Məhkəmə qərarları › İş №2-1(114)-354/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-354/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-354/2023 19.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Tovuz rayon Xatınlı bələdiyyəsinin nümayəndəsi (sədri) X1 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz rayon Xatınlı bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi və torpaq sahəsinin çoxillik icarəyə verilməsi üçün müsabiqəyə və hərraca çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Tovuz rayon Xatınlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon Xatınlı Bələdiyyəsinin 02 sentyabr 2022-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və nəzərdə tutulan 4 ha torpaq sahəsinin çoxillik icarəyə verilməsi üçün müsabiqəyə və hərraca çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur, mülkiyyətində Xatınlı kəndinin ərazisində ümumi sahəsi 391 kv.m olan sovxoz dönəmində tikilmiş tikililər var. Həmin tikililər sovxoz dönəmində 4 ha bağ, 4.6 ha örüş olmaqla ümumi sahəsi 8.6 olan çəpərə alınmış ərazidə quşçuluq kompleksi kimi fəaliyyət göstərirdi. Halhazırda həmin ərazinin 4 hektarı bələdiyyənin mülkiyyətində olmaqla ehtiyyat fond torpağı, 4.6 hektarı isə həmçinin bələdiyyənin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqdır. 4 hektarlıq ərazi kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr, 4.6 hektarlıq ərazi isə kənd təsərrüfatı təyinatlı örüş olmaqla istifadəyə, icarəyə, və mülkiyyətə verilmə predmetləridir. Tikililərdən daha səmərəli və təyinatı üzrə istifadə etmək və biznesini optimallaşdırmaq üçün 2021-ci ilin dekabr ayında Xatınlı bələdiyyəsinə 8.6 hektarlıq ərazinin ona 45 ildən yuxarı müddətə icarəyə verilməsi üçün müraciət etmişdir. Xatınlı bələdiyyəsi öz növbəsində həmin ərazilərin kənd əhalisinin ümumi istifadəsində olduğu və əhalinin əraziləri icarəyə verilməsinə etiraz etdiyini əsas gətirərək torpağın icarəyə verilməsindən imtina etmişdir. Xatınlı bələdiyyəsinin müvafiq qərarının ləğv edilməsi üçün xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 20 iyun 2022-ci il tarixli e-2-1(114)-733/2022 nömrəli qərarı ilə iddia təmin edilərək bələdiyyənin qərarı ləğv edilmişdir. Xatınlı bələdiyyəsinin 24 dekabr 2021-ci il tarixli 17 saylı qərarında əksini tapmış imtina səbəbini nəzərə alaraq həmin torpaqların kənd əhalisinin ümumi istifadəsində olmayıb yalnız bələdiyyənin fond torpağı olan 4 hektarlıq bağ sahəsinin çoxillik müddətə icarəyə verilməsi xahişi ilə Xatınlı bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin bağ sahəsinin ona icarəyə veriləcəyi təqdirdə birtərəfli qaydada Xatınlı bələdiyyəsi və Xatınlı sakinləri üçün 7 bənddən ibarət iqtisadi və sosial öhdəliklər götürəcəyini, həmin öhdəliklərin şərt kimi müqaviləyə daxil edilməsini bələdiyyəyə təklif etmişdir. Xatınlı bələdiyyəsi bu dəfə sadəcə kənd sakinlərinin aktını nəzərə alaraq bələdiyyə mülkiyyətinə aid torpağın ümumiyyətlə hərraca və ya müsabiqəyə çıxarılmasından imtina etmişdir. Xatınlı bələdiyyəsi həmin 4 hektar bağ sahəsinə bələdiyyə tərəfindən son 20 ildə heç bir xidmət göstərməmişdir və icarəyə verməmişdir. Bu səbəbdən də hesab edir ki, Tovuz rayon Xatınlı Bələdiyyəsinin 02 sentyabr 2022-ci il tarixli, 14 nömrəli qərarı ləğv edilməli və nəzərdə tutulan 4 ha torpaq sahəsinin çoxillik icarəyə verilməsi üçün müsabiqəyə və hərraca çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, təxminən 1 ay əvvəl həmin sahəyə kənd əhalisi tut ağacları basdırmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tovuz rayon Xatınlı bələdiyyəsinin 02 sentyabr 2022-ci il tarixli, 14 nömrəli qərarının məzmunundan görünür ki, kənd sakinlərinin 31 avqust 2022-ci il tarixli aktı nəzərə alınaraq bələdiyyə mülkiyyətinə aid 4.0 ha torpaq sahəsinin icarə məqsədi ilə hərrac və müsabiqəyə çıxarılması məqsədəmüvafiq hesab edilməmişdir. -surəti işə əlavə edilmiş bir qrup Xatınlı kənd sakinləri tərəfindən tərtib edildiyi və imzalandığı iddia olunan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Xatınlı bələdiyyəsinə məxsus 4.0 ha bağ sahəsinin Qaraxanlı kənd sakini İddiaçı uzun müddətli icarəyə verilməsinə etirazlarını bildirirlər və həmin ərazidə mərhələli şəkildə tut ağacı əkib barama saxlanılması üçün yem bazası yaradacaqlar. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Tovuz rayonu Xatınlı bələdiyyəsinə müraciət edərək, bələdiyyə mülkiyyətində olan 4.0 ha bağ sahəsinin ona uzun müddətli icarəyə verilməsini xahiş etmiş, lakin Tovuz rayon Xatınlı bələdiyyəsi bir qrup Xatınlı kənd sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktı əsas gətirərək həmin torpaq sahəsinin icarə məqsədi ilə hərrac və müsabiqəyə çıxarılmasını məqsədəmüvafiq hesab edilməməsi barədə 02 sentyabr 2022-ci il tarixli, 14 nömrəli qərar qəbul etmişdir. İddiaçı hazırda bələdiyyənin həmin qərarını mübahisələndirərək həmin torpaq sahəsinin müsabiqəyə və hərraca çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun:- -2.1. maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -2.2. maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. -6.3. maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. -6.6. maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. -6.7. maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. -21.1. maddəsinə əsasən bələdiyyə torpaqlarının mühafizəsinin məqsədi onlardan səmərəli istifadə edilməsini, torpaqların kənd təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsini, onların zərərli antropogen təsirlərindən qorunmasını, torpaqların münbitliyinin bərpasını və artırılmasını təmin etməkdir. -22.1. maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və iqtisadi cəhətdən stimullaşdırılması torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpağın münbitliyinin saxlanması və yüksəldilməsində marağın artırılması, təsərrüfat fəaliyyətinin zərərli təsirindən torpaqların qorunması məqsədilə həyata keçirilir. Mübahisələndirilən qərarın məzmunundan görünür ki, bələdiyyə məqsədli təyinatı üzrə icarəyə verilməli olan torpaq sahəsini kənd sakinlərinin müvafiq müraciətinə əsaslanaraq hərraca çıxarılmasından imtina etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan Qanunun 3, 6, 21 və 22-ci maddələri bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin səmərəli istifadəsini və mühafizəsini tənzimləyir. Bələdiyyənin ərazisində yaşayan sakinlərin məqsədli təyinatı icarə üçün olan torpaq sahələrindən istifadə etmək niyyətlərini bildirmələri sahənin icarəyə verilməsi məqsədilə hərraca çıxarılmasından imtina üçün əsas vermir, əksinə torpaqdan səmərəli istifadəyə zəmin yaradır. Odur ki, bələdiyyənin qeyd olunan əsasla müvafiq torpaq sahəsinin hərraca çıxarılmasından imtina etməsi absurd yanaşmadır və qanunvericiliyin qeyd olunan tələblərinə ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Tovuz rayon Xatınlı Bələdiyyəsinin 02 sentyabr 2022-ci il tarixli, 14 nömrəli qərarı ləğv edilməli, həmin qərarda nəzərdə tutulmuş, bələdiyyə mülkiyyətində olan 4.0 ha torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə və hərraca çıxarılması öhdəliyi Tovuz rayon Xatınlı Bələdiyyəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Tovuz rayon Xatınlı Bələdiyyəsinin 02 sentyabr 2022-ci il tarixli, 14 nömrəli qərarı ləğv edilsin. Həmin qərarda nəzərdə tutulmuş, bələdiyyə mülkiyyətində olan 4.0 ha torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə və hərraca çıxarılması öhdəliyi Tovuz rayon Xatınlı Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar