Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3521/2024 10.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarında xx.xx.2021-ci il tarixdən əlillik təyin edilməsi barədə düzəliş olunması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik təyinatının xx.xx.2021-ci il tarixdən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-811/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyinat tarixinin dəyişdirilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərar ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının tamamilə ləğv edilməsini, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilə kimi 2-ci qrup əlillik təyinatının aparılmasının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-375/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-811/2024 saylı qərarının ləğv edilməsi, iş materialları birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı daha sonra tələbin dəqiqləşdirilməsi iddia ərizəsi təqdim edərək məhkəmədən “cavabdehin xx.xx.2022-ci il tarixli qərarında xx.xx.2021-ci il tarixdən əlillik təyin edilməsi barədə düzəliş olunması” barədə qərar çıxarılması”nı xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, müharibədən qayıtdıqdan sonra 2015-ci ildə insult keçirmişdir. Ümumi səbəbdən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir (diaqnoz: keçirilmiş baş-beyin qan dövranının kəskin pozulmasının davamlı qalıq əlamətləri: sağ tərəfli hemipares, beyin atrofiyası. Dissirkulyatorensefalopatiya İİ mərhələ, koqnitiv funksiyaların disfunksiyası ilə Arterialhipertenziya İİİ mərhələ, əlavə risk İV qrup. Hipertenziv ensefalopatiya. Kəskin asteno-nevrotik hal). Qeyd edilən əlillik müddətinin bitdiyi tarixdən sonrakı dövrdə əlillik vəziyyəti müvafiq göndərişlər əsasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il,03.05.202.2-ci il tarixlərdə qiymətləndirilmiş, üç halda göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatının aparılması mümkün olmamışdır. Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul edilərək stasionar müalicə olunmağı məsləhət görüldüyündən, əliliyin müəyyən edilməsi mümkün olmamışdır. Obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə qeyd edılmış diaqnoza və obyektıv müayinələrin nəticəsinə əsasən Azərbaycan Respublıkası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdıq edılmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 6.5.1.2. bəndinə müvafiq olaraq xx.xx.2022-ci il tarıxdən umumı səbəbdən orqanizmin funksiyalarının 60% pozulması ilə 2 il müddətinə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilə kimi ona ödənılməmiş müavinətin ödənilməsi ilə əlaqədar müxtəlif instansiyalara müracıət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabılıtasıya Agentliyinin cavabında əlillik müddətininin bitdiyi tarix ilə yenidən təyinat verildiyi tarix arasında 6 aydan çox vaxt keçdiyindən ötürülmüş müddətə görə müavinətin ödənilməsi mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin ilkin əlillik müddətinin bitdiyi -xx.xx.2021-ci il tarixdən müəyyən edilməsinə yönəlmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2016-cı il tarixdə ilkin müayinə nəticəsində ümumi xəstəlik səbəbilə “ Beyin infarktı, Baş beyin sol yarım küresində keçirilmiş işemik insultdan davamlı qalıq əlamətləri.Keçirilmiş qalıq kəllə beyin travmasının qalıq əlamətləri.Kəllədaxili travmaların nəticələri, Postkontuzion ensefalopatiya 2 dərəcə kəllə daxili hipertenziya.Digər paralitik sindromlar, Sağ tərəfli hemiparez.Hissəvi motor afaziya.Nevrasteniya, Asteno-nevrotik sindrom.Ürəyin xroniki işemik xəstəliyi, UlX aterosklerotik kardioskleroz hipertoniya xəstəliyi 3mərhələ” diaqnozu ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlilliyin müəyyən edilməsi üçün X1 adına xəstəxananın poliklinika şöbəsi xx.xx.2021, xx.xx.2021-ci il tarixdə və daha sonra xx.xx.2022-ci il tarixdə cavabdehə müvafiq göndərişləri (088 nömrəli forma) təqdim etmiş, cavabdeh – göndərişin natamam doldurulması – xəstənin funksional pozğunluğu nevroloji statusu mütəxəssislərin rəyləri aparılan müayinələr dəqiqləşdirilsin; əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsi düzgün göstərilməmişdir; köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin - əsasları ilə iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir. Sonradan cavabdeh tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçıya xx.xx.2022-ci il tarixdə orqanizmin funksiyasının 60 faiz pozuntusuna görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə 11 avqust 2022-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir və iddiaçı ona əlillik təyin edilməsi barədə cavabdehin 11 avqust 2022-ci il tarixli qərarından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. Qeyd edilməlidir ki, iddiaçı göstərilən qərarın nəticələri ilə əlaqədar “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinətin ödənilməsi müddətin bərpası” tələbi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış olsa da, yenə də prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin olunması barədə məlumatı “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron sistemdə ən son xx.xx.2022-ci il tarixdə (səh 4.) tanış olsa da, xx.xx.2023-cü tarixdə, yəni 05 aydan sonra ilk dəfə məhkəmədə mübahisələndirmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, qərarın ona məhkəməyə hazırkı tələblə müraciət etdiyi vaxtdan 10-15 gün əvvəl təqdim edildiyini bildirmişdir. Məhkəmə iddiaçının bu arqumenti ilə bağlı qeyd edir ki, iddiaçı qərarı tam formada əldə edə bilməsə də, elektron xidmət sistemindən ona xx.xx.2022-ci il tarixdən əlilliyin təyin olunmasından məlumatlı olmuşdur. Belə olduqda isə bu hal üzürlü səbəb hesab edilə bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəf məhkəməyə həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarında xx.xx.2021-ci il tarixdən əlillik təyin edilməsi barədə düzəliş olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3521/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3521/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver