Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3536/2023 31.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2773/2023 nömrəli (hakim F.Hüseynov) qərardadı ilə iddia mümkün sayılmamışdır (iddiaçı tərəfindən hazırki tələblə cavabdehə ilkin müraciət olunmasını təsdiq edən sübut təqdim edilməmişdir). Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-517/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2773/2023 nömrəli nömrəli qərardadı ləğv edilmiş, iş materialları iddia tələbi üzrə mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər ilə arasında mübahisə mövcud olmuş, həmin mübahisə zamanı mülkiyyətində olan torpaq sahəsinin 27 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli ilə üçüncü şəxsin adına işlənilərək çıxarış verilməsi ona məlum olmuşdur. Həmin çıxarışın heç bir hüquqi əsası olmamışdır və həmin mənzil Qovlar tikiş fabrikinin yaşayış binası olmuşdur. Həmin binanın mənzilləri order əsasında işçilərin istifadəsinə verilmişdir. 14 mart 1998-ci ildə Qovlar tikiş fabrikinin fəhlə və qulluqçularının ümumi yığıncağı keçirilmiş, yığıncaqda 42 nəfər iştirak etmişdir. Həmin yığıncaqda 2 saylı qərar qəbul olunmuşdur. Həmin qərarda binanın birinci mərtəbəsinin satışı nəzərdə tutulmamışdır. Lakin həmin çıxarış binanın birinci mərtəbəsinə verilmişdir. Məhkəmə tərəfindən iddiaçıya və onun etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkilinə göndərilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli sərəncamında İPM-in 13-cü maddəsinin tələblərinə əsasən zəruri hüquqi yardım edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakla bağlı hüquqi bağlılığını təsdiq sənədlər əlavə edilmədiyi, ümumiyyətlə qeyd olunan çıxarışın iddiaçının hansı hüquqlarına və qanunla qorunan maraqlarınıza toxunduğu, hansı hüquqlarının pozulmasına aydınlıq gətirilməsi təklif olunmuşdur. İddiaçının vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə təqdim edərək üzürlü səbəbdən iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin fikrini, iddiaçı tərəfin əvvəlki məhkəmə iclasında da iştirak etməməsi, sonuncu iclasda isə heç bir üzürlü səbəb və bunu təsdiq edən sübut təqdim etmədiyindən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını məhkəmə mümküh hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəf 8 ildir onu məhkəmələrdə süründürür. Halbuki iddiaçını tanımır, bir binada yaşamır, qonşusu deyildir. Mübahisə edilən əmlak ona vərəsəlik qaydasında keçmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Mübahisəli daşınmaz əmlak ilə iddiaçının hər hansı hüquqi bağlılığı, habelə, mübahisəli əmlakın hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı həmin mənzilə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Digər tərəfdən, hazırda mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mülki-hüquqi əqd (vərəsəlik) əsasında aparılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı X1 adına tərtib olunmuş 27 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3536/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3536/2023
31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver