Məhkəmə qərarları › İş №2-1(114)-351/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-351/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-351/2023 23.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 22 oktyabr 2018-ci il tarixində Naftalan şəhər İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətimdə olan ünvan 2 ünvanda yerləşən 0.0345 ha həyətyanı torpaq sahəsi üzərində, hündürlüyü 5.90 m olan iki mərtəbəli fərdi yaşayış evini inşa etdirdiyim barədə məlumatlandırmışdır. Naftalan şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 7 saylı Ərazi İdarəsinə ünvanladığı 16 oktyabr 2018-ci il tarixli 271 nömrəli bildirişdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində 2018-ci ildə razılaşdırılmış layihəyə uyğun tikilmiş 2 mərtəbəli yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun məlumatlandırma icraatı tətbiq olunaraq inşa olunduğu və heç bir kommunikasiya xətlərinə maneçilik törətmədiyi, dayanıqlı olduğu və evin qeydiyyata alınmasına etiraz edilmədiyi qeyd olunmuşdur. Yeni tikililər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 30 noyabr 2016-cı il tarixli, İN/L-2209/2016 qeydiyyat nömrəli lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin tərtib və təsdiq etdiyi memarlıq inşaat layihəsi əsasında aparılmışdır. İddiaçı Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanda layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh təşkilatın əməkdaşları ümumiyyətlə evə baxış keçirmədən evin layihəyə uyğun olmadığı barədə imtina aktı vermişdir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, təqdim olunan hüquqmüəyyənedici sənədlərin icrası zamanı məlum olmuşdur ki, yeni inşa olunmuş fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş eskiz layihənin ölçüləri ilə faktiki yaşayış evinin ölçüləri arasında uyğunsuzluq vardır. Bu səbəbdən həmin əmlaka çıxarış və texniki pasportun hazırlanması mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Eskiz layihədən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair eskiz layihə Naftalan şəhərinin baş memarı ilə razılaşdırılmışdır. -işə əlavə edilmiş Naftalan Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 271 nömrəli bildirişindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (qeydiyyat № ********** xx.xx.2014-cü il) əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində 2018-ci ildə razılaşdırılmış layihəyə uyğun tikilmiş (Tikintialtı sahə 113.7 m2, ümumi sahə 167.85 m2, yaşayış sahəsi 16.30 m2, köməkçi sahəsi 151.55 m2) 2 mərtəbəli fərdi yaşayış evi Azərbaycan Republikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun məlumatlandırma icraatı tətbiq olunaraq inşa olunmuşdur və heç bir kommunikasiya xətlərinə maneçilik törətmir, dayanıqlıdır, odur ki, evin dövlət qeydiyyatına alınmasına etiraz edilmir. -işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7644 nömrəli ekspert rəyindən görünür ki, Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanında İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin mövcud vəziyyətinin eskiz layihəyə uyğun olduğu müəyyən edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (qeydiyyat № ********** xx.xx.2014-cü il) əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində 2018-ci ildə razılaşdırılmış layihəyə uyğun tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi Azərbaycan Republikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80ci maddəsinə uyğun məlumatlandırma icraatı tətbiq olunaraq inşa olunmuşdur. İddiaçı Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanda layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan isə iddiaçı tərəfindən təqdim olunmuş eskiz layihənin ölçüləri ilə faktiki yaşayış evinin ölçüləri arasında uyğunsuzluq olmasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İş üzrə alınmış müvafiq ekspert rəyi ilə müəyyən olunur ki, sözügedən fərdi yaşayış evinin mövcud vəziyyəti eskiz layihəyə uyğundur. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçı tərəfindən Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanda layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanda layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar