Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-349/2022 02.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Büdcə İdarəsinin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi və 15.02.1993-10.02.1996-cı illərdə həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əşya əmlakı əvəzinə və istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı 08.09.2014-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Büdcə İdarəsinin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi və 15.02.1993-10.02.1996-cı illərdə həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əşya əmlakı əvəzinə və istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24.11.2014-cü il tarixli, 2-1(84)-1614/2014 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı 15.02.1993-10.02.1996-cı illərdə həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əşya əmlakı əvəzinə və istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyanın ödənilməsi öhdəliyi qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2-1(104)-499/2020 nömrəli qərardadla Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24.11.2014-cü il tarixli, qərarında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə cavabdehin nümayəndəsinin ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbul olunmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin 06.10.2020-ci il tarixli, 2-1(102)- 1821/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2-1(104)-499/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10.06.2021-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi Gəncə İnzibati Məhkəməsinin 2-1(84)- 1614/2014 nömrəli, 05.07.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29.09.2021-ci il tarixli, 2-1(104)-632/2021 nömrəli qərardadla Gəncə İnzibati Məhkəməsinin 2-1(84)-1614/2014 nömrəli, 05.07.2021-ci il tarixli qərardadı ləğv edilmiş, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təmin edilmiş, icraat təzələnmiş və iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1987-1989-cu illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, sonra səfərbərliklə bağlı yenidən hərbi xidmətə çağrılaraq 15.02.1993-cü ildən 10.02.1996-cı ilədək N saylı hərbi hissədə xidmətdə olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu 3 ( üç ) il müddətində məzuniyyətdən istifadə etməmiş və eyni zamanda tərxis olunduqdan sonra ona verilməli olan əşya əmlakı əvəzinə pul kompensasiyası verilməmişdir. Bu məsələ ilə bağlı pul verilməsi üçün ərizə ilə 2013-cü il ərzində azı 3-4 dəfə AR MN-nin Şəxsi Heyət Baş İdarəsinə müraciət etsə də cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin məhkəmə iclası 02 fevral 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı 01.02.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı 17.12.2021-ci il tarixli, 11/5926 nömrəli etirazda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 05993276 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin 25.04.2013-cü il tarixli, SH9B/417 nömrəli məktubun surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin 11.04.2013-cü il tarixli, 10/1261 nömrəli məktubun surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 12.08.2014-cü il tarixli, 12/2208 nömrəli məktubun surəti; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə ünvanladığı 22.10.2014-cü il tarixli, ***-*******14 nömrəli məktub. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olmuş, lakin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin 24 dekabr 2020-ci il tarixli məktubunda əks olunan məlumatına əsasən İddiaçı müddətli həqiqi hərbi xidmətdə hərbi qulluqçu olması barədə məlum olmuşdur. Belə ki, məktuba əlavə olunmuş qeydiyyat kartasının təsdiq olunmuş surətində 15.02.1993-10.02.1996-cı il tarixədək müddətli həqiqi hərbi xidmətdə keçməsi göstərilmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasinin Qanunu Maddə
12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması: -12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: -12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; -12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 112 nömrəli 15 mart 2004-cü il tarixli əmrinin 173-cü maddəsində qeyd edilmişdir ki, hərbi qulluqçulara onların istəyi ilə pul kompensasiyasının ödənilməsinə aşağıda göstərilən hallarda icazə verilir: - zabit heyətindən olan şəxslər, gizirlər, qadın hərbi qulluqçular və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular yaşına, xəstəliyinə və ştat ixtisarına görə ehtiyata və istefaya buraxılarkən, axırıncı 36 ayda təminat normalarına əsasən, alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququna malikdirlər. Bundan əlavə Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 1005-İİİQD nömrəli Qanunu ilə «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə»yə müvafiq əlavələr edilmişdir. Həmin qanuna əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu digər təqvim illəri ücün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Belə ki, iddiaçı səfərbərlik əsasında xidmətə çağırılmış və “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.01.1996-cı il tarixli 433 nömrəli Fərmanı əsasında verilmiş Müdafiə nazirinin 26 nömrəli 24.01.1996-cı il tarixli əmrinə müvafiq olaraq müddətli hərbi xidmətdən ehtiyata buraxılmışdır. Səfərbərlik əsasında hərbi xidmətə çağırılmış şəxslərin statusu müddətli xidmət hərbi qulluqçularına bərabər tutulur və onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların tutmalı olduğu müvafiq vəzifələrə təyin edilirlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması nəzərdə tutulur. Qeyd olunan şərtlərin mövcud olmaması şəxsə pul kompensasiyasının imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçı səfərbərlik əsasında xidmətə çağırıldığından və “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.01.1996-cı il tarixli 433 nömrəli Fərmanı əsasında verilmiş Müdafiə nazirinin 26 nömrəli 24.01.1996-cı il tarixli əmrinə müvafiq olaraq müddətli hərbi xidmətdən ehtiyata buraxıldığından müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu kateqoriyadan hərbi qulluqçularda aiddir. Səfərbərlik əsasında hərbi xidmətə çağırılmış şəxslərin statusu müddətli xidmət hərbi qulluqçularına bərabər tutulur və onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların tutmalı olduğu müvafiq vəzifələrə təyin edilirlər. 03 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 120-ci maddəsinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına-müddətli həqiqi hərbi xidmət ərzində-bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına-hər təqvim ili üçün 30 gün; v) gizirlərə-hər təqvim ili üçün 35 gün; q) zabitlərə-hər təqvim ili üçün 45 gün. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər rayon şöbəsinin 21.12.2020-ci il tarixli 1011 №-li məktubundan görünür ki, İddiaçı Rəhirn oğlu siravi əsgər kimi hərbi xidmətdə olmuş və o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əmək münasibətində olmamış, yəni onunla əmək müqaviləsi bağlanmamışdır. Həmin məktuna əlavə olunmuş qeydiyyat kartasında iddiaçının 15.02.1993-10.02.1996-cı il tarixədək müddətli müddətli həqiqi hərbi xidmət keçməsi göstərilmişdir. Həmin Qanuna əsasən hərbi qulluqçu istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara istisna edilmişdir. Halbuki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara növbəti məzuniyyətə görə kompensasiya verilməsi nəzərdə tutulmamışdır və bunun mexanizmi icra mövcud qeyil. (Əsas: Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 1005-İİİQD nömrəli Qanunu). Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 1005-İİİQD nömrəli Qanunu ilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə müvafiq əlavələr edilmişdir. Həmin qanuna əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 11 avqust 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Büdcə İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Büdcə İdarəsinin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi və 15.02.1993-10.02.1996-cı illərdə həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əşya əmlakı əvəzinə və istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov