkin olaraq qeyd edilir ki, cavabdehlər qismində göstərilmiş Daşkəsən rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti müştərək hüquqi marağa malik deyildirlər və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1. maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2. maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşı kimi tanınmasını istəmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Göründüyü kimi, iddiaçının yuxarıda qeyd edilən tələbi artıq təmin olunmuşdur. Bundan başqa, iddiaçı tələbində şəxsiyyət vəsiqəsinin verilməsini də xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia ərizəsində iddiaçı şəxsiyyət vəsiqəsinin verilməsini xahiş etsə də, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, 05/Q-4066 nömrəli məktubundan məlum olur ki, doğum haqqında akt qeydinin bərpası üçün kifayət qədər sənəd təqdim edə bilmədiyindən, iddiaçının doğumunu bərpa etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən doğum akt qeydi mövcud olmadığından, eləcə də, iddiaçının hüquqi marağı doğumu haqqında qeydiyyatın aparılması olduğundan və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından iddiaçının ərizəsində şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nikah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd təqdim edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Daşkəsən rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlığın tanınması və şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Daşkəsən rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlığın tanınması və şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar