Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3475/2025 26.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixli, 052 gm nömrəli əmrin ləğv edilərək əvvəlki vəzifəyə bərpa edilmə və buraxılmış iş günlərinə münasibətdə ödənilməmiş əmək haqqının cavabdehdən alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: 1) İddiaçı xx.xx.1991-ci il tarixdə Tovuz rayonu, Qaraxanlı kəndində anadan olmuş, hazırda Tovuz rayonu, Qaraxanlı ərazi dairəsi, Qaraxanlı kəndində qeydiyyatda olmaqla yaşayır. 2) N nömrəli hərbi hissə komandiri R.Nadirov tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikası vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) əsasən ehtiyata buraxılması təqdimat tərtib olunmuşdur. 3) Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının şəxsi heyət üzrə xx.xx.2024-cü il tarixli 052gm nömrəli əmrindən çıxarışa əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsinə müvafiq olaraq iddiaçı bağlaşması ləğv edilərək xidmət vaxtı başa çatmamış hərbi xidmətdən ehtiyata buraxılmışdır. 4) İddiaçı xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Baş X5 Zədələnmələr və Rekonstruktiv cərrahiyə bölməsinə daxil olmuş, aparılmış konservativ və yerli müalicə nəticəsində yaraları sağalmış, kafi vəziyyətdə xidmət etdiyi hərbi hissəyə yazılmışdır (5856 nömrəli çıxarış epikrizinə əsasən). 5) İddiaçı xx.xx.2024-cü il tarixdə Hərbi Həkim Komissiyasına təqdim edilmiş, həmin tarixdə MN BKH cərrahiyyə profilli hospitalı tərəfindən şəhadətləndirilmiş, “Xəstəliklər cədvəli”nin “76d” maddəsinin İİİ qrafasına əsasən hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyinə görə 15 gün müddətinə məzuniyyət verilməlidir qərarı qəbul olunmuşdur (5856 nömrəli çıxarış epikrizinə əsasən). 6) Hərbi həkim komissiyasının xx.xx.2024-cü il tarixli, 923 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli 238 nömrəli əmrin ilə xx.xx.2024-cü il tarixdən getmiş hesab edilməklə iddiaçıya Bakı şəhərində keçirməklə, 15 gün müddətinə, xx.xx.2024-cü il tarixədək xəstəliyə görə məzuniyyət verilmişdir. 7) xx.xx.2024-cü il tarixli, 892 nömrəli məzuniyyət biletinə əsasən N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli 254 nömrəli əmrin §1 hissəsi ilə iddiaçı xx.xx.2024-cü il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. 8) Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının şəxsi heyət üzrə xx.xx.2024-cü il tarixli 052 gm nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli 254 nömrəli əmrin §3 hissəsi ilə iddiaçı ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. 9) İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş üzləşmə aktına əsasən qeydiyyat üçün sənədləri SHXÇDX-nin Tovuz rayon şöbəsinə göndərilmiş, bu barədə xx.xx.2024-cü il tarixli 15 nömrəli göndəriş vərəqəsi tərtib edilmişdir. 10) N saylı hərbi hissə üzrə N nömrəli təyinat vərəqələrinin qeydiyyatı kitabına iddiaçı imza atmaqla sənədi qəbul etmişdir. 11) xx.xx.2024-cü il tarixdə iddiaçı təyinat yerinə gedib hərbi uçota durmuş, bu barədə ona məxsus AO seriyalı, ******* nömrəli hərbi biletində qeyd aparılmışdır. 12) Bakı Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının xəsarət alması faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. 13) İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Hərbi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 052 gm nömrəli əmrin ləğv edilərək əvvəlki vəzifəyə bərpa edilmə və buraxılmış iş günlərinə münasibətdə ödənilməmiş əmək haqqının cavabdehdən alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 14) İddia ərizəsi xx.xx.2025-ci il tarixdən göndərilməsi üçün müvafiq poçt xidməti orqanına verilmiş və xx.xx.2025-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. 15) Daha sonra İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdeh Müdafiə Nazirliyinin Hərbi X2 əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. 16) İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmətini çəkib qurtardıqdan sonra könüllü olaraq 2N oktyabr 2012-ci ildə N hərbi hissəyə işə düzəlmiş, gizir kimi işləməyə başlamışdır. Hərbi hissədə işlədiyi dövrdə heç bir nöqsanım olmamış, müəyyən müddətdən sonra baş gizir rütbəsi almış, xx.xx.2024-cü il tarixdə işlədiyim N saylı Hərbi hissədə təmizlik işləri apararkən siqaret çəkdiyi yerdə iddiaçının telefonuna zəng gəlib telefona cavab verərkən siqaret ot biçən aparatın üzərinə düşmüş, ehtiyasızlıqdan yanğın baş vermişdir. Həmin yanğını söndürərkən yanıq xəsarətləri almışdır. Hərbi Hissə rəhbərliyi iddiaçının xəsarət alması ilə bağlı belə qənaətə gəliblər ki, guya iddiaçı öz-özünə benzin töküb yandırmış, aidiyyatı orqana Prokurorluğa məlumat verilmişdir. Ancaq iddiaçı qəsdlə özünü yandırmamış, ehtiyasızlıqdan bu hadisə baş vermişdir. Dərhal həmin gün həmin tarixdə Yuxarı Komandanlığa səhv məruzə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanı həmin tarixdə hadisə baş verən günü araşdırma aparmadan xx.xx.2024-cü il tarixli 052 gm nömrəli əmri ilə Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında Azərbaycan Respublikası qanunun 41.0.10-cu maddəsinə müvafiq olaraq bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış iddiaçı Həqiqi hərbi xidmətdən ehtiyyata buraxılaraq işdən azad edilmişdir. Bu günədək həmin əmrin surətini iddiaçı ala bilməmişdir. Baş vermiş hadisə ilə əlaqədar Bakı Hərbi Prokurorluğunda araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində 07 noyabr 2024-cü il tarixli böyük köməkçisinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə bəraətverici əsasla qərar qəbul edilmişdir. İstintaq orqanının qərarını da 2025-ci ilin mart ayında iddiaçı əlbəəl almışdır. İşin halı bunlardan ibarətdir. Hadisə baş verən günü iddiaçını Hərbi Hospitala müalicəyə aparıblar. Arayışdan da görünür ki, 13 sentyabr 2024-cü il tarixdə iddiaçı Hərbi hospitalda olmuş, işdən çıxma əmri də 13 sentyabr 2024-cü ili əhatə edir. İddiaçı işdən azad olunması ilə əlaqədar məlumat belə verməyiblər, bir aydan artıq Hərbi Hospitalda yatmış, xx.xx.2024-cü ildə iddiaçıya 15 gün müddətində məzuniyyət belə vermişlər. İşdən çıxma əmri xx.xx.2024-cü ildir, məzuniyyət əmri verirlər xx.xx.2024-cü il tarixdə. Kifayət qədər şübhəli hallar mövcuddur. Məhkəmə bu hallara diqqət yetirəcəkdir. Həmin əmri, inzibati aktı iddiaçı qanunsuz hesab edir, hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2024-cü il tarixli 052 gm nömrəli əmri ləğv edilməlidir, həmçinin əmr ləğv edilsə, işə bərpa edilsə buraxılmış iş günlərinə münasibətdə ödənilməyən əmək haqqı da cavabdehdən alınaraq verilməsini iddiaçı tələb edir. 17) Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. 18) Cavabdeh iddia tələbinə dair etirazını xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı oglu Müdafiə nazirinin müavini-Hərbi Hava Quvvələri komandanının xx.xx.2024-cu il tarixli, 052 gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin əmr baş-gizir İddiaçı xx.xx.2024-cü il tarixdə müvafıq sənədlərə imza çəkməklə çatdırılmışdır. Buradan görünür ki, 7 ay əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı baş-gizir İddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqeylərinin müdafiəsini mümkünsüz etmiş olur. Belə olan halda barəsində inzibati aktın qəbul edilməsindən iddiaçının xəbərdar olmaması mümkün deyildir. Mübahisələndirmə haqqında iddia ərizəsinin məhkəməyə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin iddiaçı tərəfindən buraxılmasına görə hazırkı tələbə dair iddia ərizəsini iddia müddətinin axımı keçdiyindən tam rədd edilməsini, iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 19) Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyək iddianın mümkün sayılmamasını xahiş etmişdir. 20) Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi xx.xx.2025-ci il tarixli, 3-43- 60/2-2414/2025 nömrəli məktubunda bildirmişdir ki, Tovuz rayon Qaraxanlı kəndində qeydiyyatda olan 1991-ci il təvəllüdlü vətəndaş İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsində mövcud olan şəxsi işindəki sənədlərinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Komandanının müvafiq əmrinə əsasən xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən SHXÇDX-nin Tovuz rayon şöbəsində qeydiyyata durmaq üçün göndərilmiş xx.xx.2024-cü il tarixli 15 nömrəli göndəriş vərəqəsi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsində hərbi qeydiyyata götürülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının hüquqi marağı, məqsədi əvvəlki hərbi vəzifəsinə bərpa olunmaqdır. Bunun üçün isə onun hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr ləğv olunmalıdır. İşin faktiki hallarına görə, iddiaçı Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının şəxsi heyət üzrə xx.xx.2024-cü il tarixli 052gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, daha sonra sözügedən əmr əsasında nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli 254 nömrəli əmrin §3 hissəsi ilə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, şəxsi heyətindən siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Başqa sözlə, iddiaçının birbaşa hüquqlarına toxunan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının şəxsi heyət üzrə xx.xx.2024-cü il tarixli 052gm nömrəli əmri olmuşdur. Hazırda iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, inzibati orqanın əmrinin ləğvi məqsədini güdür. Qanunvericliyin mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin • 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. • 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndində qeyd olunur ki, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hazırkı işin hallarından görünür ki, Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının şəxsi heyət üzrə xx.xx.2024-cü il tarixli 052gm nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) müvafiq olaraq, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsinə göndərilmişdir. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçının ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin N oktyabr 2024-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılarkən qanunvericiliyə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. İddiaçının xidmət etdiyi hərbi hissədən ehtiyata buraxılması barədə təyinat vərəqəsi N oktyabr 2024-cü il tarixdə göndəriş vərəqələrinin qeydiyyatı kitabında imza etməklə, ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Göndəriş vərəqələrinin qeydiyyatı kitabı”nın surətindən görünür ki, “15. xx.xx.2024. B/gz İddiaçı. Tovuz rayon şöbəsi. xx.xx.2024-cü il tarixdə “sənədi qəbul edənin imzası, adı, soyadı və tarix” bölməsində ad və soyadını yazmış və öz imzası ilə təsdiq etmişdir.” Bu halları məhkəmə baxışında şahid qismində dindirilmiş N saylı hərbi hissəsinin hərbi qulluqçusu X4 da təsdiq etmişdir. Bundan başqa iddiaçının artıq xx.xx.2024-cü il tarixdən hərbi xidmətdə olmaması və xidməti vəzifələrini icra etməməsi mübahisələndirilən əmrin ona elan edilməsinə və əmrdən xəbərdar olmasına dəlalət edir. Lakin iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Analoji işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı qərarında qeyd olunmuşdur ki, “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.” Ona görə məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt – xx.xx.2024-cü il tarixdən artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçının vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, mübahisələndirilən əmri cavabdeh orqandan məhkəməyə müraciyət edənə kimi ala bilməmişlər, əmrdən məlumatlı olmamışlar. Əmr 13 sentyabr 2024-cü il tarixdə çıxarılmış, iddiaçı oktyabr ayında məzuniyyətə buraxılmış, sonradan prokurorluqda araşdırma aparılmış, sonradan rədd qərarı qəbul edilmiş, iddiaçı səhhətində yaranmış xəsarətlərə görə müalicələrdə olmuşdur. Hərbi hissədə müəyyən sənədlərə qol çəkdiriblər ki, iddiaçı silah təhkim edirlər, əmr iddiaçıya elan edilməmiş, nə də ki əmrin surəti verilməmişdir. Məhkəmədə iddia qaldırılanadək iddiaçı Tovuz Komissarlığına dəfələrlə müraciət edib ki, əmrin surətini alsın. Hərbi hissəyə dəfələrlə gedib tələb edib, deyirlər ki məxvi sənəd olduğundan verə bilmirlər. Cavabdeh orqan bilərəkdən əmrin verilməsini təmin etməmişdir ki, müddət ötürülsün, bu gündə müddətin keçdiyini qeyd edirlər, bundan əlavə əmrdən sonra şəxsə məzuniyyət verilməsi də əmrin qanunsuz olması anlamına gəlir, raşot pulu belə verilməmişdir. Cinayət işinin rədd edilməsi barədə də qərar da var ki, cavadeh orqanın iddiaçıya qarşı qərəzi mövcuddur. İddiaçı vertalyot üzrə Radio Avadanlıqlar üzrə Qurupunun Baş Texniki vəzifəsində çalışmış, yüngül atletika üzrə Hərbi hissələr üzrə çempiyon olmuşdur, usta dərəcəsinə layiq görülmüşdür. Silahlı Qüvvələrimizin belə bir kadra ehtiyacı böyükdür. Hesab edir ki, əmrin mübahisələndirmə müddəti üzürlü səbəbdən ötürülüb, müddənin bərba edilərək mübahisəyə mahiyyəti üzrə baxılmasınının davam olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının həmin arqumentlərini əsaslı hesab etməyərək qeyd edir ki yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə, şəxs hüquqlarını pozduğunu iddia etdiyi inzibati aktdan ondan məlumatı olduğu tarixdən qanunla müəyyən edilmiş müddət daxilində birbaşa məhkəməyə müraciət etməlidir. Belə müraciətin vaxtında edilməməsi isə yalnız üzrlü səbəblərlə əlaqəli olduğu halda iddia müddəti bərpa oluna bilər. İşdən göründüyü kimi, iddiaçı onun tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Digər tərəfdən, o da qeyd olunmalıdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 20-ci bəndinin birinci hissəsinə əsasən bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Ona görə də, mübahisələndirilən əmrin qəbulundan sonra iddiaçıya məzuniyyət verilməsi məsələsi yuxarıda qeyd olunan normanın tələbinə uyğun olmuşdur. Belə ki, iddiaçı nizami hissə üzrə xx.xx.2024-cü il tarixli 254 nömrəli əmrin §3 hissəsi ilə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, həmin tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdən uzun müddət keçəndən sonra məhkəməyə müraciət (iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir) etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixli, 052 gm nömrəli əmrin ləğv edilərək əvvəlki vəzifəyə bərpa edilmə və buraxılmış iş günlərinə münasibətdə ödənilməmiş əmək haqqının cavabdehdən alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3475/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3475/2025
26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver