Məhkəmə qərarları › İş №2-1(114)-3539/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3539/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3539/2023 01.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı protokol-qərarların qismən ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı protokol-qərarların qismən ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Torpağa mülkiyyət hüququna dair JN-605 KOD 50921018 nömrəli dövlət aktına əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə Goranboy rayonu, Xoylu kəndində yerləşən 0.54 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X6 və X8 verilmişdir.

2. Torpağın mülkiyyətə verilməsinə dair JN-572F KOD 50921018 nömrəli şəhadətnaməyə əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə Goranboy rayonu, Xoylu kəndində yerləşən 0.20 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə X2 və X8 verilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Xoylu kəndində yerləşən 0.16 ha torpaq sahəsi üzərində X10 və X5 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Xoylu kəndində yerləşən 0.49 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Goranboy rayonu, Xoylu kəndində yerləşən 0.77 ha, 0.19 ha və 0.190045 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı, X1, X4 və X3 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Goranboy rayonu Xoylu bələdiyyəsi tərəfindən vergi ödəyicisi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tədiyə bildirişlərində 2023-cü il üçün 18 manat əmlak vergisi, 7,96 manat torpaq vergisi hesablanmış, həmin məbləğin xx.xx.2023-cü il tarixinədək 12,98 manat, xx.xx.2023-cü il tarixinədək 12,98 manat ödənilməsi olması, əvvəlki dövrlər üzrə vergi borcunun 103,84 manat, faiz borcunun 33,83 manat, cəmi ödəniləcək məbləğin 163,63 manat olması göstərilmişdir.

7. Goranboy rayonu Xoylu Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10 nömrəli protokol-qərarına əsasən borclu İddiaçı Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 163,78 manat vergi borcunun tutularaq Xoylu bələdiyyəsinin büdcəsinə ödənilməsi üçün müraciət olunması qərara alınmışdır.

8. Gədəbəy bələdiyyəsi tərəfindən vergi ödəyicisi İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli 58 nömrəli xəbərdarlıq məktubunda vergi borclarının 10 gün müddətində ödənilməsi tövsiyyə olunmuş, əks təqdirdə Goranboy rayon İcra və Probasiya şöbəsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

9. Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11 nömrəli protokolqərarına əsəsən borclu İddiaçı Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 163,78 manat vergi borcunun tutularaq Xoylu bələdiyyəsinin büdcəsinə ödənilməsi haqqında Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10/10 nömrəli qərarının icraya yönəldilməsi qərara alınmışdır.

10. Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 128 nömrəli məktubu ilə borclu İddiaçı barəsində Xoylu bələdiyyəsinin 16 may 2023-cü il tarixli qərarı icra olunması üçün Goranboy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Goranboy rayonu Xoylu bələdiyyəsinin barəsində tərtib etdiyi 163,78 manat vəsaitin tutulması haqqında qanunsuz aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il tarixdə Goranboy rayonu, Xoylu kəndində doğulmuş, hazırda da həmin kənddə yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. Prezident təqaüdü ilə təmin olunmuşdur. Torpaq islahatı ilə əlaqədar olaraq hazırda mülkiyyətində 1,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. xx.xx.2023-cü il tarixdə istifadəsində olan mobil telefona Goranboy rayon İcra və Probasiya şöbəsinə dəvət olunduğu haqqında mesaj daxil olmuşdur.xx.xx.2023-cü il tarixdə həmin şöbədə olmuş və ona məlum olmuşdur ki, barəsində Goranboy rayonu Xoylu Bələdiyyəsi mülkiyyətində və istifadəsində olan əmlak və torpaq sahəsinə ötən dövrlərdən vergi borcları haqqında cəmi 163,78 manat vəsaitin tutulması haqqında inzibati akt təqdim edib. Aşağıdakılara görə hesab edir ki, Goranboy rayonu Xoylu bələdiyyəsinin tərtib etdiyi inzibati akt doğru deyil, tam qanunsuz tərtib edilmişdir. Belə ki, inzibati aktdan məlum olmur ki, onun mülkiyyətində və istifadəsində olan əmlak və torpaq sahəsi hansı sənədlərə əsasən müəyyənləşdirilib; əmlak və torpaq sahəsinə görə hesablanmış borc hansı dövrü əhatə edir; inzibati akt qəbul olunarkən onun və ya onun nümayəndəsinin iştirakı təmin olunmayıb. Bu işlərə aydınlıq gətirmək məqsədi ilə Xoylu bələdiyyəsində olmuş, yuxarıdakı sualları onlara da ünvanlamış, cavabı onun fikirlərində düz olduğunu təsdiqləmişdir. Məlum olmuşdur ki, bələdiyyə bu borcu ona yaradarkən təkcə onun adına olan torpaq sahəsini deyil, həm də vərəsəliyi müəyyən olunmamış, hər ikisi vəfat etmiş valideynlərinin adına yalnız torpağa mülkiyyət hüququna dair dövlət aktı olan 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, oğlu X3 adına olan 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və qardaşı qızı X7 adına olan 0,16 ha yaşayış məntəqələrinin torpaq sahəsinə olan borcları da daxil edib.

13. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli iclasının 10 nömrəli protokol-qərarının və xx.xx.2023cü il tarixli 11 nömrəli protokol-qərarının ondan Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 163,78 manat vergi borcunun tutularaq Xoylu bələdiyyəsinin büdcəsinə ödənilməsi hissəsində və bu qərarın icraya yönəldilməsi hissəsində ləğv edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

16. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

17. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

19. İddiaçı tərəfindən mübahisələndirmə müddətinə riayət edilib-edilməməsinin müyyən edilməsi istiqamətində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qəbul edilmiş qərarlar rəsmi qaydada iddiaçıya təqdim edilməmişdir.

20. İddiaçı məhkəməyə verdiyi izahatında icra və probasiya şöbəsinə çağırış üçün sms-bildiriş aldıqdan sonra şöbəyə getdiyini, bu zaman orada bələdiyyə tərəfindən ona borc hesablanaraq icra sənədi verdiyinin ona məlum olduğunu və bundan sonra bələdiyyəyə getdiyini və ona tədiyə bildirişini həmin vaxt təqdim etdiklərini, bundan 1-2 gün sonra hazırkı iddianı qaldırdığını bildirmişdir.

21. Cavabdeh yazılı etirazında tədiyə bildirişi tərtib olunduqdan sonra bələdiyyə sədrinin müavini Mühəddin Axundovun iddiaçının ünvanına gedib orada bildirişi iddiaçıya təqdim etdiyini, lakin iddiaçının qəbul etməkdən və imzalamaqdan imtina etdiyini bildirmişdir ki, məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən tədiyə bildirişini, o cümlədən iddiaçının barəsində qəbul etdiyi qərarları ona çatdırmaq bələdiyyənin vəzifəsi olmaqla, həmin sənədlərin poçt rabitəsi vasitəsilə iddiaçıya çatdırılması mümkün və mütləq idi.

22. Məhkəmə, cavabdeh tərəfindən mübahisələndirilən qərarların iddiaçıya hansı tarixlərdə rəsmi qaydada təqdim edilməsi barədə sübutun məhkəməyə təqdim edilməməsini və iddiaçının icra və probasiya şöbəsinin sms-bildirişini xx.xx.2023-cü il tarixdə almasını, xx.xx.2023-cü il tarixdə isə iddia qaldırmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən müddət ötürülməmişdir.

23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, bələdiyyədə təsərrüfütbaşına kitablar var və həmin kitablarda sakinlərin mülkiyyətində, sahibliyində və istifadəsində olan həm həyətyanı, həm də pay torpaqları qeydə alınıb. Həmin təsərrüfatbaşına kitablarda olan məlumatlara əsasən inzibati akt tərtib edilmişdir. İnzibati aktın özündə isə belə məlumatların göstərilməsinə lüzum yoxdur. İkincisi, iddiaçının vəfat etmiş valideynlərinin adına olan torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçının deməyindən belə çıxır ki, iddiaçı valideynlərindən qalan torpaq sahəsini adına keçirməyənədək bələdiyyə torpaq vergisini almamalıdır. Bundan başqa iddiaçı qeyd edir ki, inzibati aktdan əmlak və torpaq sahəsinə görə hesablanmış borcun hansı dövrü əhatə etdiyi görünmür. Lakin qeyd edilən inzibati akt qəbul edilməmişdən əvvəl iddiaçıya bələdiyyə tərəfindən bir neçə dəfə borc barədə yazılı xəbərdarlıq göndərilib və həmin xəbərdarlıqda iddiaçıya borcunun 2020, 2021, 2022 və 2023-cü illlər üçün yarandığı qeyd edilmişdir. Həmçinin vətəndaşın borcunun məhz hansı dövrü əhatə etməsi ilə bağlı baza məlumatları vətəndaş tərəfindən tələb edildiyi halda ona təqdim olunur. İddiaçı bu barədə olan baza məlumatlarını bələdiyyədən tələb etməyib. Bundan başqa iddiaçı qeyd edir ki, inzibati akt qəbul edilərkən onun və ya nümayəndəsinin iştirakı təmin olunmayıb. Bununla bağlı qeyd etmək istəyir ki, bu cür inzibati aktların qəbul edilməsi prosesində vətəndaş iştirak etmir. Yuxarıda geyd etdiyi kimi vətəndaşa borc barədə xəbərdarlıq göndərilir və könüllü olaraq ödənilməsi təklif olunur. Vətəndaş borcunu könüllü ödəmədiyi halda hazırki inzibati akt tərtib olunur. Onu da qeyd etmək istəyir ki, tədiyyə bildirişi tərtib olunduqdan sonra bələdiyyə sədrinin müavini Mühəddin Axundov iddiaçının ünvanına gedib orada bildirişi iddiaçıya təqdim edib, lakin iddiaçı qəbul etməkdən və imzalamaqdan imtina edib. Buna görə iddiaçı inzibati aktın qəbul edilməsində iştirak etmədiyinə istinad edə bilməz.

29. Cavabdehin yazılı etirazına qarşı iddiaçının yazılı etirazı məhkəməyə daxil olmuşdur. Həmin etiraz onunla əsaslandırılmışdır ki, onun istifadəsində cəmi 2.18 (1.15+0.54+0.49) hektar pay torpağı vardır. Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 №-li qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən Goranboy rayonunun İİİ keyfiyyət qrupu üzrə torpaqların 1 ha üçün şərti balı 38 müəyyən edilmişdir Torpağın keyfiyyət göstəricisi İİİ qrupdur. Goranboy rayonu üzrə 1 hektar üçün şərti bal 38 x 0,06 =2,28 qəpik, yəni 1 otek (torpaq sahəsinin hər 100 kv.metrinə gorə) İİİ qrup torpaq vergisi 2,28 qəpik hesablanır. Bu halda cəmi istifədəsində və mülkiyyətində olan pay torpağı uçun cəmi 2.18 ha x 2,28 qəpik = 4,97 manat təşkil edir. Həyətyanı torpağı isə (0.20+0.16+0.22)=0.55 ha x 0.10 (həyətyanı torpağın şərti balə 100 əmsalla götürülür) 100 x 10 = 10 qəpik və cəmi həyətyanı torpağı üçün 0.58 ha x 10 qəpik = 5.80 manat olur. Beləliklə, cəmi torpaq vergisi pay və həyətyanı sahəsi üçün 4.97+5,80=10,77 manat təşkil edir, bundan 10 manat vergi güzəşti (Vergi Məcəlləsinin 207.2-ci maddəsi) çıxılsa cəmi 0,77 manat qalır. Əmlak vergisinə cəlb oluna bilən isə cəmi 224 kv.metr yaşayış sahəsi var. Onda fərdi evinə 224-30=194 kv.metr x 0.1 manat = 19.4 manat əmlak vergisi hesablanmalıdır ki, bundan da 30 manat çıxılsa (Vergi Məcəlləsinin 193.3-cü maddəsi) bələdiyyə üzü borclu qalır.

30. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Goranboy rayonu Xoylu Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10 nömrəli və xx.xx.2023-cü il tarixli 11 nömrəli protokol-qərarları; - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tədiyyə bildirişləri; - xx.xx.2008-ci il tarixli M/V 076209 nömrəli müharibə veteranı vəsiqəsinin surəti; - Goranboy rayonu Xoylu Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 128 nömrəli və xx.xx.2023-cü il tarixli 58 nömrəli məktubları; - Torpağa mülkiyyət hüququna dair JN-605 KOD 50921018 nömrəli dövlət aktının surəti; - Torpağın mülkiyyətə verilməsinə dair JN-572F KOD 50921018 nömrəli şəhadətnamənin surəti; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışların surətləri.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

32. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.

33. Hazırkı mübahisənin predmeti iddiaçı tərəfindən yerli (bələdiyyə) büdcəyə 163,78 manat məbləğində torpaq və əmlak vergisinin ödənilməsi barədə Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10 nömrəli və xx.xx.2023-cü il tarixli 11 nömrəli protokol-qərarlarıdır.

34. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisələndirilən qərarlardan iddiaçıya hesablanmış 163,78 manat verginin ona məxsus hansı torpaq sahəsi və əmlaka dair hesablanması, həmçinin vergi hesablanan müddətin hansı dövrləri əhatə etməsi müəyyən edilmir. Həmin hallar cavabdehin iddiaya yazılı etirazından da məlum olmur.

35. Yalnız Goranboy rayonu Xoylu bələdiyyəsi tərəfindən vergi ödəyicisi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tədiyə bildirişlərində 2023-cü il üçün 18 manat əmlak vergisi, 7,96 manat torpaq vergisi hesablanmış, həmin məbləğin xx.xx.2023-cü il tarixinədək 12,98 manat, xx.xx.2023-cü il tarixinədək 12,98 manat ödənilməsi olması, əvvəlki dövrlər üzrə vergi borcunun 103,84 manat, faiz borcunun 33,83 manat, cəmi ödəniləcək məbləğin 163,63 manat olması göstərilmişdir.

36. Həmin tədiyə bildirişindən göründüyü kimi, İddiaçı 2023-cü il üzrə 25,96 manat borc hesablanaraq onun iki dəfəyə - xx.xx.2023-cü il tarixinədək 12,98 manat, xx.xx.2023cü il tarixinədək 12,98 manat ödənilməli olması qeyd edilsə də, 2023-cü ilin artıq may ayında əvvəlki 4 il (2020, 2021, 2022, 2023-cü illər) ərzində olan borcları 2023-cü il də daxil olmaqla birlikdə ödənilməsi tələb edilmiş və bu barədə sözügedən qərarlar qəbul edilmişdir.

37. Yəni, buradan görünür ki, hətta 2023-cü il üzrə ödəniləcək vergi 2 dəfəyə bölünərək 12,98 manatının xx.xx.2023-cü il tarixdə, 12,98 manatının xx.xx.2023-cü il tarixdə ödəniləcəyi bildirilsə də, bundan əvvəl qəbul edilmiş bələdiyyə qərarında həmin vergilərin də iddiaçıdan tutulması qərara alınmışdır ki, bu da həmin qərarın aşkar şəkildə qanunsuzluğuna dəlalət edir.

38. Digər tərəfdən, iddiaçıya əvvəlki 4 il üçün vergi hesablanması da qanunsuz olmuşdur.

39. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

40. Həmçinin, iş materiallarında olan xx.xx.2008-ci il tarixli M/V 076209 nömrəli müharibə veteranı vəsiqəsindən məlum olur ki, İddiaçı müharibə veteranıdır.

41. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: 102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin; Maddə 196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Maddə 197.1. Aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri Maddə 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış Yaşayış məntəqələri və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3 Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər 0,2 istisna olmaqla), rayon mərkəzləri Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə 0,1 Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

Maddə 199.3. Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır. Maddə 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Maddə 204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Maddə 206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. Maddə 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:

Yaşayış fondlarının, həyətyanı Sənaye, tikinti, nəqliyyat, rabitə, sahələrin torpaqları və vətəndaşların ticarət-məişət xidməti və digər xüsusi bağ sahələrinin tutduğu torpaqlar Yaşayış təyinatlı torpaqlar (manatla) (manatla) məntəqələri 10000 m²- dən 10000 m²-dən 10000 m²- dək 10000 m²- dək yuxarı olan hissə yuxarı olan hissə olduqda olduqda üçün üçün Bakı şəhəri, 10 20 0,6 1,2 habelə onun qəsəbə və kəndləri Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron 8 16 0,5 1,0 rayonunun qəsəbə və kəndləri Digər şəhərlər və 4 8 0,3 0,6 rayon mərkəzləri Rayon tabeliyində olan şəhərlər, 2 4 0,1 0,2 qəsəbələr və kəndlər

Maddə 207.2. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

42. Göründüyü kimi, bələdiyyə tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən iddiaçının müharibə veteranı olması və həmin kateqoriya şəxslər üçün vergi qanunvericiliyində şamil olunan güzəştlər də nəzərə alınmamışdır.

43. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanununa görə: Maddə 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Maddə 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir.

44. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə görə: Bənd 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir... Bənd 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Bənd 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Bənd 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bənd 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Bənd 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir.

45. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddialarda sübutetmə yükü mübahisələndirilən inzibati aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırkı işdə isə bələdiyyənin nümayəndəsi məhkəməyə gəlməyərək mübahisələndirilən qərarların qəbul edilməsini şərtləndirən halları sübuta yetirməyə cəhd göstərməmişdir.

46. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10 nömrəli və xx.xx.2023-cü il tarixli 11 nömrəli protokol-qərarları iddiaçıya münasibətdə qanunsuz və əsassız olduğundan qismən – İddiaçı Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 163,78 manat vergi borcunun tutularaq Xoylu bələdiyyəsinin büdcəsinə ödənilməsi hissəsində və bu qərarın icraya yönəldilməsi hissəsində ləğv edilməlidir.

47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.

48. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh bələdiyyə tərəfindən xx.xx.2023-cü il tarixli 10 nömrəli və xx.xx.2023-cü il tarixli 11 nömrəli protokolqərarlar qəbul edilərkən yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əməl edilmədiyindən, İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı qərarların qismən ləğv edilməsi tələbinə dair iddiası təmin edilməlidir.

49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli iclasının 10 nömrəli protokol-qərarının və xx.xx.2023-cü il tarixli 11 nömrəli protokol-qərarının İddiaçı Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 163,78 manat vergi borcunun tutularaq Xoylu bələdiyyəsinin büdcəsinə ödənilməsi hissəsində və bu qərarın icraya yönəldilməsi hissəsində ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar