Məhkəmə qərarları › İş №2-1(114)-348/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-348/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-348/2021 17.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək (2 il) X4 məktəbində təhsil aldığı peşə təhsil müddətinin, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (2 il 10 gün) keçmiş sovet ordusu sıralarında olduğu həqiqi hərbi xidmət müddətinin və arxiv arayışında göstərilən xx.xx.1977-ci ildən xx.xx.1998-ci ilədək olan müddət ərzində Tərtər rayonun sabiq “M.Ə.Sabir adına” narçılıq sovxozunda işlədiyi iş illərinin (21 il 14 gün), cəmisi 25 il 24 günün ona pensiya hüququ verən iş (sosial sığorta) stajı kimi hesablanması və eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2020-ci ildə ona verilmiş Vergi Uçotu haqqında Şəhadətnaməsi (VÖEN № **********) əsasında xx.xx.2006-cı ildən sonra iş stajına malik olmağının və hazırda işlədiyinin nəzərə alınması və bu əsasla pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialı əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, bundan əvvəl məhkəmədə işinə baxılarkən 17 gün sosial sığorta stajı çatmırdı, sonra o, vergi orqanında qeydiyyatda duraraq sosial sığorta haqqı ödəmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “M.Ə.Sabir” adına narçılıq sovxozunda fəhlə işləməsini qeyd etsə də həmin illər iddiaçının əmək kitabçasında öz əksini tapmamışdır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin həmin illər nəzərə alınsa belə nəticə etibarilə, yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (28800 manat) mövcud olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı sığorta stajını təsdiq edən sənədlərə (əmək kitabçası, hərbi bilet, diplom və.s) əsasən xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək 1 il 10 ay 19 gün təhsil müddəti, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək 2 il 10 gün hərbi xidmət müddəti və xx.xx.1977-ci ildən xx.xx.1998-ci ilədək 20 il 9 gün olmaqla ümumilikdə 23 il 11 ay 8 gün sığorta stajı qeydə alınmışdır. Buna baxmayaraq iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1998-ci ilədək sığorta stajına dair əmək kitabçası olmadığı üçün pensiya təyin edilməsindən imtina olunmuşdur. Bununla bağlı qeyd olunur ki, iddiaçının ümumilikdə 23 il 11 ay 8 gün sosial sığorta stajına malikdir, eləcə də onun xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında pensiya kapitalı yoxdur. Hazırki halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə onun malik olduğu sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir.Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar