Məhkəmə qərarları › İş №2-1(114)-3528/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3528/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3528/2025 15.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, Cavabehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ona xx.xx.1958-ci il tarixdə Mirbəşir rayonu Bildirçinli kəndində anadan olmağı ilə bağlı Mirbəşir rayonu VVAQ orqanı tərəfindən verilmiş xx.xx.1958-ci il tarixli, 685952 nömrəli doğum aktı qeydində düzəliş edilərək ata qrafasında X3 qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubundan müəyyən olunur ki, o, xx.xx.1958-ci ildə Tərtər rayonu Bildirçinli kəndində anadan olmağı, ana soyadı ilə doğum haqqında şəhadətnamə almağı, doğum haqqında şəhadətnamədə valideynlərinin nikahı olmadığına görə anasının adı, soyadı, atasının adı yazılsa da ata haqqında məlumatların yazılmamasını göstərmişdir və Cavabdeh tərəfindən ona atalıq müəyyən olunaraq ata haqqında məlumatları daxil etməklə yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.9-cu bəndinə əsasən «bu Qaydanın 2.8.1-ci bəndinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmçinin həmin Qaydaların 6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Yenə həmin Qaydaların 6.6-cı bəndinə əsasən «Uşaq aralannda nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alınır. Odur ki, göstərilənlərlə bağlı yaşadığı ərazi üzrə məhəkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

2. xx.xx.1958-ci il tarixli 131 nömrəli doğum haqqında şəhadətnamədən və Cavabdeh xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci ildə Mirbəşir (Tərtər) rayonunun Bildirçinli kəndində anadan olmuş, bu barədə xx.xx.1958-ci il tarixdə Tərtər rayon 1eydiyyat şöbəsində 131 №-li doğum haqqında akt qeydi tərtib olunmuş, ana qrafasında X10, ata qrafasında isə heç bir məlumat qeyd olunmamışdır.

3. İddiaçıya məxsus doğum haqqında akt qeydindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci ildə Tərtər rayonu Bildirçinli kəndində anadan olmuş, anası xx.xx.1912-ci il təvəllüdlü X6r, ananın deməyinə görə (tək ananın ərizəsi əsasında) uşağın ata adı Bəşir olaraq qeyd olunmuşdur. II. Məhkəmədə icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il tarixdə Mirbəşir rayonu Bildirçinli kəndində anadan olmağı ilə bağlı Mirbəşir rayonu VVAQ orqanı tərəfindən verilmiş xx.xx.1958-ci il tarixli, 685952 nömrəli doğum aktı qeydində düzəliş edilərək ata qrafasında X3 qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Tərtər rayonunun Bildirçinli kəndində anadan olmuşdur. Hazırda Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi, ev 3A, mənzil 35-də yaşayır. O, xx.xx.1958-ci il tarixdə Tərtər rayonu Bildirçinli kəndində anadan olarkən Mirbəşir rayonu VVAQ orqanlarında xx.xx.1958-ci il tarixdə, 685952 nömrəli doğum haqqında şəhadətnamə verilərkən adı, soyadı, ata adı İddiaçı kimi qeyd olunsa da, valideyinlərindən bəhs edən ata qrafasında ata adı VVAQ orqanının diqqətsizliyindən qeyd edilməmişdir. Hal-hazırda onun doğum haqqında şəhadətnaməsində ata adı qeyd olunmadığına görə, bu ona müəyyən işlərdə problem yaradır, ona görə də o Cavabdehnə müraciət edərək, doğum aktı qeydində düzəliş edələrək, ata qrafasında X3 qeyd edilməsini xahiş etməyinə baxmayaraq, cavabdeh orqan Gəncə şəhər Qediyyat Şöbəsi ona xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-746 saylı imtina vermişdir. Həmin imtinanı o qanunsuz hesab edir, belə ki onun barəsində verilmiş doğum haqqında şəhadətnamə də ata qrafası diqqətsizlikdən qeyd edilməsə də, onun şəxsiyyət vəsiqəsində, 8 illik təhsil haqqında şəhadətnamədə, xx.xx.1977-ci il tarixli H3 ******* nömrəli hərbi biletində, qardaşı X7 barəsində verilmiş doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamədə, bacısı X4 barəsində verilmiş doğum haqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində onun X8 xx.xx.1976-cı ildə bitirməyi barədə 287107 nömrəli diplomdan da tam təstiq olunur ki, o həqiqətəndə Bəşir oğludur. Yuxarıda qeyd etdiklərinə görə cavabdeh inzibati orqan Cavabdeh tərəfindən verilmiş imtinanı qanunsuz və əsassız hesab edir və ona görədə məhkəməyə müraciət etməli olmuşdur.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

10. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi və mümkünsüzlüyü barəsində məlumat verməmişdir.

15. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. Cavabehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaçıya doğum akt qeydi tərtib edilərkən atası ilə anasının nikahda olmadıqlarını, həmçinin atalığın müəyyən olunması haqqında akt qeydinin mövcud olmadığını, ata adının ananın deməsi ilə yazıldığını, bu səbəbdən ata qrafasının boş saxlanıldığını bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

18. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu; - xx.xx.1958-ci il tarixli 14 nömrəli doğum haqqında şəhadətnamə; - Cavabdeh xx.xx.2025-ci il tarixli arayışı; - İddiaçıya məxsus doğum haqqında akt qeydi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə proses inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

20. İş materialları ilə müəyyən olur ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Mirbəşir rayonu Bildirçinli kəndində anadan olmağı ilə bağlı Mirbəşir rayonu VVAQ orqanı tərəfindən verilmiş xx.xx.1958-ci il tarixli, 685952 nömrəli doğum aktı qeydində düzəliş edilərək ata qrafasında X3 qeyd edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.9-cu bəndinə əsasən «bu Qaydanın 2.8.1-ci bəndinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmçinin həmin Qaydaların 6.2ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Yenə həmin Qaydaların 6.6-cı bəndinə əsasən «Uşaq aralannda nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alınır. Odur ki, göstərilənlərlə bağlı yaşadığı ərazi üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

21. Hazırda iddiaçı xx.xx.1958-ci il tarixdə Mirbəşir rayonu Bildirçinli kəndində anadan olmağı ilə bağlı Mirbəşir rayonu VVAQ orqanı tərəfindən verilmiş xx.xx.1958-ci il tarixli, 685952 nömrəli doğum aktı qeydində düzəliş edilərək ata qrafasında X3 qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.

23. Göründüyü kimi, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

24. Hazırki işdə də iddiaçının anadan olduğu xx.xx.1958-ci il tarixdə onun valideynləri arasından nikah bağlanmamış, həmçinin, atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmamış, belə bir akt qeydi tərtib edilməmişdir. Bu səbəbdən də iddiaçının ata adı anasının deməsinə görə “Bəşir” olaraq yazılmış, lakin ata qrafası boş saxlanılmışdır.

25. İddiaçı hazırkı vəziyyətdə cavabdeh qeydiyyat orqanından doğum aktı qeydində düzəliş edilərək ata qrafasında X3 qeyd edilməsini tələb etsə də, atalığın müəyyən olunması barədə heç bir sənədi qeydiyyat orqanına təqdim etməmişdir. Ona görə də cavabdeh orqanın imtinası haqlı olmuşdur.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

27. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

28. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar