Məhkəmə qərarları › İş №2-1(114)-3491/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3491/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3491/2022 15.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixədək ödənilməmiş aylıq 80 manat məbləğində Prezident təqaüdünün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2022-ci il tarixdə 036647 nömrəli Müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir. İddiaçıya müvafiq qərarı ilə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Daha sonra iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Qazax- Tovuz regional filialına müraciət edərək Prezident təqaüdünün təsis edildiyi tarixindən almadığı Prezident təqaüdünün fərqinin ödənilməsinə dair müvafiq tapşırıq verilməsini xahiş etmişdir. Müraciət aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə **********0 nömrəli məktubla iddiaçıya əsaslandırılmış imtina cavabı verilmişdir. Həmin məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən, müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2022-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. İddiaçıya bildirilmişdir ki, veteran vəsiqəsi xx.xx.2022-ci il tarixdə verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ mövcuddur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 15 aprel 2019-cu il tarixdən 10 may 2022-ci ilədək ödənilməmiş aylıq 80 manat məbləğində Prezident təqaüdünün hesablanaraq ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********6 nömrəli etirazında göstərilmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixində veteran vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ona Prezidentin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün müavinət deyil, 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilməsi təqaüdə şamil edilmir. Digər tərəfdən də,"Sosial müavinətlər haqqında" Qanuna əsasən "ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir." Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin "müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi" sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan əvvəlki dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.33-cü bəndinə görə müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. "Veteranlar haqqında" Qanunun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına xx.xx.2022-ci il tarixdə verilmiş 036647 nömrəli müharibə veteranı vəsiqəsinin surəti, xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubu, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli etirazın surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Hazırkı mübahisə müharibə veteranlarına Prezident təqaüdünün təsis edildiyi xx.xx.2019-cu il tarixdən veteran vəsiqəsinin verildiyi xx.xx.2022-ci il tarixədək ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2022-ci il tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15 aprel 2019-cu il tarixdən 10 may 2022-ci ilədək ödənilməmiş aylıq 80 manat məbləğində Prezident təqaüdünün hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar