Məhkəmə qərarları › İş №2-1(114)-357/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-357/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-357/2025 09.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Tovuz rayonu Dondar Quşçu bələdiyyəsi) qarşı Tovuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarı ilə Tovuz rayonu Dondar Quşçu kəndində ayrılmış 0,405 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 və mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarı ilə X9 və X1 mülkiyyətinə Tovuz rayonu Dondar Quşçu kəndində 0.11 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmiş və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-0082 Kod 50300128 nömrəli Dövlət aktı tərtib edilmişdir.

2. Tovuz rayonu Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq siyahısında X5 adına (ailə üzvü X6 ilə birlikdə) 0,405 ha pay torpaq sahəsi qeyd edilmişdir.

3. X9 xx.xx.2009-cu il tarixdə, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

4. Tovuz regional Asan xidmət mərkəzində notariat notariat ofisinin xx.xx.2023-cü il tarixli 4037 nömrəli məktubundan məlum olur ki, İddiaçı mərhum X9 və X1 qanun üzrə vərəsəsidir.

5. İddiaçı cavabdeh orqana müraciət edərək Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.40 ha torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, ancaq sonuncu xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-H-02xx-xx/2023 nömrəli məktubla iddiadan imtina edərək imtinanı onunla əsaslandırmışdır ki, Dondar Quşçu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (elektron baza məlumatlarında) ona və ailə üzvlərinə 0.1089 ha pay torpaq sahəsi olması göstərilmiş, digər əlavə torpaq sahəsi haqqında məlumat yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 239/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X5 ümumi birgə adına Tovuz rayonu, Dondar Quşçu kəndində JN-82 nömrəli dövlət aktı ilə qeyd edilmiş 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə **********76 reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixdə məhdudlaşdırılmaya dair arayış (Forma-1) verilmişdir.

7. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 1236/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Tovuz rayonu Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq siyahısından görünür ki, X8 hər nəfərə görə 0.203 ha olmaqla 2 subyektə görə 0.406 ha torpaq payı müəyyən edilmiş və 0.08 ha həyətyanı zəbt çıxılmaqla 0.326 ha torpaq payı ayrılmışdır.

8. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Elektron baza məlumatlarında JN-0082 KOD 50300128 nömrəli dövlət aktına əsasən X9 və X3 ayrılmış 0.11 ha torpaq sahəsinin sərhədləri müəyyən olundu və həmin torpaq sahəsinin mülkiyyət forması xüsusi, kateqoriyası kənd təsərrüfatı təyinatlı əkin torpaqlarıdır. 2) İddiaçı istifadəsi kimi göstərilən torpaq sahəsi 0.57 ha-dır və bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı əkin torpaqlarıdır. 3) Baza məlumatlarına əsasən İddiaçı istifadəsi kimi göstərilən 0.57 ha torpaq sahəsi hər hansı subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyil. Əlavə olaraq bildirilir ki, JN-0082 nömrəli dövlət aktında göstərilən 0.11 ha torpaq sahəsinin koordinatları iddiaçının faktiki istifadə etdiyi 0.57 ha torpaq sahəsinin koordinatları daxilində deyil. Qeyd: Rəyin tərtib edilməsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) məlumatlarına və torpaq islahatına dair kompleks yeruquruluşu layihəsinə istinad edilmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciə edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarına əsasən mərhum X2na və mərhum anası X3 Tovuz rayonu Dondar Quşçu kəndində 0,405 ha pay torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 №-li qərarına əsasən məhhum X2na və mərhum anası X3 Tovuz rayonu Dondar Quşçu kəndində 0,405 ha pay torpaq sahəsi verilib. Həmin torpaq sahəsi atası və anası sağ olan zaman onların, onların ölümündən sonra isə onun sahibliyində və istifadəsindədir. X2 13 may 2009-cu il tarixdə, anasına X6 isə 10 aprel 2017-ci il tarixdə vəfat ediblər. O, mərhum valideynlərindən miras qalmış əmlaklara dair vərəsəlik almaq üçün Tovuz regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Həmin vaxt cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə mərhum valideynlərindən miras qalmış daşınmaz əmlak barədə çıxarış və texniki pasport verilməsi ilə bağlı məktub göndərilmiş və həmin vaxt o öyrənmişdir ki, 0,405 ha pay torpaq sahəsinə dair mərhum valideynlərinin adına çıxarış yoxdur. Bundan sonra o, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə həmin torpaq sahəsinə dair çıxarış verilməsi ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ona göndərilmiş 22 noyabr 2023-cü il tarixli məktubda Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 №-li qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 0.1089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair məhhum X2nun və ailə üzvlərinin adına Torpağa mülkiyyət hüququna dair JN-0082 nömrəli Dövlət Aktı tərtib edildiyi, Dondar Quşçu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (elektron baza məlumatlarında) ona və ailə üzvlərinə 0,1089 ha pay torpaq sahəsi olması göstərildiyi, digər əlavə torpaq sahəsi haqqında məlumat olmadığına görə ərizəsinin icrasının mümkün olmadığı qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi 06 noyabr 2023-cü il tarixli məktubla ona göndərmiş olduğu mərhum atasının və anasının adına Torpağa mülkiyyət hüququna dair JN-0082 nömrəli dövlət aktı tərtib edilməsinə əsas olmuş ilkin torpaq ayırma sənəd kimi Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 №-li qərarından çıxarış və mərhum atasının və onun ailə üzvünə 0,405 ha pay torpaq sahəsinin verilməsi Tovuz rayonu Dondar Quşçu kəndi üzrə Torpaq payı alacaq ailələrin ardıcıllıq sıyahısı göndərilmişdir. Əgər həmin sənəd Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsində mövcuddursa ona həmin torpaq sahəinə dair çıxarış verilməlidir. Belə ki, həmin torpaq sahəsi həmin vaxt ölçülüb mərhum atasına və anasına verilib. Bu günə kimi bizim faktiki sahibliyində və istifadəsindədir. Hər hansı texniki səhvə görə onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulur.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Tovuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarı ilə Tovuz rayonu Dondar Quşçu kəndində ayrılmış 0,405 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 və mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın yerləşdiyi Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Tovuz rayonu Dondar Quşçu bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişdir.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).

22. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, hüquqlarıTovuz rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixdə Tovuz rayonunun Dondar Quşçu kəndində islahat aparılmamışdır. Tovuz rayonu Dondar Quşçu bələdiyyəsi rəsmi olaraq xx.xx.2000-ci il tarixdən fəaliyyət göstərir. İslahatın aparılmasında Dondar Quşçu bələdiyyəsinin heç bir rolu olmamışdır. İslahata aid Tovuz rayonu, Dondar Quşçu bələdiyyəsində heç bir hüquqi sənəd yoxdur. Məlumat üçün bildirilir ki, İddiaçı atası mərhum X9, anası mərhum X4r. İddiaçı hal-hazırda istifadə etdiyi 0,57 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla, Dondar Quşçu bələdiyyəsinin mülkiyyətindədir.

23. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarı ilə X9 və X1 mülkiyyətinə Tovuz rayonu Dondar Quşçu kəndində 0.11 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmiş və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-0082 Kod 50300128 nömrəli Dövlət aktı tərtib edilmişdir.

26. Lakin Tovuz rayonu Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq siyahısında X5 adına (ailə üzvü X6 ilə birlikdə) 0,405 ha pay torpaq sahəsi qeyd edildiyi üçün İddiaçı mərhum X9 və X1 qanun üzrə vərəsəsi olan qızı İddiaçı həmin hala istinad edərək, Tovuz rayonu Dondar Quşçu kəndində ayrılmış 0,405 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 və mərhum anası X3 məxsus olması barədə arayışın verilməsini cavabdehdən tələb edir.

27. Cavabdeh orqa isə öz imtinasında Dondar Quşçu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (elektron baza məlumatlarında) X9 və X3 0.1089 ha pay torpaq sahəsinin ayrılmasının göstərildiyin və digər əlavə torpaq sahəsi haqqında məlumat olmadığını bildirməklə, ərizənin icrasından imtina etmişdir.

28. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.

29. Belə ki, əvvəla, hüququn qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Həmin maddədə (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas qismində qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0082 Kod 50300128 nömrəli Dövlət aktında isə mərhumların mülkiyyətinə 0,405 ha pay torpaq sahəsi deyil, 0.11 ha torpaq sahəsi verilmişdir.

30. Nə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, nə də Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə münasibətdə torpaq payı alacaq ailələrin ardıcıllıq siyahısı (subyekt siyahısı) hüququn qeydiyyatına əsas (hüquqmüəyyənedici sənəd qismində) nəzərdə tutulmamışdır.

31. Digər tərəfdən, əldə edilmiş mütəxəssis rəyi ilə İddiaçı istifadəsi kimi göstərilən torpaq sahəsinin 0.57 ha olmaqla, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin torpaqları olması, eyni zamanda JN-0082 nömrəli dövlət aktında göstərilən 0.11 ha torpaq sahəsinin koordinatlarının həmin 0.57 ha torpaq sahəsinin koordinatları daxilində olmaması müəyyən edilmişdir.

32. Məhkəmə onu da qeyd edir ki, torpaq sahəsi ayrılmış mərhumlar sağlıqlarında Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarını və Torpağa mülkiyyət hüququna dair JN-0082 Kod 50300128 nömrəli Dövlət aktını mübahisələndirməmişlər.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.

34. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar