Məhkəmə qərarları › İş №2-1(114)-353/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-353/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-353/2023 10.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********644600 nömrəli qərarın və xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə **********585800 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, adına VÖEN açdırmamışdır. İddiaçının adına cavabdeh təşkilatdan xəbərdarlıq məktubu göndərilmiş və bildirilmişdir ki, 2021-ci ilin 4-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini 21 yanvar 2022-ci il tarixədək ödəməlidir. İddiaçı bununla əlaqədar 12 saylı Vergilər idarəsinə müraciət etmiş, ona məsələnin aydınlaşdırılacağı bildirilmişdir. Bir müddətdən sonra iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ünvanına Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi göndərilmişdir. 12 saylı Ərazi Bergilər Baş İdarəsi heç bir əsas olmadan guya vergi ödəyicisi kimi onun dövlət büdəsinə 2360.83 manat borcu ödəmədiyini iddia edir. İddiaçı heç vaxt cavabdeh olan vergi orqanına müraciət etməmiş və belə hesab edir ki, onun barəsində tətbiq edilən qərarlar yanlışdır və ləğy olunmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, heç vaxt mal satmamış və vergi ödəyicisi kimi qeydə alınmağı barədə məlumatı olmamışdır. İddiaçının vəkili X4 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı 2020-ci ildə 47667.20 manat dəyərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müxtəlif mallar təqdim etmiş, lakin müvafiq il üzrə gəlir vergisi bəyannaməsini təqdim etməmişdir. İddiaçının təqdim etdiyi mallar GRO seriyalı 19133 nömrəli alış aktı ilə təsdiq edilmişdir. Yaranmış uyğunsuzluqla bağlı 12 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2021-ci il tarixli **********928400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında iddiaçıya məktub göndərmiş və həmin məktubla 2020ci il üzrə gəlir vergisinin dəqiqləşdirilmiş bəyannaməsinin təqdim olunması bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən mübahisələndirilən dövr üzrə hesabat təqdim edilmədiyindən xx.xx.2021-ci il tarixli, **********644600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul etmişdir. İddiaçı vergi orqanında uçotda olmayan şəxs olduğundan"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə alış aktı əsasında 47667,2 manat dəyərində mal təqdim etməsi onun barəsində vergi öhdəliyinin yaranmasına dəlalət edən haldır. Belə olan halda iddiaçı vergi öhdəliyini düzgün müəyyən edərək hesablanmış verginin dövlət büdcəsinə ödənilməsini təmin etməli idi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, iş üzrə müvafiq sorğular verilsə də, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mal satması barədə hər-hansı sənəd əldə edilə bilinməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********644600 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı 1588,91 manat gəlir vergisi hesablanmışdır. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********585800 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, cavabdeh orqan iddiaçının 2020-ci ildə 47667.20 manat dəyərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müxtəlif mallar təqdim etdiyini, təqdim edilən malların GRO seriyalı 19133 nömrəli alış aktı ilə təsdiq edildiyini, lakin onun tərəfindən müvafiq il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyini bildirmiş, bu səbəbdən də xx.xx.2021-ci il tarixli, **********644600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar və “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********585800 nömrəli qərar qəbul edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarları mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********644600 nömrəli və xx.xx.2021-ci il tarixli, **********585800 nömrəli qərarların qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarlarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 243 nömrəli Qərarı ilə təsdiq "Elektron alış aktının formasının, tətbiqi, uçotu, istifadəsi Qaydalarının" 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış Aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və ya qeyri rezident fiziki şəxslər gəlir vergisinin ödəyicisidir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, cavabdeh orqan iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müxtəlif mallar təqdim etdiyini, təqdim edilən malların GRO seriyalı 19133 nömrəli alış aktı ilə təsdiq edildiyini bildirsə də, bunu təsdiq edən müvafiq sübutları (alış aktı və.s) məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan da iddiaçı barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh orqan qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli, **********644600 nömrəli və xx.xx.2021-ci il tarixli, **********585800 nömrəli qərarlar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarların ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli, **********644600 nömrəli qərarı və “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********585800 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar