Məhkəmə qərarları › İş №2-1(114)-35/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-35/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-35/2023 03.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı “Rövşən Kəndli (fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil, Cavabdeh nümayəndəsi X5, Üçüncü şəxs X2 vəkili X6 iştirakları ilə, İddiaçı “Rövşən Kəndli (fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı (üçüncü şəxs X7) sərəncamın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı “Rövşən Kəndli (fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu Ceyrançöl Massivində 23 saylı qış otlaq sahəsindən 350 ha örüş sahəsinin 3-cü şəxs X4 icarəyə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 07 saylı sərəncamının və xx.xx.2016-cı il tarixli 02 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-921/2022 nömrəli qərardadı ilə iddiaçı “Rövşən Kəndli (fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı sərəncamın ləğv olunması tələbilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Bundan sonra iddiaçının vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux rayonu Ceyrançöl massivində 23 saylı qış otlaq sahəsində 350 ha örüş sahəsinin üçüncü şəxs X4 icarəyə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 16 may 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 190 saylı sərəncamı və bu sərəncam əsasında bağlanmış xx.xx.2000-ci il tarixli 68 saylı icarə müqaviləsi ilə Ceyrançöl massivi 23 saylı sahədən heyvandarlığın inkişafı məqsədi üçün “Rövşən” kəndli fermer təsərrüfatına dövlət torpaq fondundan 25 il müddətinə 1090,0 ha torpaq sahəsi ayrılmış və torpaqdan müvəqqəti istifadə hüququna dair xx.xx.2005-ci il tarixli JN06590 nömrəli şəhadətnamə verilmişdir. Qış otlaq sahəsindən təyinatına uyğun istifadə etməklə yanaşı icarə müqaviləsinin şərtlərinə əməl etmiş və müəyyən edilmiş icarə haqqını da vaxtında ödəmişlər. Hal-hazırda borc mövcud deyil. 12 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X1 RİH-i başçısının xx.xx.2016-cı il tarixli 07 saylı sərəncamına və bu sərəncam əsasında onunla bağlanılmış xx.xx.2016-cı il tarixli 02 saylı icarə müqaviləsinə əsaslanıb Samux rayon məhkəməsinə müraciət edərək istifadələrində olan Ceyrançöl massivində 23 saylı qış otlaq sahəsindən çıxmaqlarını tələb edir. Üçüncü şəxsə ayrılmış 350 ha torpaq sahəsi uzun müddətdir istifadələrində olan və istifadə hüquqları dövlət qeydiyyatına alınmış 1090,0 ha torpaq sahəsinin tərkib hissəsidir və ona verilmiş 350 ha torpaq sahəsində istifadə dövlət qeydiyyatına alınmamışdır. X11-İqtisadi məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Ceyrançöl massvinin 23 saylı sahəsində 350 ha qış otlaq sahəsinin Ə.Hüseynova icarəyə verilməsi barədə Samux RİH başçısının xx.xx.2013-cü il tarixli sərəncamı və sərəncam əsasında bağlanılmış xx.xx.2013-cü il tarixli 02 saylı icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 03 aprel 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı “Rövşən Kəndli (fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil iddianı müdafiə edərək tələbinin təmin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Cavabdeh nümayəndəsi X9 və üçüncü şəxsin vəkili X10 ayrı-ayrılıqda iddia tələbinin qəbul etməyərək, tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh xx.xx.2000-ci il tarixli, 190 nömrəli “Dövlət torpaq fondunun icarəyə verilməsi haqqında” sərəncamından görünür ki, Ceyrançöl massivində yerləşən suvarılmayan 23 saylı sahədən 1090.0 ha qış otlaq sahəsi ayrılıb “Rövşən Kəndli (fermer) Təsərrüfatı”-nın başçısı X3 25 il müddətinə icarəyə verilmişdir. - işə əlavə edilmiş xx.xx.2000-ci il tarixli 68 saylı torpaq sahəsinin icarə verilməsi müqaviləsindən görünür ki, Cavabdeh Başçısının qərarına əsasən “Rövşən Kəndli (fermer) Təsərrüfatı” müəssisəsinin başçısı R.Mustafayevin icarəsinə qoyunçuluğu inkişaf etdirmək üçün 25 il müddətinə illik 981.000 manat icarə haqqı ilə 1090,0 ha qış otlaq sahəsi verilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamından görünür ki, Samux rayonu Ceyrançöl massivində 23 saylı qış otlaq sahəsindən orta ot örtüyünə malik suvarılmayan, 700 baş tutumu olan 350 hektar örüş sahəsi ayrılaraq qoyunçuluqla məşğul olmaq üçün X4 15 il müddətinə icarəyə verilmişdir. - işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli 02 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, X4 Ceyrançöl massivində yerləşən suvarılmayan 23 nömrəli sahədən yaxşı (orta) ot örtüyü olan, suvarılan (suvarılmayan) 350.0 ha qış otlaq sahəsi 15 il müddətinə istifadəyə verilmişdir. - işə əlavə edilmiş “torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2005-сi il tarixli JN-6590 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 190 saylı qərarına əsasən Samux rayonu Ceyrançöl massivində 23 nömrəli sahədən heyvandarlıq üçün 25 il müddətinə, 1090.0 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-742-2015 nömrəli qərarından görünür ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 190 saylı sərəncamı ləğv edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(104)-151/2016 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-742-2015 nömrəli qərarı ləğv edilmişdir. - işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Torpaqdan müvəqqəti istifadə Hüququna dair JN-6590 (kod-5070000) nömrəli Şəhadətnamə ilə Samux rayonu İcra Hakimiyyəti başçısının 29 dekabr 2000-ci il tarixli 190 saylı qərarı ilə, heyvandarlıq üçün 25 (iyirmi beş) il müddətinə “Rövşən Kəndli (fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş, Samux rayonu “Ceyrançöl” massivi ərazisindəki 23 nömrəli sahədən 1090.0 hektar torpaq sahəsinin, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamı ilə X4 icarəyə verilmiş Samux rayonu, “Ceyrançöl” massivində 23 saylı qış otlaq sahəsində yerləşən 350.0 ha örüş sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2000-ci il tarixli, 190 nömrəli sərəncamı ilə Ceyrançöl massivində yerləşən suvarılmayan 23 saylı sahədən 1090.0 ha qış otlaq sahəsi ayrılıb “Rövşən Kəndli (fermer) Təsərrüfatı”-nın başçısı X3 25 il müddətinə icarəyə verilmiş və həmin sərəncamın əsasında sonuncu ilə icarə müqaviləsi bağlanaraq “torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-6590 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 190 saylı qərarına əsasən Samux rayonu Ceyrançöl massivində 23 nömrəli sahədən heyvandarlıq üçün 25 il müddətinə, 1090.0 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-742-2015 nömrəli qərarı ilə Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 190 saylı sərəncamı ləğv edilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası sözügedən qərarı ləğv edərək ilkin iddianın təmin edilməməsini qərara alımışdır. Bundan sonra Cavabdeh xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamı ilə Samux rayonu Ceyrançöl massivində 23 saylı qış otlaq sahəsindən orta ot örtüyünə malik suvarılmayan, 350 hektar örüş sahəsi üçüncü şəxsə 15 il müddətinə icarəyə verilmişdir. İddiaçı hazırda üçüncü şəxsə sərəncamla verilmiş 350 hektar torpaq sahəsinin xx.xx.2000-ci il tarixli, 190 nömrəli sərəncamı ilə ona verilmiş torpaq sahəsinin tərkibində yerləşdiyini iddia edərək, cavabdehin xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamının ləğv edilməsini tələb edir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilmə halları nəzərdə tutulmuşdur və qanunverici yalnız həmin əsaslarla qanuni inzibati aktların ləğv olunma dairəsini məhdudlaşdırmışdır: inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İş materiallarından görünür ki, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə əsas olmuş sərəncam birinci instansiya məhkəməsi tərəfindən ləğv olunsa da, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin qərar ləğv edilmiş, nəticədə ilkin vəziyyət bərpa edilmişdir. Lakin cavabdeh sərəncamın hüquqi qüvvəsini saxladığını nəzərə almadan mübahisələndirilən sərəncamı qəbul edərək, 350 ha torpaq sahəsini üçüncü şəxsin icarəsinə vermişdir. Bundan əlavə mütəxəssis rəyi ilə də təsdiq olunur ki, 29 dekabr 2000-ci il tarixli 190 saylı sərəncam ilə verilmiş torpaq sahəsi xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamı ilə icarəyə verilmiş torpaq sahəsi üst-üstə düşür. Beləliklə cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncam qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən sərəncamın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 saylı sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar