Məhkəmə qərarları › İş №2-1(114)-3538/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3538/2024

16.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3538/2024 16.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun pensiyasına xx.xx.2022-ci il tarixdən edilmiş 32% artımın ona təyin olunmuş pensiya məbləğinin 93,83%-nə uyğun yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1998-ci ilin mart ayından 2018-ci ilin iyun ayına kimi Azərbaycan Respublikasının Hərbi prokrorluq orqanlarında qulluq etmişdir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra 2018-ci ilin iyun ayının 01-dən ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1 və 20.14.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə təminat xərcliyinin 93,83% məbləğində hərbi qulluqçu kimi pensiya təyin olunub. (ümumi xidmət 35 il 8 ay 17 gün) xx.xx.2022-ci il tarixdən o, pensiya məbləğinə edilmiş 32%-lik artımın qanunvericiliyə uyğun yenidən hesablanması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına rəsmi ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filianın xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-131701/2024 saylı məktubunda qeyd olunan hesablama tamamilə qanunsuz və əsassızdır. Onun pensiyası aşağıdakı kimi hesablanmalı idi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 93,83 faiz təşkil edir. Qeyd olunanlara əsasən xx.xx.2020ci il tarixədək olan təminat xərcliyi (1893,00 manat) ilə xx.xx.2022-ci il tarixindən sonrakı təminat xərcliyi (2411,50 manat) arasındakı fərq məbləğinin (518,50 manat) 93,83 faizi - 486,50 manat, xx.xx.2020-ci il tarixədək olan pensiyanın (1776,20 manat) üzərinə əlavə olunmaqla 2262,71 manat məbləğində əmək pensiyası müəyyən edilməli idi. Belə ki, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyul tarixli 142 nömrəli Fərmanı qüvvəyə minənədək iddiaçı pensiya hüququ əldə etmiş və ona 2018-ci ilin iyun ayının 01-dən təminat xərcliyinin (1893,00 manat) 93,83%-i 1776,20 manat məbləğində pensiya təyin olunmuşdur və bu səbəbdən də onun pensiyasına edilmiş sonrakı artımlar (indeksləşmələr istisna olmaqla) əldə etdiyi pensiya hüququnun 93,83%-nə uyğun hesablanmalı idi. Cavabdehin etirazı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı ona xx.xx.2018-ci il tarixdən təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün müxtəlif tarixlərdə ərizələrlə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-138425/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-201318/2023 nömrəli məktublarla ətraflı məlumat verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmiş, cavabdeh tərəfindən bir daha onun pensiyasının yenidən hesablanması barədə məlumat verilmişdir. Bundan narazı qalan İddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Hərbi Prokrorluğu tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 35 il 8 ay 17 gün (təqvimi xidmət illəri 20 il 2 ay 26 gün, ali təhsil illəri 2 il 6 ay, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 12 il 11 ay 22 gün) xidmət müddətinə görə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq, 2017-ci ilin 01 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; - 1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçı xidmət etdiyi orqandan xx.xx.2018-ci il tarixində tərxis olunmağı ilə (xidmət müddəti başa çatdığına görə) əlaqədar Mərkəzi Filiala təqdim olunmuş iddiaçıya dair məlumat vərəqində onun cəmi xidmət müddəti 35 il 8 ay 17 gün (təqvimi xidmət illəri 20 il 2 ay 26 gün, ali təhsil illəri 2 il 6 ay, güzəştli xidmət illəri 12 il 11 ay 22 gün) göstərilmişdir. Bu halda iddiaçının əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır.

1. Təqvim illəri üzrə onun stajından (ali təhsil illəri ilə birlikdə) xx.xx.2017xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzindəki staj (11 ay) çıxılır; 22 il 8 ay 26 gün (təqvim ili) – 11 ay= 21 il 9 ay 26 gün deməli, İddiaçı xx.xx.2017-ci il tarixədək stajı ümumilikdə 34 il 9 ay 17 gün (21 il 9 26 gün+12 il 11 ay 22 gün) təşkil etmişdir.

2. xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün – təminat xərcliyinin 50 faizi; 14 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) – hər ilə görə 3 faizi miqdarında olmaqla (14x3) təminat xərcliyinin 42 faizi.

3. xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı (11ay) müddəti üçün isə - 11 aya görə - təminat xərcliyinin 1.83 faizi miqdarında müəyyən edilir.

4. İddiaçının əmək pensiyası tərxis olunduğu günə təminat xərcliyinin (1893,00 manat) 93,83 (50+42+1,83) faizi – 1776,20 manat məbləğində təyin edilərək ödənilmişdir. xx.xx.2022-ci il tarixdən aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən İddiaçı vəzifə maaşı 1270,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 317,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi onun təminat xərcliyi 2411,50 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyul tarixli 142 nömrəli Fərmanın 2.5-ci bəndinə və “Qanunun 20.14.1 maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 il hərbi xidmət üçün müavinat təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Bununla Əlaqədar əmək pensiyası təminat xərcliyindəki sonrakı artım zamanı aşağıdakı ki i hesablanır: -20 il xidmət müddətinə təminat xərcliyinin 50 faizi; -15 il üçün hər ilə görə 2 faizi miqdarında olmaqla (15x2) təminat xərcliyinin 30 faizi; -natamam ildəki iş stajı aylarının sayına (8ay) mütənasib olaraq təminat xərcliyinin 1,33 faizi. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 81,33 faiz təşkil edir. Qeyd olunanlara əsasən, xx.xx.2020-ci il tarixədək olan təminat xərcliyi (1893,00 manat) ilə xx.xx.2022-ci tarixdən sonrakı təminat xərcliyi (2411,50 manat) arasındakı fərq məbləğinin (518,50 manat) 81,33 faizi-421,70 manat xx.xx.2020-ci il tarixədək olan pensiyasının (1776,20 manat) üzərinə əlavə olunmaqla 2197,90 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və qanunun 29-cu maddəsinə əsasən müvafiq indeksləşdirmələr ilə əlaqədar İddiaçı əmək pensiyası 3083,67 manat məbləğində olmaqla müvafiq kart hesabına köçürülür. Beləliklə, iddiaçıya təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyə uyğun olaraq yenidən hesablandığı və indeksləşdirildiyi üçün, onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Məhkəmə icraatı iştirakçılarının izahatı

İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi.

İşin halları

Azərbaycan Respublikası Hərbi Prokrorluğu tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan xx.xx.2018-ci il tarixli 000006 nömrəli məlumat vərəqəsinə əsasən, vəzifə maaşı 965,00 manat, məharət dərəcəsinə görə 25 faiz olmaqla 241,25 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə əlavə 45 faiz olmaqla 492,75 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat məbləğində olmaqla İddiaçı təminat xərcliyi cəmi 1893 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 18/4051 saylı qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən 1444,93 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-131701/2024 nömrəli “Əmək pensiyasının hesablanması haqqında” məktubda həmin orqanın məhkəməyə göndərdiyi etiraz qeyd olunan məlumatlar öz əksini tapmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 3940/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 20 ildən yuxarı xidmətin hər ili üçün xx.xx.2017-ci il tarixinə qədər olan müddətə 3 faiz miqdarında əlavə olmaqla pensiyanın yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada). 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (1 iyul 2017-ci il tarixdən 1 yanvar 2024-cü il tarixədək qüvvədə olan redaksiyada).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası 5.10. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən) və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılsın.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçular üçün artım əmsalı tətbiq edilsin. ...

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi: 5.1. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğini bu Fərmanın 4.2-ci bəndini və hərbi qulluqçuların yerinə yetirdikləri tapşırıqların xüsusiyyətlərini nəzərə almaqla iki ay müddətində müəyyən etsin; ...

6. Bu Fərman 2022-ci il dekabrın 1-dən (bu Fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə 17 noyabr 2023-cü il tarixli Sərəncamı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə: ...

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində: 2.1. Fərmanın 1-ci hissəsinə uyğun olaraq, hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 2.2. Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddi barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 2.3. Fərmanın 6-cı hissəsinə uyğun olaraq, vəzifələrin siyahısı və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödəniləcək artım əmsalının məbləğinin yuxarı həddinin müəyyən edilməsi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, ... barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2023-cü il tarixli, 486 nömrəli Qərarı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlı hərbi hissəsinin hərbi qulluqçularına vəzifələr üzrə ödəniləcək artım əmsalının məbləğinin yuxarı həddi müəyyən edilsin (1 nömrəli əlavə, məxfi).

2. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, ... ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 3.6-cı, 4.3-cü və 6.1ci hissələri yeni redaksiyada verilsin (2 nömrəli əlavə, məxfi).

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

4. Bu Qərar 2022-ci il dekabrın 1-dən (bu Qərarın 2-ci hissəsində göstərilən əlavənin 4.3-cü bəndinin ilk on dörd sətrindəki vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilsin.

“Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun pensiyasına xx.xx.2022-ci il tarixdən edilmiş yeni artımın, hərbi xidmətinin hər ilinə görə 2017-ci ilin 1 iyul tarixinədək olan müddət üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə hesablanmaqla, təminat xərcliyinin 93,83 %-nə uyğun pensiya məbləğinə əsasən yenidən hesablanmasıdır. İş hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən cavabdeh orqan tərəfindən iddiaçının 20 ildən artıq xidmətinin 2017-ci ilin 1 iyul tarixinədək olan hər ilinə görə təminat xərcliyinin 2 faiz məbləğində əlavə hesablanmışdır. İddiaçı qeyd olunan hesablamadan narazı olduğu üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(81)-3940/2019 nömrəli qərarı ilə iddiaçının 20 ildən yuxarı xidmətinin hər ili üçün xx.xx.2017-ci il tarixinə qədər olan müddətə 3 faiz miqdarında əlavə olmaqla pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Bundan sonra cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün - təminat xərcliyinin 50 faizi, 14 il üçün hər ilə görə 3 faizi miqdarında olmaqla (14x3) təminat xərcliyinin 42 faizi, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı - 11 ay müddət üçün təminat xərcliyinin 1.83 faizi, ümumi olaraq təminat xərcliyinin 93,83 (50+42+1,83) faizi miqdarında hesablanmışdır. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən cavabdeh tərəfindən iddiaçının pensiyasına yeni artım əlavə edilərkən iddiaçının əmək pensiyası - 20 il xidmət müddətinə təminat xərcliyinin 50 faizi, - 15 il üçün hər ilə görə 2 faizi miqdarında olmaqla (15x2) təminat xərcliyinin 30 faizi, - natamam ildəki iş stajı aylarının sayına (8ay) mütənasib olaraq təminat xərcliyinin 1,33 faizi, ümumi olaraq təminat xərcliyinin 81,33 faizi nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 20 ildən artıq xidmətinin hər ilinə görə 2017-ci ilin 1 iyul tarixindək olan müddət üzrə təminat xərcliyinin 2 faiz məbləğində hesablaması qanunvericliyin tələblərinə uyğun deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasına əlavələr hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 5.10-cu bəndində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə, yəni hərbi qulluqçulara 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən) və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. Qanunveriliyin qeyd olunan normalarının tələbinə görə, hərbi qulluqçuların əmək pensiyasına 20 ildən artıq xidmətinin hər ilinə görə əlavə 2017-ci ilin 1 iyul tarixinədək olan müddət üçün təminat xərcliyinin 3 faizi, 2017-ci ilin 1 iyul tarixindən sonrakı müddət üçün 2 faiz miqdarında hesablanır. Digər tərəfdən Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarındakı hüquqi mövqeyinə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı pensiyasına xx.xx.2022-ci il il tarixdən edilmiş yeni artımın sonuncunun 20 ildən artıq hərbi xidmətinin hər ilinə görə 2017-ci ilin 1 iyul tarixinədək olan müddət üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə hesablanmaqla, ümumi olaraq təminat xərcliyinin 93,83 faizi miqdarında olan pensiya məbləğinə uyğun yenidən hesablanması vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı pensiyasına xx.xx.2022-ci il tarixdən edilmiş yeni artımın iddiaçının 20 ildən artıq hərbi xidmətinin hər ilinə görə 2017-ci ilin 1 iyul tarixinədək olan müddət üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla, ümumi olaraq təminat xərcliyinin 93,83 faizi miqdarında olan pensiya məbləğinə uyğun yenidən hesablanması öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar