Məhkəmə qərarları › İş №2-1(114)-349/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-349/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-349/2021 22.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı gömrük rüsumunun və əlavə ödənilmiş ƏDV-nin geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasına idxal etdiyi malların ********** alt yarımmövqelərinin əsassız hesab edilib, faktiki olaraq ********** alt yarımmövqeyinə uyğun olaraq artıq ödədiyi 15% gömrük rüsumunun və əlavə ödədiyi ƏDV-nin onlara qaytarılması, həmçinin gələcəkdə gömrük ödəmələrinin həyata keçirilməsi üçün avans olaraq gömrük orqanının balansında saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda qeyd edilən iddia onlar üçün əhəmiyyət daşımır. Ona görə də, iddia ərizəsinə mahiyyəti üzrə baxılmadan sənədlərin geri qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi təqdim edilmiş ərizəyə etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizəni nəzərdən keçirib hesab edir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. İş materiallarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 349/2021 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 154,16 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata iddiaçının vəsatətinə əsasən xitam verildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 154,16 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi təmin edilsin. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı gömrük rüsumunun və əlavə ödənilmiş ƏDV-nin geri qaytarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 154,16 manat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq müxbir hesab AZ41NABZ********************, SWİFT:CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN: **********, Hesab:AZ34CTRE******************** saylı hesaba köçürülsün. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar