Məhkəmə qərarları › İş №2-1(114)-348/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-348/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-348/2024 18.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus xx.xx.1983-cü il tarixli İT-İ ******* nömrəli və xx.xx.2011-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçalarına əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Kəlbəcər rayon rabitə qovşağında növbətçi texnik, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Bərdə pambıq təmizləmə zavodunda turbaçı, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərpambıq sənaye birliyində elektrik mantyoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon rabitə qovşağında mantyor köməkçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə 1 nömrəli pambıqtəmizləmə zavodunda ("xxxx" ASC) xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Bərdə telekommunikasiya qovşağında elektrik mantyoru, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Tərtər rayon telekommunikasiya qovşağında mühəndis, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək Bərdə telekommunikasiya qovşağında elektrik mexanik, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək CTS-Agro MMC Bərdə PİEZ-də elektrik mantyoru, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Bərdə telekommunikasiya qovşağında elektrik mexanik, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC "xxxx" MMC-də elektrik mantyoru, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də usta isləmiş, xx.xx.2018-ci il tarixdən halhazıradək "xxxx" MMC-də 3-cü dərəcəli texnik işləyir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə İİİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixədək ödənilmişdir.

3. Sonra İddiaçı xx.xx.2023-cü il tarixdə Filiala müraciətindən sonra ona İİİ dərəcə əlilliyə görə xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilmiş və ödənilmiş sosial müavinət məbləği nəzərə alınmaqla fərq məbləğinin cari pensiyasına əlavə edilməsi nəzərdə tutulmuşdur.

4. İddiaçı pensiyasının məbləğindən narazı qaldığı üçün əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-1147xx/xx/2023 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsinə əsasən ona xx.xx.2022-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 307,41 manata çatdırılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 16 il 2 ay 20 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 21.544,64 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (307,41 manat) dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarfna əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək (işə daxil olma tarixi və əmri yoxdur) və xx.xx.1987-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (işdən çıxma tarixi və əmri yoxdur) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Müraciətinə cavab olaraq bildirilir ki, yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-27/2-7052/2023 nömrəli məktubunda bildirilmişdir ki, kənd, rayon, şəhər, rabitə müəssisələrinin sənədləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilmir. Həmin sənədlər müəssisənin özündə saxlanılır və yaxud Azərbaycan Respublikası Dövlət Arxivinin rayon, şəhər filiallarına təhvil verilir. Bu səbəbdən tələb olunan arxiv arayışının verilməsi mümkün olmamışdır.

6. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin X3 xx.xx.2023-cü il tarixli KPG-2023- 10/02 nömrəli cavab məktubunda bildirilmişdir ki, Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq 01 aprel 1993-cü il tarixinə qədər Kəlbəcər rayon Rabitə Qovşağına aid olan sənədlər işğal ərazisində qalmışdır. Bu səbəbdən də İddiaçı göstərilən vaxtlarda işləyibişləməməsi barədə heç bir məlumat verə bilmirlər.

7. Məhkəmənin sorğusuna Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 33 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Rabitə qovşağında işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv idarəsində heç bir əsaslı sənəd mövcud deyildir. Ona görə ki, Kəlbəcər rayonu 02 aprel 1993 -cü il tarixdə ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi üçün 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının, Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Bu səbəbdən həmin illərə dair ona sənəd təqdim edə bilmirlər. Ancaq Kəlbəcər rayon Rabitə Qovşağının 1993-cü ilə dair Kəlbəcər rayon Arxiv idarəsində saxlanılan əmək haqqı ödəniş cədvəllərində vətəndaş X1 1993-cü ilin iyun, iyul və avqust ayında adı qeyd edilmişdir.

8. Həmin məktuba əlavə edilmiş əmək haqqı cədvəllərindən məlum olur ki, İddiaçı 1993-cü ilin iyun, iyul və avqust aylarında əmək haqqı almışdır.

9. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin X6 tərəfindən təqdim edilmiş Kəlbəcər rayon rabitə qovşağının xx.xx.1993-cü il tarixli əmrindən xx.xx.2023-cü il tarixli çıxarışda qeyd edilmişdir ki, Respublika Prezidentinin 16 aprel 1993-cü il tarixli 508 nömrəli Fərmanında göstərilən müddətin qurtardığını və Gəncə RİB-i maliyyə vəsaitinin çatmadığını nəzərə alaraq aşağıda adları göstərilən Rabitəçilər Kəlbəcər rayonuna qayıdana qədər vəzifəsindən kənarlaşdırılsın. Tərtib edilmiş siyahıda İddiaçı 61-ci sırada göstərilib.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Milli Operatoru xx.xx.2024-cü il tarixli 3-27-109-2-389 nömrəli cavab məktubunda bildirilmişdir ki, Kəlbəcər rayonu xx.xx.1993-cü il tarixində işğal olduğuna görə, "xxxx" MMC-nin X6 fəaliyyətini Gəncə şəhərində bərpa etmişdir və hazırda Yeni qəsəbədə fəaliyyət göstərir.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli 3-34/2-120/01-3/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Kəlbəcər rayonu üzrə qeydiyyatda olan “Rabitə qovşağı” 28 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində mövcuddur. II. Məhkəmədə icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək kitabçasında qeyd edilmiş iş illərinin sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci ildə anadan olmuşdur və 20 yanvar 2022-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək fəaliyyəti dövrü, xx.xx.2006-cı il tarixinədək 16 il 2 ay 20 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 21.544,64 manat pensiya kapitalı əmək pensiyasına hesablanmışdır. Lakin 01 avqust 1983-cü il tarixdən 24 oktyabr 1985-ci il tarixədək Kəlbəcər rayon Rabitə qovşağında və 01 noyabr 1987-ci il tarixdən 01 noyabr 1993-cü il tarixədək Kəlbəcər rayon Rabitə qovşağında işlədiyi dövr sığorta stajına daxil edilməmişdir. O, qeyd etdiyi əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialına ərizə və sənədlərlə müraciət etmişdir. Lakin onun ərizəsi nəzərə alınmamış, iş stajı haqqında əmək kitabçasında göstərilən məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona göndərdiyi 23 may 2023-cü il tarixli 3-17-1/2-N-1147xx/xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-dan və Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialından daxil olmuş ərizələrinizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 12.1 -ci maddəsinə əsasən sizə xx.xx.2022-ci il tarixində əlliliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyasçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 307,41 manat çatdırılmışdır. Təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 16 il 2 ay 20 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 21.544,64 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (307,41 manat) dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək (işə daxil olma tarixi və əmri yoxdur) və xx.xx.1987-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (işdən çıxma tarixi və əmri yoxdur) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvercilikdə nəzərdə tutulmayıb. Yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır”. Azərbaycan Respublikasının ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona göndərdiyi 23 may 2023-cü il tarixli 3-17-1/2-N- 1147xx/xx-2023 nömrəli məktubuna əsasən o, xx.xx.2005-cı il tarixinədək 16 il 2 ay 20 gün sığorta stajına malik olmuşdur. Lakin onun əmək kitabçasına əsasən ümumi 8 il 2 ay 23 gün stajı hesablanmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən onun əmək kitabçasında göstərilən işlədiyi müddət sığorta stajına daxil edilməməsi hüquqlarının pozulmasına səbəb olur.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

15. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Rabitə Qovşağında işlədiyi illərin sığorta stajına daxil edilməklə, həmin dövrün nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 4-cü bəndi).

25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etiraz və etirazda əlavədə qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1983-cü il tarixli İT-İ ******* nömrəli və xx.xx.2011-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçaları; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-1147xx/xx/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X3 xx.xx.2023-cü il tarixli KPG-2023-10/02 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-27/2-7052/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 33 nömrəli cavab məktubu; - Əmək haqqı cədvəlləri; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X6 tərəfindən təqdim edilmiş Kəlbəcər rayon rabitə qovşağının xx.xx.1993-cü il tarixli əmrindən xx.xx.2023-cü il tarixli çıxarışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Milli Operatorun xx.xx.2024-cü il tarixli 3-27-109-2-389 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli 3-34/2-120/01-3/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə İİİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixədək ödənilmişdir. Sonra İddiaçı xx.xx.2023-cü il tarixdə Filiala müraciətindən sonra ona İİİ dərəcə əlilliyə görə xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilmiş və ödənilmiş sosial müavinət məbləği nəzərə alınmaqla fərq məbləğinin cari pensiyasına əlavə edilməsi nəzərdə tutulmuşdur. Daha sonra İddiaçı oğlunun təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 16 il 2 ay 20 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 21.544,64 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (307,41 manat) dəyişiklik olmamışdır. İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-1147xx/xx/2023 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək (işə daxil olma tarixi və əmri yoxdur) və xx.xx.1987-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (işdən çıxma tarixi və əmri yoxdur) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Onun yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır.

30. Cavabdeh orqan tərəfindən məhz xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Kəlbəcər rayon rabitə qovşağında növbətçi texnik və xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon rabitə qovşağında mantyor köməkçisi işlədiyi dövr mübahisələndirilərək, iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Buna əsas kimi isə N.Nağdəliyevin təqdim etdiyi əmək kitabçasının doldurulma qaydasının pozulması, yəni işdən çıxma tarixi və əmrinin olmaması göstərilmişdir (həm imtina məktubunda, həm yazılı etirazda).

31. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını əsaslı sayaraq, iddia tələbini qanunsuz və əsassız hesab edir.

32. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

36. Göründüyü kimi, əmək pensiyalarının təyin olunması sahəsində mövcud olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur.

37. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasında onun xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Kəlbəcər rayon rabitə qovşağında növbətçi texnik və xx.xx.1987ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon rabitə qovşağında mantyor köməkçisi işlədiyi qeyd olunsa da, xx.xx.1983-cü il tarixində işə daxil olma tarixi və əmri, xx.xx.1985-ci il tarixində işdən çıxma tarixi və əmri, həmçinin xx.xx.1987-ci il tarixində işə daxil olma tarixi və əmri göstərilməmiş, yalnız xx.xx.1993-cü il tarixində işdən çıxma tarixi və əmri kimi xx.xx.1993-cü il tarixli 21 nömrəli əmr qeyd edilmişdir. Əmək kitabçasında iddiaçının xx.xx.1987-ci il tarixində işə daxil olma tarixi və əmri qrafasında “şahidçiliklə doldurulmuşdur” yazılmışdır.

38. Halbuki, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən tərəfindən və ... Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Bənd 3.9. Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir.

39. Göründüyü kimi, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi dövr üzrə onun əmək kitabçası normativ-hüquqi aktda nəzərdə tutulmuş qaydada doldurulmadığından, o cümlədən əmək kitabçasının şahid ifadələri əsasında doldurulmasına yol verilmədiyindən onun həmin stajın nəzərə alınması üçün mötəbər sənəd kimi qəbul edilməsi istisna olunur.

40. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

41. Hazırkı işdə iddiaçının əmək kitabçasında işə daxil olma və işdən çıxma əmri mövcud olmadığı üçün, iddiaçının işlədiyini iddia etdiyini dövrü təsdiq edən digər sənədlərin mövcudluğu da araşdırılmış, lakin onun göstərilən vaxtlarda işləyib-işləməməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. Belə ki, iddiaçının həmin dövrdə işlədiyi müəssisə Kəlbəcər rayon rabitə qovşağı olduğundan və Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq 01 aprel 1993-cü il tarixinə qədər Kəlbəcər rayon Rabitə Qovşağına aid olan sənədlər işğal ərazisində qaldığından hər hansı sənədin əldə edilməsi mümkün olmamışdır.

42. Göründüyü kimi, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Kəlbəcər rayon rabitə qovşağında növbətçi texnik və xx.xx.1987-ci il tarixdən xx.xx.1993cü il tarixədək Kəlbəcər rayon rabitə qovşağında mantyor köməkçisi işləməsi öz təsdiqi tapmadığından, bu barədə təsdiqedici sənədlər mövcud olmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən cavabdeh tərəfindən həmin dövrlər sosial sığorta stajı kimi qəbul edilməmişdir.

43. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

44. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar