Məhkəmə qərarları › İş №2-1(114)-35/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-35/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-35/2022 08.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Şəmkir bələdiyyəsinİin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şəmkir bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı X7 və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Şəmkir bələdiyyəsi (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X5) xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X3 adına qeyd edilmiş A seriyalı, 468106 nömrəli xx.xx.2013-cü il tarixli “X7 və ölçüsü”nün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X1 şəhəri “kraz yolu” adlanan ünvanında yaşayır. Şəmkir şəhəri "Kraz Yolu" adlanan ərazidə İddiaçı mülkiyyətində əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları vardır. 2020-ci ilin dekabr ayının əvvəllərində Şəmkir şəhər sakinlərinin müraciətinə əsasən həmin örüş torpaq sahələrini icarə müqaviləsi əsasında icarəyə vermək istəyərkən məlum oldu ki, örüş torpaq sahəsinin 600 kv.m hissəsi saxta yollarla X3 adına sənədləşdirilmişdir. Belə ki, onların nümayəndəsi tərəfindən torpaq sahəsinə icarəyə verilməsi üçün yerində baxış keçirilərkən artıq Salman Məmmədovun adına rəsmiləşdirildiyi bildirilmişdir. X3 adına qeydə alınmış A seriyalı, 468106 nömrəli xx.xx.2013-cü il tarixli “X7 və ölçüsü” sənədi qanunsuz olduğundan ləgv edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunan sənədlər toplusunda Seriya A 468103 nömrəli, xx.xx.2013-cü il tarixli “X9 və ölçü sənədi olmadığı üçün yerləşdiyi ərazini müəyyən etmək mümkün olmamış, Şəmkir bələdiyyəsinin iddia etdiyi 600 kv.m torpaq sahəsi və həmin sahənin yerləşdiyi ərazi elekton bazaya işlənməmiş və Şəmkir rayonu Şəmkir şəhəri “Nərimanov” adına Təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair Kompleks Yerqurluşu xəritəsinə əsasən Şəmkir bələdiyyəsinin iddia etdiyi 600 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 08 sentyabr 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasına barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********67 nömrəli və məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********26 nömrəli məktubların surətləri; - Şəmkir rayon Şəmkir bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 nömrəli protokolunun surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, İddiaçı mülkiyyətində olan örüş torpaq sahəsinin 600 kv.m hissəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon Şöbəsi tərəfindən Şəmkir rayon N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1992-ci il tarixli, 53 nömrəli əmri əsasında Seriya A№ 468106 saylı, xx.xx.2013-cü il tarixli "X7 və Ölçüsü" əsasında X3 adına qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli arayışından müəyyən olunur ki, Şəmkir şəhəri inzibati ərazi dairəsi üzrə ləğv edilmiş “DT və XK”nin Şəmkir rayon şöbəsi tərəfindən X3 adına 600 kv.m torpaq sahəsinə Şəmkir rayon N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1992-ci il tarixli, 53 nömrəli əmri ilə A seriyalı 468106 nömrəli, xx.xx.2013cü il tarixli “X7 və ölçü” sənədi tərtib edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-666/2021 nömrəli qərardadı ilə keçirilmiş mütəxəssis rəyinin nəticəsindən də aydın olur ki, Şəmkir rayonu Şəmkir şəhəri “Nərimanov” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair Kompleks Yerquruluşu xəritəsinə əsasən 600 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı: - İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”: - 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: - 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, A seriyalı, 468106 nömrəli xx.xx.2013-cü il tarixli “X7 və ölçüsü” sənədi ilə X3 adına qeyd edilmiş 600 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olan əhalinin mal-qarası üçün istifadə olunan örüş torpaq sahəsidir və xüsusi mülkiyyətə verilə bilməzdi. Mübahisəli torpaq sahəsi X3 adına qeyd edilərkən torpaq sahəsinin təyinatı müəyyən edilmədən sonuncunun adına rəsmiləşdirilmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, X3 adına qeyd edilmiş A seriyalı, 468106 nömrəli xx.xx.2013-cü il tarixli “X7 və ölçüsü” sənədi iddiaçının hüquqlarını pozduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 12.1. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2. məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. - 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddiaçı Şəmkir bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı X7 və ölçüsü sənədinin ləğv edilməsi tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. X3 adına qeyd edilmiş A seriyalı, 468106 nömrəli xx.xx.2013-cü il tarixli “X7 və ölçüsü” sənədi ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar