Məhkəmə qərarları › İş №2-1(114)-348/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-348/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-348/2022 21.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhidlik statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 01.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X3 şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum oğlu, gizir, Bərdə Qarnizonu hərbi polisinin hərbi polis bölüyünün komendat taqim komandir müavini işləmiş, 1996-ci il təvəllüdlü X6 24 yanvar 2021-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirmək üçün Ağdam rayon Mərzili kəndində yerləşən komendant postuna yola düşmüş, lakin Ağcabədi rayon Qiyaməddini kənd ərazisindən keçərkən yolda qəfil ürək tutması baş vermiş və Elvin Cəfərzadə ilə gedən, UAZ markalı M842 QQ xidməti avtomobili idarə edən əsgər Ceyhun Rəsulov oğlunun qıc olduğunu, dodaqlarının kilidləndiyini görərək ona yardım etməyə çalışmış, güclə mərhum oğlunun ağızını açaraq onun dilinin qatlanmamasına şahid olduqdan sonra Bərdə Qarnizonunun hərbi polisinin rəisi Ərəstun İsmayılova oğlunun vəziyyəti haqqında əsgər C.Rəsulov məlumat vermiş, X2 təcili olaraq N sayh hərbi hissəyə aparmağı tapşırmış, hospitalda oğluna baxan həkim oğlunun vəfat etdiyini söyləsə də, əsgər bununla razılaşmayaraq oğlunu avtomobildən düşürərək xərəkədə hospitala aparmış, orada bütün ilkin tibbi müdaxilələrə baxmayraq oğlu gizir Elvin Cəfərzadə 24 yanvar 2021-ci ildə xidməti vəzifəsinin icrasını həyata keçrimək üçün gedərkən yolda, xidməti avtomobildə ürək tutmasından keçinmişdir. Ancaq Mudafiə Nazirliyi məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzinin 16 may 2021-ci il tarixli komission ekspertiza rəyində oğlu Elvinin ürək tutmasindan deyil, ağ ciyərin pnevmoniya xəstəliyindən vəfat etməsi göstərilmişdir. Qarabağ hərbi prokurorluğu tərəfindən aparılan istintaqın yekun qərarı olan "Cinayət işinin başlanamsının rədd edilməsi haqqında" 22 may 2021-ci il tarixli Qərarında oğlunun sağlamliği ilə bağlı rəsmi sorğulara alınmış cavablarda göstərmişdir ki, oğlu Elvin Cəfərov 07.11.2018-ci il və 20.11.2019-cu il tarixlərdə xidmət müddəti ərzində tibb məntəqəsinə müraciət etmişdir. Oğlunun müraciətinə əsasən onu N saylı hərbi hissəyə müayinə və müalicə üçün göndərmişdilər. Müstəntiqin sözügedən qərarında qeyd edir ki, mərhum oğlu Elvin bundan sonra tibb məntəqəsinə müraciət etməmişdir. Müstəntiq sözügedən qərarında oğlunun covid19-a yoluxmadığını da qeyd etmiş və ardıncada Qərarda qeyd edir ki, oğlunun 2018-2019-cu illərdə N sayli hərbi hissədə dispanser müayinələrdən keçməsi nəticəsində ona praktik sağlam diaqnozu qoyulmuşdur. Eyni faktı MTE-sıda üz rəyində təkrar vurğalayıbdır. MTE özünün komission ekspertiza rəyində mərhum oğlunun hər hansısa bir xəstəliklə əlaqəli olaraq heç bir xəstəxanda qeydiyyatda olmadığına dair sənədlərin siyahsnı da öz rəyində sadalamışdır. Lakin buna baxmayaraq komission MTE özünün 16 may 2021-ci il tarixli ekspert rəyində oğlunun ölüm səbəbini ilkin tibbi ekspertizanın 23 fevral 2021-ci il tarixli həkim rəyində yazılmış olduğu kimi kəskin tənəffüs çatimamazlığı olaraq nəticələndirib. Komisison ekspertiza oğlunun ölüm səbəbini ağ ciyər pnevmoniyası kəskin tənəffüs çatışmamazlığı olaraq qeyd edərkən, bu xəstəliklə əlaqədar oğlunun əvvələr səhhəti ilə bağlı şikayətçi olmadığını da qeyd edir. Eyni zamanda komission ekspetiza öz rəyində bunu da qeyd edir ki, oğlunun sağlığında onun muraciət etdiyi tibbi müayinələrində də səhhətində ağciyərlərlə baglı şikayətləri olmamışdır. Belədirsə, o zaman oğlunun qəfildən maşında qıc olması, onun hospitala gətirilməsindən sonra davamlı durmadan ona ürək masajı edilməsini niyə ürək çatışmamazlığı və ya ürək infaktı ilə deyil də, ağciyər kəskin tənəffüs çatışmazlığı ilə izah etmək zərurəti yaranıbdır tibbi komission ekspertizada? Axi həm müstəntiqin qərarında və həm də komission ekspertizanın öz rəyində dəfələrlə vurğulanır ki, oğlunun sağlamlıq vəziyyəti şikayət edilən vəziyyət olmayıbdır və buna dair tibbi sənədlərə də istinad olunur həm Qərarda və həm də komission ekspertiza rəyində. O zaman həkimlər nəyə əsasən qərar verdilər ki, hətta covid19 olmamış mərhum oğlunda qəfil kəskin tənəffüs çatışmamazlığı vardır? Ən azından kəskin tənəffüs çatimamazlığı əlaməti olaraq boğulma, öskürək, tənginəfəslik, yeri gələndə vəziyyətə görə hətta öymə kimi hallar müşahidə olunmalı idi oğlunda. Amma bunların heç biri oğlunun ölüm anında müşahidə edilməyibdir. Həm müstəntiqin qərarında və həm komission ekspertizanın tibbi rəyində oğlunun sağlmalıq vəziyyəti ilə əlaqədar qeyd edilən və rəsmi sənədlərə istinadən yazılmış qeydlərə əsasən o hesab edir ki, oglu sağlam olubdur, o, hərbi xidməti vəzifəsini yerinə yetirərkən yolda qəfil ürək tutmasından vəfat edibdir. Oğlunun xəstəliklə ölməsinə dair rəy verilməsi onu razı salmır. Mərhum oğlu, gizir Elvin Cəfərzadə həm aprel döyülərində fəal hərbi xidmət yerinə yetirmişdir, həm də 2-ci Qarabağ müharibəsi zamanı daim hərbi polisin əməkdaşı kimi ön cəbhələrdə olmuşdur. Mərhum oğlu döyüş meydanında cəsədlərin toplanmasında, gətirilməsində, təhvil verilməsində fəal xidmət göstəribdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə 21.01.2022-ci il tarixli, 11/243 nömrəli vəsatət ünvanlayaraq işin aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 26.01.2022-ci il tarixli, 2-1(114)-348/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 21 fevral 2022-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi (vəkil) məhkəmə iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, X3 şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : - İddiaçıya məxsus AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - XX-ЖГ seriyalı, 403942 nömrəli Doğum haqqında şəhadətnamənin surəti; - 25.02.2021-il tarixli, AZ-İİ № 138504 ölüm haqqında şəhadətnamənin surəti; - 04.05.1990-cı il tarixli, İV-ЖГ 496287 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin surəti; - Azərbaycan Respublikası Prokrorluğunu Qarabağ Hərbi Prokurorluğunun İddiaçı ünvanladığı 22.05.2021-ci il tarixli, 18/2396 nömrəli məktubunun surəti ; - Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli 2723 nömrəli sərəncamı ilə X3 təltif edilmiş, İ-1557 nömrəli «İgidliyə görə» Medal vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı 02.11.2021-ci il tarixli 1/C-19295 nömrəli imtina məktubu; - 19.11.2021-ci il tarixli 1547-05/69 nömrəli Bərdə Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış; - Azərbaycan Respublikası Prokrorluğunu Ağdam Hərbi Prokurorluğunun İddiaçı ünvanladığı 28.10.2021-ci il tarixli, 18/5209 nömrəli məktubunun surəti; - 707 saylı hərbi hissənin 1-ci tabor komandiri tərəfindən X3 verilmiş xidməti xasiyyətnamənin surəti; - 22.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürəti; - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X9 vəkil Seymur Zeynalova ünvaladığı 30.10.2021-ci il tarixli, 02-02-902/21 nömrəli məktubun surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı 21.12.21-cil il tarixli 11/5979 nömrəli məktubu. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı 02.11.2021-ci il tarixli 1/C-19295 nömrəli məktubdan görünür ki, mərhum gizir X6 24 yanvar 2021-ci il tarixdə Ağdam rayonu, Mərzəli kəndində yerləşən komendant postunun şəxsi heyətini dəyişməyə gedərkən səhhətində yaranmış probelmlə əlaqədar N nömrəli hərbi hissəyə çatdırılmasına, ilkin tibbi yardım göstərilməsinə baxmayaraq N nömrəli hərbi hissədə ağ ciyərin interstisial xəstəliyindən vəfat etməsi qanunvericilikdə nəzərdə tutulan, döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şərtlərinə uyğun gəlmədiyindən E.Cəfərzadəyə şəhid statusu verilməsindən imtina edimişdir. İş materialına əlavə edilmiş 25.02.2021-il tarixli AZ-İİ № 138504 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24.01.2021-ci il tarixində ağciyərin interstial xəstəliyindən vəfat etmişdir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Prokurorluğunu Ağdam Hərbi Prokurorluğunun İddiaçı 28.10.2021-ci il tarixli 18/5209 nömrəli məktubunun surətindən görünür ki, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli K/82 nömrəli komission məhkəmə-tibbi ekspertiza rəyinə əsaslanaraq mərhum E.Cəfərzadənin ölümünə kəskin tənəffüs çatışmazlığı ilə ağırlaşmış ağciyərin kəskin hemorragik pnevmoniya xəstəliyinin səbəb olduması faktı əsas götürülərək cinayət işinin başlanılması rədd edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 30.12.2008-ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsinin dəlilərində mərhum gizir X6 24 yanvar 2021-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirərkən qəfil ürək tutması nəticəsində dünyasını dəyişməsini qeyd etsə də, iş materiallarının tədqiqindən göründüyü kimi mərhum X6 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, kəskin tənəffüs çatışmazlığı ilə ağırlaşmış ağciyərin kəskin hemorragik pnevmoniya xəstəliyindən vəfat etmişdir. Beləliklə işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhidlik statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar