Məhkəmə qərarları › İş №2-1(114)-35/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-35/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-35/2025 20.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1970-ci il tarixdə Xankəndində anadan olmuş, hazırda Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda məskunlaşmışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmaqla, ona Xocalı rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2007-ci il tarixdə 073371 nömrəli veteran vəsiqəsi verilmişdir. İddiaçıya ilk dəfə ümumi xəstəlik səbəbi ilə xx.xx.1999-cu il tarixdə 01 il müddətinə, daha sonra xx.xx.2001-ci il tarixdə 1 il müddətinə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar səbəbli əlaqəsi ilə xx.xx.2002-ci il tarixdə 1 il müddətinə, xx.xx.2003-cü il tarixdə 1 il müddətinə, xx.xx.2005-ci il tarixdə 1 il müddətinə, xx.xx.2006-cı il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. X7-Sosial Ekspert Komissiyasının SER TSE-01№451191 nömrəli,xx.xx.2008-ci il tarixli müayinə aktı ilə iddiaçıya hərbi əməliyyatlar keçirilən zona ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1695 nömrəli qərarı ilə “odlu mərmi partlamasından sonrakı sol təpə-gicgah nahiyyəsində bir ədəd, başın sağ təpə nahiyyəsində bir ədəd, sağ əl pəncəsinin ovuc səthində, əl daraqlarının distal ucları səviyyəsində köndələn istiqamətdə yerləşmiş bir ədəd, sol əlin 4cü barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumaları" (Azərbaycan Respublikası SHXÇDX-nin Xocalı rayon bölməsinin xx.xx.2017-ci il tarixli 26 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 191 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli k/460 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktı, Ağdam rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi təsdiq olunmuşdur. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında iddiaçı “G40 Epilepsiya” diaqnozu ilə xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə müalicə almışdır. Həmin xəstəxana tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli göndəriş əsasında iddiaçıya diaqnoz kimi qoyulmuşdur: Əsas diaqnoz: Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Xəstə Azərbaycan Respublikasının Müdafiəsi zamanı odlu mərmi partlamasından sonrakı sol təpə-gicgah nahiyyəsində bir ədəd, başın sa təpə nahiyyəsində bir ədəd, sağ əl pəncənin ovuc təthində, əl daraqlarının distal ucları səviyyəsində köndələn istiqar yerləşmiş bir ədəd, sol əlin 4-cü barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin on səthində bir ədəd köhnə çapıq toxumaları müşahidə olunur; Ağırlaşma: S06.2 - Baş beynin diffuz travması, QKBT- nın davamlı qalıq əlamətləri; Ağırlaşma: G40 - Epilepsiya, Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-9 dəfə) Ağırlaşma: M24.5 - Oynaqların kontrakturası, Sağ əl daraqlarının travması nəticəsində barmaqların kontrakturası, sol əlin 4-cü barmağının postravmatik konrakturası. Ağırlaşma: F06.6 - Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Ağırlaşma: G93.1 - Baş beynin digər rubrikalarda təsnif olunmayan anoksik zədələnməsi, Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə; Ağırlaşma S06.0 - Baş beynin silkələnməsi; Yanaşı xəstəliklər: H52.4 – Presbiopiya, OU-Presbiopiya, VOU=0,7 k/etmir; Yanaşı xəstəliklər: J31.0 - Xroniki rinit, Yanaşı xəstəliklər: G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, NSD-qarışıq tipli Yanaşı xəstəliklər: İ25.6 - Miokardın simptomsuz işemiyası, Yanaşı xəstəliklər: K26 - Onikibarmaq bağırsağın xorası Yanaşı xəstəliklər: K29.3 - Xroniki səthi qastrit Yanaşı xəstəliklər: K86.1 - Digər xroniki pankreatitlər, Xr.pankreatit xx.xx.2017-ci il tarixli qiymətləndirmə zamanı iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 49-0131 nömrəli qərarı ilə iddiaçıya ikinci qrup müharibə əlilli kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 143 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Daha sonra həmin təqaüdün məbləği DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin 17 nömrəli sərəncamı ilə 158 manat, 18 saylı regional filialının sərəncamı ilə xx.xx.2019-cu il tarixdə 230 manat, xx.xx.2021-ci il tarixdən 350 manat miqdarında müəyyən edilmişdir. İddiaçı həmin zaman DSMF Gəncə şəhər Nizami rayon şöbəsindən 2-ci qrup Qarabağ əlilliyinə görə 146,87 manat əmək pensiyası alırdı. Keçmiş Gəncə-Nizami rayon şöbəsində istifadə olunan FOX PRO proqramındakı məlumata əsasən iddiaçıya İİ dərəcə əlilliyə görə xx.xx.1998-ci ildən xx.xx.2018-ci ilədək əmək pensiyası ödənilmişdir. (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə- Daşkəsən regional filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-128995/2023 nömrəli arayışına əsasən) DSMF Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-R-53579/2023 nömrəli qərarı ilə iddiaçıya müharibə veteranı kimi xx.xx.2022-ci il tarixdən Prezident təqaüdü təyin edilmişdir. Növbəti dəfə iddiaçıya dair X2 tərəfindən B00070714JİD nömrəli göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə iddiaçının müayinə nəticəsi qeyd edilmişdir: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu - Zahirən narahat və gərgindir. Maraq dairəsi daralıb. Bir yerdə qərar tuta bilmir. Əhval ruhiyyəsi enikdir. Özünə qapanır, tək qalmaq istədiyini bildirir. Suallara əsəbi və qısa cavablar verir. Konfliktlərə meyillidir. Ünsiyyət əlaqəsinə həvəssiz daxil olur. Hər xırda qıcıqlara güclü reaksiyalar verir. Emosional reaksiyaları adekvat deyil. Yuxusu və yaddaşı pozulub. Vaxtını səmərəli keçirmir. Verilən tapşırıqları cətinliklə yerinə yetirir. Olmuş hadisələri xroniki qaydada danışa bilmir. Təfəkkürü ləng tiplidir. Özünə qəsd fikirlərini həyata keçirməyə cəhd edir. Döyüş zonasında aldığı travma ilə əlaqədar olaraq ayda 8-10 dəfə qıcolma tutmaları keçirir. Tutma zamanı gözlərinin işığa reaksiyası itir, huşunu itirir, hara gəldi yıxlır, aşağı ətraflarda tonik-klonik tutmalar baş verir. tumanın gedişi 4-5 dəqiqə çəkir. Tutmadan sonra xəstə halsız və süst qalır. Və bir necə dəfə yerini islatması söylənilir. Şəxsiyyətində dəyişikliklər var. Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəlik kimi G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Sonuncu göndəriş əsasında cavabdeh iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və 1994-2019-cu illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmadığından natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır (cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-14780/2024 nömrəli məktubuna əsasən). İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək məhkəmədən xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Nəzərə almağınızı xahiş edirik. Hörmətlə, Agentliyin nümayəndəsi X5 Əlillik AS-də forma 88, smsbildirişi mövcud olmadığından şüphəli əsaslar gətirilərək X1 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 2 (iki) nəfərə dair müxtəlif tarixlərdə əyani müayinəyə çağırılmaları barədə ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıya münasibətdə xx.xx.2023cü il tarixdə X2 tərəfindən verilmiş tibbi göndərişdə olan natamam məlumatların tamamlanmasının təmin olunması və bundan sonra iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə şəxsin əyani müayinəsini keçirərək müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi cavabdehə həvalə edilmişdir. Həmin qərardad əsasında iddiaçı əyani müayinədə olmuş və təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya ümumi xəstəlik səbəbi ilə xx.xx.1999-cu il tarixdən, xx.xx.2008-ci il tarixli müayinə aktı ilə hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu müayinə zamanı isə 1994-2019-cu illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmadığından natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Məhkəmə qərardadı əsasında cavabdeh tərəfindən iddiaçının yenidən əyani müayinəsi keçirilmişdir. Həmin müayinəyə dair cavabdeh xx.xx.2024-cü il tarixli qərarında qeyd etmişdir: Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "Üzvi mənşəli şəxsiyyət pozuntusu" diaqnozu araşdırılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, aqressivlikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında hərbi xidmət zamanı mərmi partlaması nəticəsində xəsarətlər aldığını, əsəbləşən zaman tutmaların olduğunu, ilk öncə ağızda dad bilməsinin itdiyini, sonra tutmanın baş verdiyini bildirmiş, xəstəliyi ilə bağlı müxtəlif xəstəxanalarda müalicə aldığını, medikamentoz preparatlardan "Fenazepam", "Depakin 500" qəbul etdiyini qeyd etmişdir. Vətəndaş komissiya üzvləri tərəfindən verilən suallara aqressiv cavablar vermiş, "Bütün sənədlərim məhkəmədədir, nə varsa ordadı" kimi cavablar vermişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, tutma videosunu təqdim etməmiş, anamnestik olaraq ətraflı məlumat verməmiş, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Müayinə zamanı xəstə hərəkətli olub, artefaktlar üstünlük təşkil edir" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. psixi statusunda əyani müayinədə vətəndaş simulyativ davranış nümayiş etdirmiş, tibbi nüayinə və müalicə sənədlərini təqdim etməmiş, şikayətlərini formalaşdıra bilməmişdir. emosional labil şəxs kimi dəyərləndirilmiş, geyimi səliqəli, mimikası canlı, nitqi aydın, colğun olmuş, hazırda heç bir insturmental müayinə nəticəsini təqdim etməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Hazırkı mübahisə üzrə iddiaçıya qoyulmuş əsas diaqnoz –– “Üzvi mənşəli şəxsiyyət pozuntusu; - (F07.0 XBT)” Yanaşı xəstəlik isə generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) G40.3 XTB” olmuşdur. Qeyd edilən XBT F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, kooqnutiv funksiyanın enməsi ilə” diaqnozlu xəstəlik Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, F07.0 kodlu xəstəlik (üzvi mənşəli şəxsiyyət pozuntusu) “Əlilliyin müəyyən olunması meyarları” nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaların: 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 4-cü bəndi əlilliyin müddətləri ilə əlaqədar məsələləri tənzimləyir. Həmin bənddə əks edilmiş normalara əsasən müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı konkret şərtlər ödənilməlidir. Belə ki, müddətsiz əlillik birmənalı olaraq müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya 10 ildən çox müddətinə 61-80 faiz (ikinci dərəcə) orqanizmin funksiyalarının pozulması əlillik təyin edildiyindən ona müddətsiz təyin əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iddiaçıya xx.xx.2024cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz əlillik təyin olunması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz əlillik təyin olunması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar