Məhkəmə qərarları › İş №2-1(114)-3528/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3528/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3528/2023 13.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 515 nömrəli arayışına əsasən İddiaçı 12.1988-ci ildən xx.xx.1990-cı il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş və xx.xx.1992-ci il tarixdə Səfərbərliklə əlaqədar hərbi xidmətə göndərilmişdir, lakin ehtiyata tərxis olunması barədə məlumat yoxdur.

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində xidmətdə olması və döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq edilərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ilin oktyabr tarixində vətənimizin dar günündə hərbi xidmətə yollanmışdır. Xidmətini Qazax rayonun və onun kəndləri uğrunda gedən döyüşlərdə yəni, N saylı hərbi hissədə davam etdirmişdir. Həmin dövr və hazırki dövr N saylı hərbi hissə sərhəd boyunca, qaynar xətlərdə xidmət apardı. O da əsgər qismində həmin hərbi hissənin tərkibində davam etdirmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü olsa da bu günədək müharibə iştirakçısı kimi onun xidməti qiymətləndirməyərək müharibə iştirakçısı adını vermədilər. Bununla əlaqədar Müdafiə Nazirliyinə, arxivinə müraciətlər etmişdir. Müraciətlərinə baxmayaraq müharibə iştirakçısı adı və vəsiqəsi ala bilmir. Belə ki, ona məktublarda və arxiv arayışlarında guya xx.xx.1993-cü il tarixdə onun xidmətdən imtina etməyi və hərbi hissəni özbaşına tərk etməyi qeyd edilmişdir. Əslində isə əvvəllər hərbi biletində elə bir söz öz əksini tapmamışdır. Hərbi biletini itirdiyi üçün heç bir sübutlar təqdim edə bilmir. Lakin bir çox şahidləri vardır ki, onlar da sübut edə bilər ki, o, 1994-cü ilin mart ayının 21-dək sonunadək vətəninə layiqincə xidmət etmişdir. Bundan başqa hətta 1993-cü il tarixdə postda yıxılmış və sol ayaq bayır topuğunun qapalı sınığı ilə Qazax Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilmişdir. Xidməti vətən üçün olub və bu gün də lazım gələrsə ordu sıralarına qatılmağa hazırdır. Verilən cavablarda onun xidmətləri olmadığı bildirilir. Halbuki, onunla yanası döyüş yoldaşları və şahidləri vardır. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həlli mümkün deyildir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

7. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırkı tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlıdır.

8. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı materiallarda isə belə bir müraciət və imtina mövcud deyildir.

9. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

11. Məhkəmə eyni zamanda qeyd edir ki, iddianın mümkün sayılması üçün yuxarıda qeyd olunan mümkünlük şərti ödənilmədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi halında belə iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.

12. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar