Məhkəmə qərarları › İş №2-1(114)-350/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-350/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-350/2020 24.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə İslam qızının katibliyi, İddiaçı, Cavabdeh Gəncə şəhət Kəpəz Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə hazırlıq icraatı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 160 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Hakimiyyəti başçısına yazdığı xahiş ərizəsinə əsasən Cavabdeh başçısının xx xxxx 2017-ci il tarixli, 529 saylı səərncamı ilə Xaqani küçəsində yerləşən 100,0 kv.m torpaq sahəsində tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Sərəncam əsasında həmin torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsi üçün öz hesabına X5 Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən fərdi evin layihəsi hazırlanmışdır. Zibilxanaya çevrilmiş torpaq sahəsini təmizləyib hamarlayıb, əraziyə barı çəkmişdir. Əraziyə xeyli ağaclar əkmiş, su çəkdirmişdir. Azərişıq İdarəsi tərəfindən sahəyə elektrik sayğacı qoydurmuşdur. Beləliklə, böyük vəsait hesabına görülən bərpa hazırlıq işlərinə baxmayaraq Cavabdeh başçısının xx xxxxxxxx 2019-cu il tarixli, 160 saylı sərəncamı ilə əvvəlki 529 saylı, xx xxxx 2017-ci il tarixli sərəncamı ləğv edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıya Cavabdeh başçısının xx xxxx 2017-ci il tarixli, 529 saylı sərəncamı ilə şəxsi istifadə üçün nəzərdə tutulmuş 1 sot torpaq sahəsi verilmişdir. Lakin ididaçı əlavə torpaq sahəsi zəbt edərək 2 sotdan çox ərazini hasarlamışdır. Bu isə qonşusu olan Qətibə adlı şəxsin narazılığa səbəb olmuş və hazırda da aralarında narazılıq mövcuddur. Odur ki, Cavabdeh başçısı xx xxxx 2017-ci il tarixli, 529 saylı sərəncamın ləğv edilməsinə dair göstəriş vermişdir. İş materiallarında olan: - Cavabdeh başçısının xx xxxx 2017-ci il tarixli, 529 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Xəqani küçəsində yerləşən 100,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. - Cavabdeh başçısının xx xxxxxxxx 2019-cu il tarixli, 160 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhət Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2017-ci il tarixli, 529 nömrəli sərəncamında inzibati icraat haqqında hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsini nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsini rəhbər tutaraq Gəncə şəhət Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2017-ci il tarixli, 529 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3 xx xxxx 2020-ci il tarixli, **********02 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Xəqani küçəsində yerləşən və İddiaçı istifadəsində olan 100,0 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün həmin torpaq sahəsinin hansı orqanın balansında olmasını müəyyən etmək mümkün olmamışdır. - Cavabdeh xx xxx 2020-ci il tarixli, 03/218 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Xəqani küçəsində yerləşən və İddiaçı istifadəsində olan 100,0 kv.m torpaq sahəsinin hansı orqanın balansında olmasını müəyyən etmək mümkün olmamışdır. - xx xxxxxx 2020-ci il tarixdə tərəflərin iştirakı ilə Gəncə şəhəri, Xəqani küçəsində yerləşən və İddiaçı istifadəsində olan torpaq sahəsinə yerli baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan 100,0 kv.m torpaq sahəsinin üzərində heç bir tikili yoxdur. Həmin ərazidə meyvə ağacları əkilmişdir. Bundan başqa, İddiaçı tərəfindən 100,0 kv.m torpaq sahəsindən əlavə 200,0 kv.m torpaq sahəsinin zəbt edilərək, cəmi 300,0 kv.m torpaq sahəsinin çəpərləndiyi və zəbt olunmuş torpaq sahəsinin üzərində yaşayış üçün nəzərdə tutulmayan tikilinin olduğu müəyyən edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1. maddəsinəəsasənmübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Odur ki, yuxarda qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Cavabdeh başçısının xx xxxx 2017-ci il tarixli, 529 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Xəqani küçəsində yerləşən 100,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilsə də, sonradan həmin qərar inzibati icraat haqqında hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyinə görə, Cavabdeh başçısının xx xxxxxxxx 2019-cu il tarixli, 160 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Göründüyü kimi Cavabdeh başçısı tərəfindən Gəncə şəhəri, Xəqani küçəsində yerləşən 100,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsinə dair xx xxxx 2017-ci il tarixli, 529 nömrəli sərəncamı “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8 və Torpaq Məcəlləsinin 57-ci maddəsinə əsaslandırılsa da həmin normalarda bu cür sərəncamın qəbul edilməsi səlahiyyəti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü hissəsinə əsasən qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1) obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” qaydalarının 2-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Qaydaların 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlər əsasən təsdiq olunmuş rayon planlaşma layihəsində və yaşayış məntəqələrinin baş planlarında nəzərdə tutulmuş ərazilərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və mənafeyinə toxunulan digər təşkilatlarla razılaşdırılmaqla yerləşdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.18.2-ci bəndinə əsasən, həmin Əsasnamənin 4.16.4-cı bənində nəzərdə tutulmuş müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə verilməsi səlahiyyətləri şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Həmin Əsasnamənin 4.11.13-cü maddəsinə əsasən "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə razılıq vermək təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası qanunun təsdiq edilməsi ilə həmin qanunun 4-cü bəndinə əsasən Məcəllənin qüvvəyə mindiyi gündən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilsə də, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamnin 4.11.13-cü bəndində yeni obyektlərin yerləşdirilməsinə razılıq vermək yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində səlahiyyətinə aid edilməsi barədə müddəalar saxlanılmışdır. Lakin, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.18.2-ci bəndinə əsasən, həmin Əsasnamənin 4.16.4-cı bənində nəzərdə tutulmuş müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə verilməsi səlahiyyətləri şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyindən, həmin torpaq sahələrində hər hansı bir obyektin və ya fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilməsi də qanunsuz olmuşdur. Belə ki, hazırkı iş üzrə fərdi yaşayış evinin layihələnirməsinə icazə də məhz şəhər rayonunun icra hakimiyyətinin başçısı tərəfindən verilmişdir. Azərbaycan Respbublikası “İnzibati icraat haqqında” qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin qanunun 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı qeyd olunan sərəncamın qəbul olunmasına nail olduqdan sonra hər hansı bir torpaq sahəsinin ayrılması ilə bağlı rəsmiləşdirilmə aparılmadan, həmçinin həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olmadan və müvafiq səlahiyyətli orqan tərəfindən ayrılmamış torpaq sahəsini və daha artıq sahəni hasarlamış və üzərində qeyri-yaşayış sahəsi tikməyə başlamışdır. Beləliklə Cavabdeh başçısının xx xxxx 2017-ci il tarixli, 529 nömrəli sərəncamı inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən və Cavabdeh başçısının öz sərəncamını birbaşa ləğv etmək səlahiyyəti olduğundan, Cavabdeh başçısının xx xxxxxxxx 2019-cu il tarixli, 160 nömrəli sərəncamının ləğv edilməsinə heç bir hüquqi və qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.1. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı xx xxxxxxxx 2019-cu il tarixli, 160 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar