Məhkəmə qərarları › İş №2-1(114)-3506/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3506/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3506/2024 10.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Əliqulu qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı Əliqulu qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin Mülki Kollegiyasının qətnamələrini və digər sübut xarakterli sənədlərin nəzərə alınaraq qanunsuz olaraq X10 adına dövlət qeydiyyatına alınaraq verilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin özünün adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırılmışdır ki, o, xx.xx.1989-ci il tarixdə 258 saylı əmrə əsasən Kirovabad Qənnadı fabrikinə işə qəbul olunub, xx.xx.2000-ci il tarixli 16/K saylı əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 46 saylı Sərəncamı ilə Gəncə Qənnadı fabrikinin işçilərinə bağçılıq üçün Gəncə- Şəmkir şosse yolunun şimal tərəfindən 5.0 ha torpaq sahəsi ayrılmışdır. X7 İttifaqı Komitəsinin 18 fevral 1993-cü il tarixli, 4 nömrəli protokoluna əsasən, Gəncə Qənnadı fabriki işçilərinə bağçılıq üçün ayrılmış sahədən 74 nömrəli 400 kv.m torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi yerində ölçülüb-biçilib iddiaçıya verilsə də, o, maddi imkansızlıqdan həmin torpaq sahəsində heç bir tikinti işləri apara bilməmiş, eləcə də mütəmadi olaraq həmin torpaq sahəsinə gedib-gəlmək imkanı olmayıbdır. İddiaçı qeyd edir ki, bundan istifadə edən Gəncə şəhəri, Məhsəti (Sevinc) qəsdəbəsində yaşayan X14 başqa torpaq sahəsinin sənədi adından X5 5.500 (beş min beş yüz) manata satmışdır. Hansı ki, həmin torpaq sahəsini iddiaçı 2002-ci ildə 800 (səkkiz yüz) ABŞ dollarına X3 öz aralarında razılaşıb satıb pulunu almışdır. Buna görə də iddiaçı İxtiyarın adına baş etibarnamə vermişdir. İddiaçı bildirir ki, həmin torpaq sahəsinə baş çəkməyə gedəndə görmüşdür ki, həmin torpaqda tikinti işlərinə başlanılıb. X14 adlı şəxs başqa sənəd əsasında iddiaçının torpağını X1, sonuncu isə ev tikmək istəyir. Ona görə də iddiaçı İxtiyarın adına etibarnamə verib ki, X5 qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbi ilə bağlı iddia qaldırsın. Kəpəz Rayon Məhkəməsində xx.xx.2013-cü il tarixdə işə baxılıb, iddianın təmin edilməsinə dair 2(043)1238/2013 saylı qətnamə çıxarılmışdır. Cavabdeh M.D.Məmmədov qətnamədən narazı qalıb Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti yazıb versə də, məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, həmin torpaq X11 məxsusdur. Torpağın sahibi kimi iddiaçı həmin torpağı pul müqavilində İxtiyara vermişdir. Ona görə də M.D.Məmmədovun apellyasiya şikayətini təmin etmədən, 1-ci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qətnaməsini dəyişdirmədən qüvvəsində saxlamışdır. M.D.Məmmədov apellyasiya məhkəmə qətnaməsindən narazı qaldığından Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti versə də, xx.xx.2014-cü il tarixdə kassasiya şikayətinə baxaraq, kassasiya şikayətini təmin etmədən, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasına dair 2(102)2067/2014 saylı qərar qəbul etmişdir. İddiaçı qeyd edir ki, bütün bunlara baxmayaraq X14 yenidən qanunsuzluğa yol verərək, 2024-cü ildə hansısa yolla iddiaçının adına olan torpağa dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən öz adına çıxarış almışdır. Ona görə də iddiaçı ərizə və ərizəyə əlavə edilən digər rəsmi sənədlərlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin Mülki Kollegiyasının yuxarıda qeyd edilən qətnamələrini və digər sübut xarakterli sənədlərin nəzərə alınıb qanunsuz olaraq X10 adına dövlət qeydiyyatına alınaraq verilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin öz adına dövlət qeydiyyatına alınmasına köməklik etməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh orqan imtina cavabı vermişdir. İddiaçı cavabdeh orqanın imtina məktubunu qanunsuz və əsassız hesab edir, onun imtinası ilə Konstitusiyada təsbit edilmiş mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 tam mülkiyyətindədir. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə 4Ə-1145 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X13 tərəfindən X2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X10 tam mülkiyyətindədir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş ərizəyə əsasən, X14 xx.xx.2023-cü il tarixli qeydiyyat tarixli çıxarış ilə mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin faktiki olaraq 0.039 ha uyğun olaraq çıxarış verilməsinə razıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 0.039 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X10 tam mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə baxılması barədə məktubuna əsasən, vətəndaş İddiaçı Əliqulu qızı və məktubda adı çəkilən vətəndaş X10 iştirakı ilə sözügedən torpaq sahəsinə qurum tərəfindən naturada baxış keçirilmişdir. Keçirilən baxış zamanı İddiaçı Əliqulu qızının mübahisələndirərək naturada təqdim etdiyi torpaq sahəsini, faktiki olaraq X10 istifadə etdiyini bildirmişdir. Araşdırma zamanı həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "Hüquqların dövlət qeydiyyatı haqında" daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmış xx.xx.2024-cü il qeydiyyat tarixli, **********47 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olduğu aşkarlanmışdır. Bildirilir ki, daxil olmuş məktuba qoşma edilmiş sənədlərdə qeyd olunan, X15 fabrikinin müdriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 18 fevral 1993-cü il tarixli birgə iclasının 4(dörd) nömrəli protokoluna əsasən İddiaçı Əliqulu qızına verilmiş 400.0 kv.m torpaq sahəsinə dair, həmin torpaq sahəsinin məkan göstəriciləri (koordinatları,konfiqurasiya və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş sənədlərdə aşkarlanmadığından, əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan torpaq sahəsinin, İddiaçı Əliqulu qızına verilmiş torpaq sahəsi olub-olmadığı müəyyən etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X10 mülkiyyət hüququ üzrə aparılmış qeydin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində onun hüququnun dövlət qeydiyyatına alınmasıdır. İş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə X9 adına daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsi X13 tərəfindən X4 və torpaq sahəsi sonuncunun adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə X14 notarial qaydada təsdiq edilmiş ərizə verərək, xx.xx.2023-cü il tarixli qeydiyyat tarixli çıxarış ilə mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin faktiki olaraq 0.039 ha uyğun olaraq çıxarış verilməsinə razı olduğunu bildirmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 0.039 ha torpaq sahəsi sonuncunun adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X10 adına mülkiyyət hüququnun qeydə alınmasına əsas daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, xüsusi hüquq münasibətlər ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə iddia tələbinin torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması hissəsində isə qeyd edir ki, nə qədər ki, iddiaçının hüquqlarının qeydə alınmasını istədiyi torpaq sahəsi üzərində başqa şəxsə məxsus hüququn qeydiyyatı qüvvədədir, bu halda həmin tələbə baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Əliqulu qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, X10 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı onun aparılmasına əsas olmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsini mübahisələndirilməklə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı Əliqulu qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar