Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3561/2024 29.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X2) qarşı əlil kimi mənzil növbəsinin xx.xx.2015-ci ildən hesab edilməsi barədə sərəncam verilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh Başçısının 30 iyul 2015-ci il tarixli 103 nömrəli sərəncamdan çıxarışa əsasən X2 İİİ qrup əlil kimi mənzil növbəsinə alınmışdır. Cavabdeh Başçısının 05 may 2022-ci il tarixli 87 nömrəli sərəncamdan çıxarışa əsasən İddiaçı İİ qrup əlil kimi mənzil növbəsinə alınmışdır. Cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli, 5-45/2-R-19-068/2024 saylı cavab məktubu ilə, Cavabdeh başçısının 05 may 2022-ci il tarixli 87 nömrəli sərəncamı ilə İİ qrup gözdən əlil kimi imtiyazlı mənzil növbəsinə alındığı müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır.Əlavə məlumat üçün bildirilir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hər bir imtiyaz fərdi qaydada yalnız şəxsin özünə aid olduğu nəzərə alınaraq, həyat yoldaşı Seymur Rüstəmovun Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli 103 nömrəli Sərəncamı ilə təsdiq edilmiş imtiyazlı mənzil növbəliliyinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hərəkətlərini qanunsuz hesab etməklə onun gözdən əlil kimi mənzil növbəsinin xx.xx.2015-ci ildən hesab edilməsi barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı X2 xx.xx.1986-cı ildə anadan olmuş və Cavabdeh xx.xx.2015-ci il tarixli Sərəncamı ilə 3-cü qrup ümumi əlil kimi İcra hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Onlar xx.xx.2010-cu ildə ailə həyatı qurmuş və artıq 14 ildir ki, bir yerdə yaşayırlar. Birgə nikahdan onların 2 övladı vardır, həyat yoldaşı 2015-ci ildə mənzil növbəsinə götürülən vaxt onun da adı mənzil sahəsinə ehtiyacı olan ailə üzvlərinin siyahısına daxil edilmişdir. O, uşaqlıqdan 2-ci dərəcəli gözdən əlildir və həyat yoldaşının mənzil növbəsinin gözdən əlillərin mənzil növbəsinə keçirilməsi barədə cavabdeh İcra hakimiyyətinə ünvanladığı müraciətdən sonra o, xx.xx.2022-ci ildən mənzil növbəsinə götürülmüşdür.Hazırda belə aydın olur ki,eyni şəxslər həm 2015-ci ildən ümumi əlillərin həm də 2022-ci ildən gözdən əlillərin siyahısı üzrə mənzil növbəsindədirlər, bu da anlaşılmazlığa yol açır.Yaşayış şəraiti olduqca ağır və dözülməzdir.Hazırda gözdən əlillərin mənzil təminatı həyata keçirilir. Onun da 2-ci dərəcəli gözdən əlil kimi bu imtiyazlardan istifadə etmək hüququ vardır. O, mənzil növbəsinin 2015-ci ildən hesab olunması adının gözdən əlillərin Siyahısına həmin tarixdən daxil edilməsi barədə ərizə ilə İcra hakimiyyətinə müraciət etmiş,lakin ona ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda onun xx.xx.2022-ci ildən imtiyazlı mənzil növbəsində olduğunu qeyd etmiş və göstərilmişdir ki, onun həyat yoldaşı xx.xx.2015-ci ildən olan mənzil növbəsinin adına keçirilməsi mümkünsüzdür. Cavabdehin bu imtinası tam əsassızdır belə ki, onun da adı həmin mənzil siyahısında həmin vaxtdan olmuş və bu da növbənin bir addan digər ada keçirilməsinə əsas verir,mənzil növbəsi adına olan həyat yoldaşının da bununla bağlı notarial qaydada razılıq ərizəsini vermişdir. İddiaçı və üçüncü şəxs X2 məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasında iddia tələbinin təmin olunmasını xahiş etmişdir . Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, iddiaçının hazırki tələbi onun gözdən əlil kimi mənzil növbəsinin xx.xx.2015-ci ildən hesab edilməsindən ibarətdir ki, cavabdeh orqan Azərbaycan Respublikasının "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanıldığı və mövcud qanunvericiliyin tələblərinə əsasən hər bir imtiyaz fərdi qaydada yalnız şəxsin özünə aid olduğu nəzərə alınaraq, onun həyat yoldaşı Seymur Rüstəmovun Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli 103 nömrəli Sərəncamı ilə təsdiq edilmiş imtiyazlı mənzil növbəliliyinin onun adına rəsmiləşdirilməsi mümkün olmadığını bildirərək imtina cavabı vermişdir. Məhkəmə cavabdeh orqanın imtinası ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.7-ci maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: - 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. - 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. - 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. - 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqan tərəfindən həyata keçirilir. Mənzil uçotuna güzəştli şərtlərlə ancaq ər və ya arvad, yetkinlik yaşına çatmayan övladlar, habelə özünə ailə qurmayan yetkinlik yaşına çatan övladlar qəbul edilirlər. İddiaçı xx.xx.2022-ci ildən gözdən əlil şəxs kimi imtiyazlı mənzil növbəsinə götürülsədə, həyat yoldaşı X2 30 iyul 2015-ci il tarixdən ümumi əsaslarla üçüncü qrup əlil kimi imtiyazlı mənzil növbəsinə götürülmüşdür və ailə tərkibi olaraq 4 nəfər qeyd edilmişdir ki, İddiaçı da ailə tərkibində qeyd edilmişdir.Beləliklə, İddiaçı 30 iyul 2015-ci il tarixindən gözdən əlil şəxs kimi imtiyazlı mənzil növbəsinə götürülmədiyindən xx.xx.2022-ci ildən gözdən əlil şəxs kimi imtiyazlı mənzil növbəsinin həyat yoldaşı X1 30 iyul 2015-ci il tarixindən ümumi əsaslarla üçüncü qrup əlil kimi imtiyazlı mənzil növbəsinin əvəzi olaraq onun gözdən əlil şəxs kimi imtiyazlı mənzil növbəsinin 30 iyul 2015-ci il tarixindən hesab edilməsi tələbinə dair iddiası əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3561/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3561/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver