Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3495/2024 04.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X7 xx.xx.1964-cüi il tarixində anadan olmuş və bu barədə 52 nömrəli Doğum haqqında akt qeydi tərtib edilmişdir. İV-ЖГ 348643 nömrəli xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx xxx 1964-cü il tarixində Ağdam rayonunda anadan olmuşdur, ata qrafasında X1, ana qrafasında isə X2 qeyd edilmişdir. İV-ЖГ 375439 nömrəli xx.xx.1988-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X3 nikaha daxil olmuşlar. AZE №1485959 seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1964-ci il tarixində anadan olmuşdur. İddiaçı Cavabdehnə müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək xx.xx.2024cü il tarixli, 793-05/15 nömrəli məktubu ilə bildirilmişdir ki, Ağdam rayonu Xındırıstan İ/N tərəfindən tərtib edilmiş 52 saylı xx.xx.1964-cü il tarixli doğum haqqında akt qeydində uşağın soyadı “Rzayev” kimi yazılmasına baxmayaraq onun AA ******** saylı şəxsiyyət vəsiqəsində soyadı “Məmmədov” kimi qeyd edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir.Sənədlər arasında ziddiyyət olduğu üçün vətəndaşa məxsus olan vətəndaşlıq vəziyyəti akt qeydlərində soyadın “Rzayev” -dən “Məmmədov”-a dəyişdirilməsi imkan xaricindədir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu, Xındırıstan k/soveti tərəfindən qeyd edilmiş xx.xx.1964-cü il tarixli, 52 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “Məmmədov” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxx 1964-cü ildə Ağdam rayonu, Xındırıstan kəndində anadan olmuşdur,həmin vaxt onun doğum dövlət orqanında qeyd etdirilmiş və onun adına Ağdam rayonu, Xındırıstan k/soveti tərəfindən xx.xx.1964-cü il tarixli, 52 nömrəli doğum haqqında akt qeydi əsasında doğum haqqında şəhadətnamə (İV-JQ № 348643) verilmişdir. Onun adına verilmiş doğum haqqında şəhadətnamədə soyadı Məmmədov kimi qeyd olunmuş və sonradan doğum akt qeydi əsasında adına alınmış digər sənədlərdə də soyadı Məmmədov kimi qeyd olunmuşdur. Hər kəs onun soyadını Məmmədov kimi bilir. Sənədləşmə işləri ilə bağlı dövlət orqanına müraciət etmiş,ancaq onun doğum akt qeydində soyadında uyğunsuzluq olduğunu bildirərək Qeydiyyat şöbəsinə müraciət etməyi izah olunmuşdur.Cavabdehnə müraciət edərkən doğum haqqında akt qeydində soyadının “Rzayev” kimi qeyd edildiyi məlum ollmuşdur. Cavabdeh tərəfindən doğum haqqında akt qeydində düzəliş edilməsi birbaşa onların səlahiyyətinə aid olmadığı bildirilərək məhkəməyə müraciət etməli olduğum tövsiyyə edilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 52 nömrəli Doğum haqqında akt qeydində onun soyadı Rzayev qeyd edilsə də, ona məxsus digər sənədlərdə soyadı Məmmədov qeyd edilmişdir. Bu səbəbdən də iddiaçı cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığı üçün onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların: -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Beləliklə müəyyən olunur ki, iddiaçı onun soyadının Məmmədov olduğunu iddia etsə də, ona məxsus ilkin sənəddə, yəni doğum haqqında akt qeydində soyadı “Rzayev” kimi qeyd edilmişdir, eyni zamanda doğum akt qeydində iddiaçının ata adı qrafasında heç bir qeydiyyat aparılmamışdır, iddiaçının soyadının Məmmədov və yaxudda atasının soyadının Məmmədov olması ilə bağlı 52 saylı, 14 may 1964-cü il tarixli doğum akt qeydində heç bir qeydiyyat aparılmamışdır.Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas yoxdur. Doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının soyadının doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, sonrakı sənədlər ilkin doğum haqqında akt qeydində səhv olması nəticəsinə gəlməyə əsas vermir. Həmçinin iddiaçının sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3495/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3495/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver