Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3479/2025 08.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ona məxsus 0.08 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədlərində düzəliş edilməklə, baza məlumatları əsasında və məhkəmə qərarına uyğun olaraq, “25m x 32m ölçülü çıxıntı şəkilli” sahəyə uyğun çıxarış, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-63/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, xx.xx.2008-ci il tarixli AN-10131397 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 0,08 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun, yəni ilkin mülkiyyətçi X3 özəlləşdirdiyi yarımçıq tikilinin torpaq sahəsinin “Plan sxemi”ndəki “25m x 32m” ölçülərlə qeyd edilmiş çıxıntı şəkilli sahəyə uyğunlaşdırılmaqla yeni plan və ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
2. İddiaçı **********03 reyestr nömrəli çıxarış və plan və ölçü sənədlərində düzəliş edilməklə baza məlumatları əsasında və məhkəmə qərarına uyğun olaraq düzəlişin edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2025-ci il tarixli 3-21-3- 33/2-Q-00xx-xx/2025 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qədəbəsi, 2-ci mikrorayon ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq **********93 reyestr nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd olunduğu kimi ilkin torpaq ayırma sənədlərinə uyğun şəkildə icra olunaraq xx.xx.2023-cü il tarixində torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmuşdur. II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus 0.08 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədlərində düzəliş edilməklə, baza məlumatları əsasında və məhkəmə qərarına uyğun olaraq, “25m x 32m ölçülü çıxıntı şəkilli” sahəyə uyğun çıxarış, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixli, **********93 reyestr nömrəli, Seriya MN-0015619 nömrəli çıxarışın, həmin tarixli AA 001866 reyest nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi əsasında yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(115)-63/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə onun mülkiyyətində olan xx.xx.2008-ci il tarixli, AN-10131397 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 0.08 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun, yəni ilkin mülkiyyətçi X3 özəlləşdirdiyi yarımçıq tikilinin torpaq sahəsinin "plan sxemi"ndəki "25m x 32m" ölçülərlə qeyd edilmiş çıxıntı şəkilli sahəyə uyğunlaşdırmaqla yeni plan və ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Azərbaycan Respublikası Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmənin həmin qərarı icra edilməsi üçün 3 saylı Ərazi İdarəsinə göndərilmişdir. Ərazi İdarəsi icra prosesində bir necə dəfə şifahi qaydada ona bildirmişdir ki, məhkəmə qərarında qeyd olduğu kimi, yəni ilkin baza sənədlərinə uyğun olaraq, "25m x 32m ölçülü çıxıntı"-ya uyğun plan və ölçü sənədlərinin verilməsi mümkün deyildir. Çünki digər şəxslərə əvvəl verilmiş çıxarışlarla üst-üstə düşmə faktları vardır. Sonda cavabdeh tərəfindən qismən uyğunlaşdırılmaqla plan və ölçü sənədi hazırlanmışdır. O, həmin sənədin məhkəmə qərarına uyğun tam düzgün hazırlanmadığını bildiyinə görə, götürməkdən imtina etmişdir. Cavabdeh isə məhkəmə qərarını icra etdiyinə əsaslanaraq, ona çıxarış verməklə işini bitmiş hesab etmişdir. Bundan sonra o, müstəqil mütəxəssis köməyindən istifadə etmıklə, müəyyən etmişdir ki, cavabdeh təşkilat ona verdiyi plan və ölçü sənədlərini ilkin baza məlumatları əsasında, məhkəmə qərarında göstərildiyi kimi "25m x 32m ölçülü çıxıntı"-ya uyğun deyil, qismən sürüşdürməklə vermişdir. Bundan sonra o, cavabdehə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, 0.08 ha torpaq sahəsinə dair Ərazi İdarəsi tərəfindən verilmiş plan və ölçü sənədlərində düzəliş edilməklə, baza məlumatları əsasında və məhkəmə qərarına uyğun olaraq, "25m x 32m ölçülü çıxıntı şəkilli" sahəyə uyğun yeni plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli cavabı ilə bildirilmişdir ki, həmin torpaq sahəsi üzərində DƏDRX-da qeydiyyata alınaraq **********93 reyestr nömrəli çıxarış verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında qeyd olunduğu kimi, ilkin torpaq ayırma sənədlərinə uyğun şəkildə icra olunaraq, xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunması qeyd olunmuşdur. Bildirir ki, cavabdehin xx.xx.2025-ci il tarixli cavabı həqiqəti əks etdirmir. Çünki cavabdehin verdiyi plan və ölçü sənədi, 2008-ci ildə alqı-satqı predmeti olmuş, özələşdirilmimiş məktəb binasının plansxemində 25m x 32m kv.m ölçülü çıxıntıya uyğun verilməmişdir. Bunu cavabdehin nümayəndələri də qeyri-rəsmi olaraq ona etiraf etmişlər. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi xx.xx.2025-ci il tarixli müstəqil ekspert rəyi ilə də təsdiq olunur ki, onlara verilən plan və ölçü sənədi sürüşdürülmüşdür. Bundan başqa mübahisə üzrə əvvəllər verilmiş mütəxəssis rəyləri ilə də, müəyyən olunur ki, özəlləşdirilmiş məktəb binasının müxtəlif hissələrinin alqı-satqısından sonra, ayrı-ayrı şəxslərə plan və ölçü sənədləri verilərkən cavabdeh sürüşdürülmələrə yol vermişdir. Ziddiyətlər ondan ibarətdir ki, İnzibati Məhkəmənin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qərarı ilə, mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan "Çörək sexi" tikilişinin 60 kv.m torpaq sahəsinin 55 kv.m hissəsi "25m x 32m" ölçülü çıxıntı şəkilli sahəsində yerləşir. Hansı ki, məhkəmə qərarına əsasən həmin ölçülü, "çıxıntı şəkilli" sahəyə uyğunlaşdırmaqla yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi 3 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra eyni torpaq sahəsi üzərində mübahisəyə dair Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-105/2024 nömrəli iş üzrə Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyi əsasında aparılmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ona məxsus tikilinin altında olan torpaq sahəsinin (23.3+14.4 kv.m) 37.7 kv.m hissəsi X4 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bununla təsdiq olunur ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən Gəncə İnzibati Məhkəməsinin qərarına əsasən iddiaçıya çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi verilərkən, baza sənədlərinə əsaslanmadan, həmin "25m x 32m" ölçülü çıxıntı şəkilli sahəyə uyğunlaşdırılmadan, Mehman Kərimova verilmiş çıxarışlar əsas götürülməklə, onların sənədi sürüşdürülərək verilmişdir. Əslində isə Ərazi İdarəsinin ilkin baza sənədlərinin koordinatlarına əsasən Mehman Kərimovun adına 0.027 ha və 0.042 ha torpaq sahələrinə dair sənədlər hazırlanarkən idarənin əməkdaşları tərəfindən iddiaçının faktik mülkiyyətində olan və "25m x 32m" ölçülü çıxıntı şəkilli sahənin bir hissəsinin üzərinə işlənilmişdir. Göstərilənlərə əsasən bir daha qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin 2- 1(115)-63/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı cavabdeh tərəfindən düzgün icra edilməmiş, yəni iddiaçının mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə dair çıxarış və plan və ölçü sənədi verilərkən, baza sənədləri nəzərə alınmayaraq, "25m x 32m" ölçülü çıxıntı şəkilli sahənin üstünə deyil, sürüşdürülməklə verilmişdir. Ona görə də, hesab edir ki, hazırki məhkəmə prosesində iş üzrə cavabdeh tərəfin mütəxəssisləri işə cəlb edilmədən, müstəqil sənədli ekspertiza tədqiqatı aparılmaqla, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə aid verilmiş plan və ölçü sənədinin məhkəmə qərarında qeyd edilən ilkin baza koordinatlarına uyğun verilib-verilməməsi müəyyən edilməli və iddiaçıya aid 0.08 ha torpaq sahəsinə cavabdeh tərəfindən verilmiş plan və ölçü sənədlərində düzəliş edilməklə, baza məlumatları əsasında və məhkəmə qərarına uyğun olaraq, "25m x 32m ölçülü çıxıntı şəkilli" sahəyə uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, iddia tələbinin məzmunundan və iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallardan görünür ki, İddiaçı hazırkı iddianı qaldırmaqda hüquqi marağı Gəncə İnzibati Məhkəməsinin 2-1(115)-63/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının tam və düzgün şəkildə icra edilməsinə yönəlmişdir.
7. Yəni, iddiaçı hazırkı iddiada məhkəmə qərarının icrası nəticəsində ona verilmiş çıxarış və plan-ölçü sənədindəki koordinatlarla razı deyil və müstəqil inzibati iddia qaydasında mübahisələndirir.
8. Hansı ki, bu halda, iddiaçı öz marağını inzibati məhkəmə icraatında yeni iddia açmaqla deyil, məhkəmə qərarının icrası qaydasında mübahisələndirməli, başqa sözlə, məhkəmə qərarının məcburi icra tədbirləri vasitəsilə icra edilməsinə dair ərizə ilə müraciət etməlidir.
9. Əks hal eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir.
10. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
14. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva