Məhkəmə qərarları › İş №2-1(114)-3549/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3549/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3549/2025 18.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabehin əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən ona hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, orqanizmin funksiyalarının 65-80% pozulmasına görə, müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun İİ qrup əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, 1995-ci ildə yük avtomobilindən yıxılmağı nəticəsində "Qapalı kəllə beyin tramvası, mühüm dərəcəli kliniki təzahürlərlə baş beyin silkələnməsi, başın uzun ətrafları çoxsaylı əzilmiş yaralarını almışdır. Aldığı xəsarət "hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Bu iddia ərizəsinə əlavə etdiyi xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi həkim Komissiyasının qərarı ilə də təsdiq olunur. O, qeyd edir ki, cavabdeh tərəfindən ona 23 fevral 2025-ci ildə əlilliyindən imtina edilmişdir. Halbuki o, 2007-ci ildən İİ qrup əlildir. Belə olan halda "Diaqnoz əlllik əlaməti təyin edilməməsi" adı ilə əlilliyinin dayandırılmasının hüquqi əsası yoxdur. Onun 2023-cü ildə yoxlanışı ilə verilmiş arayışda 80% orqanizmin funksiyasının pozulması göstərilmişdir. Belə olan halda o, 16 il İİ qrup əlil olduğunun əlilliyinin sübut olmaması adı ilə dayanadırılmasının heç bir əsası olmadığını iddia edir. İddiaçı hesab edir ki, cavabedehin üzərinə onun İİ qrup əlilliyinin bərpa edilməsi öhdəliyi qoyumalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(114)-3549/2025 nömrəli qərardadı ilə iddia tələbi “iş üzrə cavabdeh əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbi “cavabdehin İddiaçı əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən ona hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, orqanizmin funksiyalarının 65- 80% pozulmasına görə, müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan: İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2006-ci il tarixindən xx.xx.2007-ci il tarixinə qədər ümumi xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinə qədər ümumi xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2008-ci il tarixindən xx.xx.2009-cu il tarixinə qədər ümumi xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2009-cu il tarixindən xx.xx.2010-cu il tarixinə qədər ümumi xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2010-cu il tarixindən xx.xx.2011- ci il tarixinə qədər ümumi xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci il tarixinə qədər ümumi xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2012-ci il müayinə tarixindən xx.xx.2013-cü il tarixinə qədər ümumi xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə qədər ümumi xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2015-cı il tarixədək 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən hərbi xidmət ilə əlaqədar, İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 2 il müddətinə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08 sentyabr 2017-ci il tarixli, 1334 nömrəli qərarından görünür ki, İddiaçı müayinə və müalicə olunduğu travmadiaqnoz: “Qapalı kəllə beyin travması. Mühüm dərəcəli kliniki təzahürlərlə baş beyin silkələnməsi. Başın, üzün, ətrafların çoxsaylı əzilmiş yaraları”, “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı astenik hal”, “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı ensefalopatiya” Gəncə şəhəri Nizami RHK-nın xx.xx.2012-ci il tarixli 135 nömrəli göndərişi, xx.xx.2012-ci il tarixli 78 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1995-ci il tarixli, xx.xx.1995-ci il tarixli, xx.xx.1996-cı il tarixli çıxarış epikrizləri, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş 2-1(81) 3955/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı, MN MHHK-nın həkim mütəxəssisi- nevropatoloqunun və hüquq məsləhətçisinın rəyləri ilə təsdiq edilir) "hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır. xx.xx.2025-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Stasionar müalicə aldığı müəssisələr: X2 - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu X2 - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2025, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Həkim müayinəsinin nəticəsi: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, F07.0 - F06.3-Üzvi mənşəli şəxsiyyət pozuntusu. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu - Ağırlaşma F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. xx.xx.2025-ci il tarizli qiymətləndirmə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2025ci il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2025-ci il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2663 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda azırda "üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi dissosiativ daxilolmalarla" (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması,( bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2" Publik Hüquqi şəxsində "Üzvi mənşəli şəxsiyyət pozuntusu" diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında "Üzvi mənşəli şəxsiyyət pozuntusu" diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, təfəkkürün ləng olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlıq və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı hal-hazırda azırda "üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi dissosiativ daxilolmalarla" (f07.0) aşkar edilir. Əsaslandırma hissəsi: Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2025-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, orqanizmin funksiyalarının 65-80% pozulmasına görə, müddətsiz əlilliyin təyin edilməsidir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Qeyd olunan Qaydaya 2 nömrəli əlavəyə əsasən, təkrar əlillik müraciətləri üçün son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti F07.0 kodu üzrə stasionar müalicə müddəti - 10 gün, ambulator müalicə müddəti – 2 dəfədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5.2.3-cü bəndinə görə, şəxsin əlilliyinin səbəblərindən biri hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədardır. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinin olması – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2025-ci il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2025-ci il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçı təkrar əlillik üçün tələb olunan son bir il ərzində ambulator və stasionar müalicələr almış və göndəriş zamanı xəstənin vəziyətinin “Bələdliyi saxlanılıb. Danışıq əlaqəsinə həvəssiz qoşulur. Verilən suallara qısa, bəzən aidiyyatsız cavablar verir. Meyl və maraq dairəsi daralıb, diqqəti öz şəxsiyyətinə yönəlmişdir. Özünə qapanır, saatlarla bir yerdə oturur, heç kimlə danışmır. Əhval ruhiyyəsi dəyişkəndir. Emosional reaksiyaları dayanıqsızdır. Xırda stimullara kəskin reaksiyalar göstərir, özündən çıxır. Sakit olduğu bir vaxtda qəflətən əsəbləşir, hər yeri dağıdır, bütün paltarları atır yerə, cırır, pərdələri qayçi ilə doğrayır. Özünə gələndə baş verən hadisələri özü etdiyinə inanmır. Bədəninin müxtəlif yerlərində olan xoşagəlməz duyğulardan, hisslərdən şikayət edir. Deyir "Başımın içində, dərimin altında xırda cücülər yeriyir, müxtəlif səslər çıxardır". Diqqəti dağınıq, yaddaşı mexanikidir. Təfəkkürü tormozlaşmışdır. Vaxtını səmərəsiz keçirdir.” olması müəyyən olunur. Qeyd olunan tibbi göndəriş haqqında məlumata əsasən, iddiaçıya “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2663 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda "üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi dissosiativ daxilolmalarla" (F07.0) aşkar edilir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2005-ci il tarixdə başlayaraq eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada müalicə almasına baxmayaraq iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08 sentyabr 2017-ci il tarixli, 1334 nömrəli qərarından görünür ki, iddiaçıya qoyulmuş diaqnozun səbəb əlaqəsi "hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin səbəbi hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar müəyyən edilməlidir. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə əlillik təyin edilməlidir. İddiaçı orqanizminin funksiyalarının pozulması müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndində əlilliyin müddəti 2 il nəzərdə tutulmuşdur. Lakin iddiaçı 2005-ci ildən başlayaraq fasiləsiz olaraq 2015-ci ilə qədər, yəni il müddətində İİ dərəcəli əlil olmuşdur. Ona görə də iddiaçıya müddətsiz əlillik təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 və 4.3-cü bəndlərinə görə, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabehin xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməli, həmin tarixdən iddiaçıya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, orqanizmin funksiyalarının 65-80% pozulmasına görə, müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.2, 73.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Rasim İsa oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2025-ci il il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, orqanizmin funksiyalarının 65-80% faiz pozulmasına görə, müddətsiz əliliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar