Məhkəmə qərarları › İş №2-1(114)-3571/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3571/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3571/2024 19.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın ödənilməsi və əkin bəyannaməsinin verilməsi məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göygöl X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət tərəfindən ayrılmış subsidiyanın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. ünvan 2 kənd təsərrüfatı təyinatlı bitkilər əkir. Həmin torpaq sahəsində 70-ə yaxın adam işləyib ailəsini dolandırır. Bu il 22 ha torpaq sahəsində taxıl əkmişdir. Yerdə qalan torpaq sahəsi isə günəbaxan bitkisi əkmək üçün hazırlanmışdır. Bu zaman ona dövlət tərəfindən subsidiya verilməli idi. Lakin ona əkin üçün subsidiya ayrılmamışdır. Buna səbəb əkin sahələri bəyan edilərkən texniki səhv olaraq eyni ərazidə olan əkin sahələrinin sənədlərinin yerlərinin dəyişik düşməsi olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göygöl X3 Mərkəzi tərəfindən həmin torpaq sahəsinə monitorinq keçirilmişdir. Cavabdeh tərəfindən ona subsidiya ayrılmamışdır. Bunun nəticəsi olaraq ona xeyli ziyan dəymişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3571/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi ilə əvəz edilmiş, iddia tələbi “dövlət tərəfindən ayrılmış subsidiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3571/2024 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Göygöl rayonu, Balçılı kəndində yerləşən 5,79 ha, 6,64 ha və 9,8459 ha, ümumilikdə 22,2759 ha əkin sahəsinin subsidiyasının ödənilməsi və elektron sistemdə əkin bəyannaməsinin verilməsi məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı iddiasının təmin edilməməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassız və qanunsuz olduğu üçün təmin edilə bilməz. Vətəndaşın müraciəti araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə (bundan sonra EKTİS) daxil edilmiş məlumatlara əsasən, onun istifadəsində olan Göygöl rayonu, Balçılı kəndi ərazisində əkin bəyan edilmiş, 9,8459 hektar arpa, 5.79 hektar və 2.64 hektar vələmir, 4 hektar buğda sahələrinə Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə həyata keçirilən monitorinq zamanı həmin torpaq sahələrində günəbaxan bitkisinin əkildiyi müəyyən edilmişdir. Məlum olduğu kimi, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na uyğun olaraq EKTİS vasitəsilə həyata keçirilir. Fərmanın 3.3-cü bəndinə uyğun olaraq, təsdiq edilən "Məhsul subsidiyasının verilməsi" xidmətinə dair reqlamentə əsasən, tədarükçü təhvil aldığı kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatı, fermer isə məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və elektron alış aktlarını) iyulun 1-dən fevral ayının sonuncu gününədək EKTİS-ə daxil etməlidir.Qeyd olunan uyğunsuzluqla əlaqədar, iddiaçının müraciəti əsasında 2024-cü il 30 may tarixində həmin əkin sahələrində təkrar monitorinq həyata keçirilmiş və ilkin monitorinqin nəticəsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün cari il və sonrakı il ərzində həmin torpaq sahələri üzrə əkin subsidiyası ödənilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Balçılı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 5,79 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Balçılı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 6,64 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Balçılı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 9,8459 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli yerində müşahidə hesabatlarında qeyd edilmişdir ki, İddiaçı vələmir bitkisi əkildiyi bəyan edilmiş 5.79 ha, 2.64 ha, payızlıq yumşaq buğda əkildiyi bəyan edilmiş 4 ha, payızlıq arpa əkildiyi bəyan edilmiş 9.8459 ha torpaq sahələrində heç bir bitki aşkar edilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göygöl X3 Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2023/2024 əkin ilində onun EKTİS-də bəyan etdiyi torpaq sənədlərinin koordinatları əsasında yerində müşahidə aparılmış və həmin ərazilərdə heç bir əkin olmadığı müəyyənləşdirilmişdir. Əkin apardığı sahə ilə bəyan etdiyi sahə uyğun gəlmədiyi üçün Qanunvericiliyin tələblərinə əsasən subsidiya ödənişi mümkün deyildir. xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, Gəncə şəhər sakini İddiaçı istifadəsində olan, Göygöl rayonu Balçılı kəndində yerləşən, xx.xx.2024-cü il tarixdə monitorinq keçirilmiş və əkin olmadığı müəyyən edilmiş 9,8459 hektar, 5,79 hektar, 4 hektar və 2,64 hektar torpaq sahələrinə yenidən baxış zamanı həmin torpaq sahələrində günəbaxan bitkisinin əkildiyi müəyyən edilmişdir. Eyni zamanda, həmin torpaq sahələrinin yaxınlığında yerləşən, vətəndaşın məlumatına əsasən onun istifadəsində olan, koordinatları və ümumi sahəsi GPS ölçü vasitəsilə müəyyən edilmiş 16,70 hektar torpaq sahəsində arpa bitkisinin və 3,60 hektar sahəsində soğan bitkisinin əkildiyi müşahidə edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “Vətəndaş müraciətinə baxılması haqqında” məktubda göstərilmişdir ki, İddiaçı tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilmiş sənədlər əsasında onun istifadəsində olan Göygöl rayonu, Balçılı kəndi ərazisində əkin bəyanı edilmiş 9,8459 hektar arpa, 5,79 hektar və 2,64 hektar vələmir, 4 hektar buğda torpaq sahələrinə xx.xx.2024-cü il tarixdə torpaq sənədləri əsasında Agentlik tərəfindən baxış keçirilmiş və həmin torpaq sahələrində günəbaxan bitkisinin əkildiyi müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 5.2.4-cü yarımbəndinə əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün cari il və növbəti il üzrə əkin subsidiyası hesablanmayacaq. Eyni zamanda hazırda bəyan dövrü tamamlandığından əkin məlumatlarına və sairə dəyişikliklər edilməsi mümkün deyil. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “Vətəndaş müraciətinə baxılması haqqında” məktubda qeyd olunmuşdur ki, 2023-2024-cü əkin ili üzrə əkin subsidiyası üçün müraciətlə əlaqədar 4 hektar payızlıq buğda, 9,8459 hektar payızlıq arpa, 2,64 hektar və 5,79 hektar vələmir əkinlərinə dair İddiaçı EKTİS-ə daxil etdiyi məlumatlara əsasən xx.xx.2024-cü il tarixdə həyata keçirilən monitorinq zamanı torpaq sahəsində əkinin aparılmadığının müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə həmin əkin sahələrində təkrar monitorinq həyata keçirilmiş və ilkin monitorinqin nəticəsi dəyişilmədən saxlanılmışdır. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 5.2.4-cü yarımbəndinə əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün cari il və növbəti il üzrə əkin subsidiyası ödənilməyəcək. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göygöl X3 Mərkəzi tərəfindən məhkəmə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 2023/2024-cü il payızlıq əkinlərin bəyanı prossesində ümumilikdə sahəsi 22,27 ha olan əkinlərini bəyan etmiş və “Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq həmin ərazilər xx.xx.2024-cü il tarixdə monitorinqə çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə Göygöl X3 Mərkəzinin mütəxəssisləri tərəfindən bəyan edilən ərazilərin koordinatlarına uyğun olaraq monitorinq prossesi aparılmış və həmin ərazilərdə heç bir əkin olmadığı müəyyənləşdirilərək yerində müşahidə aktı tərtib edilmişdir. Fermerin dəfələrlə bununla bağlı müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi cavab verilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə Nazirliyin səlahiyyətli şəxsləri ilə birlikdə yenidən həmin ərazilərə baxış keçirilmiş və nəticənin bəyana uyğun olmadığı müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “müraciətə baxılması haqqında” məktubda qeyd edilmişdir ki, 2023-2024-cü əkin ilində İddiaçı EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 5,64 hektar buğda və 61,1 hektar günəbaxan əkinlərinə görə hesablanmış 15903,53 (on beş min doqquz yüz üç manat əlli üç qəpik) manat subsidiya onun kart hesabına ödənilmişdir. Habelə İddiaçı 3,89 hektar günəbaxanın təkrar əkininə görə 388,83 (üç yüz səksən səkkiz manat səksən üç qəpik) manat subsidiya hesablanmışdır. Həmin əkinə görə subsidiyanın ödənilməsi məsələsinə baxılır. 2023-2024cü əkin ili üzrə əkin subsidiyası üçün müraciətlə əlaqədar İddiaçı 4 hektar payızlıq buğda, 9,8459 hektar payızlıq arpa, 2,64 hektar və 5,79 hektar vələmir əkinlərinə dair EKTİS-ə daxil etdiyi məlumatlara əsasən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə keçirilən monitorinqlər zamanı həmin torpaq sahələrində bəyan olunan bitkilərin əkilmədiyi müəyyən edilmişdir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 5.2.4-cü yarımbəndinə əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün cari il və növbəti il üzrə əkin subsidiyası ödənilməyəcək. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. Subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;

2. Subsidiyaların verilməsinin təşkili 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X3 mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir.https://e-qanun.az/framework/42750 2.8. DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini.

3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi 3.1. Əkin subsidiyasının məbləği (eyni ildə iki və daha çox əkin aparılması halında təqvim ilinin əvvəlindən ilk bəyan edilən bitki növü üzrə) aşağıdakı qaydada hesablanır: baza məbləği × əkin əmsalı = əkin subsidiyası əkin əmsalı – regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.10. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. 3.12. Əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür.

5. Monitorinq və qiymətləndirmə 5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır; 5.1.1. çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; 5.1.2. yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; 5.1.3. yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. 5.2. Bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir: 5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir; 5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır; 5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir; 5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən onun mülkiyyətində olan Göygöl rayonu, Balçılı kəndində yerləşən müvafiq olaraq 5,79 ha, 6,64 ha və 9,8459 ha əkin sahələrinin subsidiyasının ödənilməsi və elektron sistemdə həmin torpaq sahələrinə dair əkin bəyannaməsinin verilməsi üçün məhdudiyyətin aradan qaldırılmasıdır. İddiaçı tələbinin əsası kimi qeyd etmişdir ki, o, mülkiyyətində olan Göygöl rayonu, Balçılı kəndində yerləşən 5,79 ha, 6,64 ha və 9,8459 ha torpaq sahəsi üzrə dənli bitkilərin əkilməsi ilə bağlı bəyannaməni səhv olaraq vermişdir. Belə ki, qeyd olunan torpaq sahələrində o, günəbaxan bitkisi əkməyi nəzərdə tutmuş və buna uyğun olaraq həmin torpaq sahələrini hazırlamışdır. Lakin elektron sistemə səhvən qeyd olunan torpaq sahələrində dənli bitkilərin əkilməsi ilə bağlı bəyannamə vurulmuşdur. Qeyd olunan səhvdən gec xəbəri olduğu üçün müddətin bitməsi ilə bağlı bəyannaməyə düzəliş edə bilməmişdir. Daha sonra həmin torpaq sahələrində nəzərdə tutduğu kimi günəbaxan bitkisi əkmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən ona qeyd olunan torpaq sahələri ilə bağlı subsidiya ödənilməmiş və elektron sistemə növbəti il üçün bəyannamə verilməsi məhdudlaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, 2023-2024 əkin ilində fermer İddiaçı mülkiyyətində olan Göygöl rayonu Balçılı kəndində yerləşən 5.79 ha və 2.64 ha torpaq sahələrində vələmir bitkisi, 4 ha torpaq sahəsində payızlıq yumşaq buğda, 9.8459 ha torpaq sahəsində payızlıq arpa əkildiyini bəyan etmişdir. Bəyannamədə göstəriləndən fərqli halın yaranması ilə bağlı Göygöl X3 Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə bəyan edilmiş torpaq sahələrinə həmin torpaq sahələrinin sənədləri üzrə koordinatları əsasında monitorinq keçirilməklə yerində müşahidə aparılmış və həmin torpaq sahələrində hər hansı bitki aşkar edilməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə qeyd olunan torpaq sahələrinə Göygöl X3 Mərkəzi tərəfindən yenidən baxış keçirilən zaman həmin torpaq sahələrində günəbaxan bitkisinin əkildiyi müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, yəni iddiaçının əkin apardığı torpaq sahəsi ilə bəyan etdiyi topraq sahəsi uyğun gəlmədiyi üçün “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 5.2.4-cü yarımbəndinə əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün cavabdeh orqan tərəfindən cari il üzrə ödənilməmiş və növbəti il üzrə əkin subsidiyasının hesablanmayacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasında nəzərdə tutulmuş tələblərə görə, X3 mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların subsidiya” informasiya sistemində (SİS) qeydiyyatını aparır, subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİSə daxil edilməsini həyata keçirir, subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir, subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də qeydiyyatdan keçməni, kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini, subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini, subsidiyalarla bağlı məlumatların əldə edilməsini həyata keçirirlər. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan, aparılan əkin sahələri, çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) və digər sənəd və məlumatları SİS-ə daxil edirlər. Əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən ardıcıllıqla, çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi kimi monitorinqlər aparılır. Bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda - fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir; 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır; fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir; 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. Qeyd olunan Qaydanın 5.2.4-cü bəndinə uyğun olaraq cavabdeh orqan tərəfindən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün iddiaçıya subsidiya ödənilməmiş və növbəti il üzrə əkin subsidiyasının hesablanmayacağı bildirilmişdir. Lakin məhkəmə, iddiaçı tərəfindən bəyan edilmiş və günəbaxan bitkisi əkilmiş qeyd olunan torpaq sahələri üzrə subsidiyanın ödənilməməsini ədalətli hesab etmir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı fərdi sahibkardır və Göygöl rayonu Balçılı kəndində yerləşən mülkiyyətində olan geniş torpaq sahəsində dənli bitkilər və günəbaxan bitkiləri yetişdirməklə əkinçiliklə məşğul olur. İddiaçı tərəfindən 5,79 ha, 6,64 ha və 9,8459 ha torpaq sahələrini 2023-2024 əkin ili üzrə günəbaxan bitkisi əkmək üçün hazırlanmışdır. Lakin əkin bəyannaməsi verərkən qeyd olunan torpaq sahələri üzrə səhvən dənli bitkilərin əkilməsini qeyd etmişdir. Dənli bitkilər payızlıq olduğu üçün əkin bəyannaməsinin verilmə müddəti 01 sentyabr - 31 dekabr tarixlərini əhatə edir. İddiaçının bəyannaməni səhv verməsindən qeyd olunan tarixdən sonra məlumatı olduğu üçün bəyan dövrü tamamlandığından əkin barədə sənədlərə və məlumatlara dəyişikliklər edilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə həmin torpaq sahələrinə yerində müşahidə apararkən hər hansı bitki aşkar edilməsə də, xx.xx.2024-cü il tarixdə yenidən baxış zamanı həmin torpaq sahələrində günəbaxan bitkisinin əkildiyi müəyyən edilmişdir. Belə ki, günəbaxan yazlıq bitkidir, yaz fəslində əkilir və əkin bəyannaməsi 01 fevral – 31 may tarixlərində verilməlidir. Qeyd olunan tarixlərdə həmin torpaq sahələri ilə bağlı iddiaçı tərəfindən günəbaxan bitkisi əkilməsi barədə təkrar bəyannaməni elektron sistemdə qoyulmuş qadağa ilə bağlı vermək mümkün olmamışdır. Göründüyü iddiaçı tərəfindən bəyannamə onun əkin sahəsinin geniş olması səbəbindən və təqsiri olmadan düzgün verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əvvəlcədən bəyan etdiyi və günəbaxan bitkisi əkdiyi torpaq sahələri üzrə subsidiya ödənilməlidir. Həmçinin qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Subsidiya” informasiya sistemində qeyd olunan torpaq sahələri üzrə 2024- 2025 əkin ilinə görə iddiaçının bəyannamə verməsi üçün qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Göygöl rayonu, Balçılı kəndində yerləşən 5,79 ha, 6,64 ha və 9,8459 ha, ümumilikdə 22,2759 ha əkin sahəsi üzrə İddiaçı subsidiyanın ödənilməsi və “Subsidiya” informasiya sistemində iddiaçının əkin bəyannaməsi verməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Göygöl rayonu, Balçılı kəndində yerləşən müvafiq olaraq 5,79 ha, 6,64 ha və 9,8459 ha, ümumilikdə 22,2759 ha əkin sahəsi üzrə subsidiyanın ödənilməsi və “Subsidiya” informasiya sistemində iddiaçının əkin bəyannaməsi verməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar