Məhkəmə qərarları › İş №2-1(114)-3475/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3475/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3475/2023 26.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ağdam rayon Xındırıstan bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağdam rayon Xındırıstan bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı cavabdeh orqana müraciət etmiş və orqan tərəfindən xx.xx.2023-cü il tarixdə imtina cavabı verilərək bildirilmişdir ki, istalahat komissiyası tərəfindən islahat zaman ailə üzvlərinə ayrılmış pay torpaq verilməmişdir. Xındırıstan bələdiyyəsinin islahat komissiyasının qərarını dəyişmək hüququ olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. II. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Ağdam rayonu Xındırıstan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Ağdam rayonu Xındırıstan bələdiyyəsinə məxsus torpaq sahəsindən ona və ailə üzvlərinə torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o xx.xx.1958-ci ildə Ağdam rayonun Xındırıstan kəndində anadan olmuşdur. Uzun illər həmin kənddə yaşamışdır. Lakin torpaq islahatı gedən zaman ona və ailə üzvlərinin adına torpaq bölgüsü aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam rayon filialının 10 aprel 2023cü il tarixli 38 nömrəli arxiv arayışından görünür ki, Ağdam rayonu Xındırıstan kənd ərazi nümayəndəliyinin 1991-1995-ci illərə dair 4 nömrəli təsərrüfatbaşına uçot kitabının 930-cu şəxsi hesab nömrəsinə əsasən onun, yəni İddiaçı, X4 və X3 ilə birlikdə Xındırıstan kəndində ailə üzvləri ilə birlikdə qeydiyyata alınmışdır. Hesab edir ki, ona və ailə üzvlərinə də torpaq sahəsi ayrılmalıdır. Bundan sonra o cavabdehə rəsmi qaydada müraciət edərək, Ağdam rayonu Xındırıstan bələdiyyəsinə məxsus torpaq sahəsindən ona və ailə üzvlərinə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Lakin cavabdehin ona ünvanladığı 11 may 2023-cü il tarixli imtina məktubunda ona məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ila işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək, Xındırıstan kəndində keçirilən torpaq islahatı zamanı ona və ailə üzvlərinə torpaq sahəsinin ayrılmamasından narazı olduğu halda, tələbində hüquqi marağına uyğun olaraq Ağdam rayonu Xındırıstan kəndində aqrar islahat aparılması barədə aqrar islahat komissiyasının qərarını mübahisələndirməli olması, bu zaman qaldırdığı iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməsinin zəruri olduğu bildirilmiş və tələbin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi, iddia müddətinin ötürülübötürülməməsi ilə bağlı məsələyə münasibət bildirilməsi və müddəti ötürdüyünü hesab etdiyi təqdirdə, buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin də iddia ərizəsinə əlavə edilməsi təklif olunmuşdur.

7. Məhkəmə hazırlıq iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

8. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

9. Ağdam rayon Xındırıstan bələdiyyəsinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 85 nömrəli məktubunda bildirilmişdir ki, islahat komissiyası dövlət orqanı olmaqla kəndlərdə torpaq islahatı keçirmiş, vətəndaşlara, o cümlədən bələdiyyəyə normaya müvafiq olaraq torpaq payı ayırması barədə qərar vermiş, müvafiq dövlət orqanları tərəfindən təsdiq edilmişdir. İslahat komissiyasının bələdiyyəyə aidiyyatı yoxdur. Bələdiyyə təşkilatları islahat komissiyasının işini davam etdirmir. O da qeyd edilməlidir ki, vətəndaş Əzimov X1 qeydiyyatda olmasına baxmayaraq, uzun illər kənddə yaşamamışdır. Onun ailəsinə torpaq payının ayrılmadığını təxminən 2023-cü ildə bilmişdir. Vətəndaşa bu məsələ ilə bağlı ya Əmlak Məsələləri Dövlət Xidmətinə, ya da məhkəməyə müraciət etməli olması bildirilmişdir. Hesab edirlər ki, bu məsələ ilə əlaqədar məhkəmədə cavabdeh şəxs kimi kənd bələdiyyəsi deyil, Əmlak Məsələləri Dövlət Xidməti tanınmalıdır.

Əsaslandırma hissəsi:

10. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

11. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

12. İddia ərizəsinin məzmunu, o cümlədən iddiaçının izahatı və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı islahat zamanı onun və ailə üzvlərinin adının pay torpaq sahəsi alacaq subyektlərin adlı siyahıya salınmaması və ona pay torpaq sahəsinin verilməməsindən narazıdır və bu əsasla cavabdeh Ağdam rayon Xındırıstan bələdiyyəsindən ona pay torpaq sahəsinin ayrılıb verilməsini tələb edir.

13. Hansı ki, iddiaçıya pay torpaq sahəsi verilməsi cavabdeh qismində göstərdiyi bələdiyyənin səlahiyyətində deyil. İddiaçı da cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini əsaslandıra bilməmişdir. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçının subyektiv hüququnun pozulması halı müəyyən edilmir.

14. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının torpaq islahatı zamanı ona pay torpaq sahəsinin ayrılmaması ilə əlaqədar “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahat komissiyasının qərarından rayon aqrar islahatı komissiyasına və Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasına şikayət etmək hüququ olmuş, lakin o, bunu vaxtında etməmişdir. Ölkə ərazisində aqrar islahat xeyli müddət əvvəl başa çatdığından və həmin komissiyalar ləğv edildiyindən iddiaçının yerli aqrar islahat komissiyasının qərarından məhkəməyə şikayət etmək hüququ olmuşdur.

15. “Torpaq islahatı haqqında” Qanununa görə: Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

16. Yəni, iddiaçı Ağdam rayonu, Xındırıstan kəndində aqrar islahatla əlaqədar yerli aqrar islahat komissiyasının qərarını məhkəmədə mübahisələndirmək hüququna malikdir.

17. Bununla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, yuxarıda qeyd edilən hallar ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı isə həmin müddət daxilində iddia tələbini hüquqi marağına və qanunun tələblərinə uyğun olaraq dəqiqləşdirməmişdir.

19. O da qeyd edilməlidir ki, məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya təkrarən iddia tələbini dəyişdirmək təklif olunsa da, o, hazırkı tələbinə baxılmasını məhkəmədən xahiş etmişdir.

20. Bu səbəbdən iddia tələbi iddiaçı tərəfindən onun hüquqi marağına və qanunun tələblərinə uyğun dəyişdirilmədiyindən, yəni iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən, iddiaçının hazırkı tələbi üzrə isə cavabdeh Ağdam rayonu Xındırıstan bələdiyyəsi tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

21. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar