Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3578/2023 17.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qazax Ərazi şöbəsinin müdir müavini X1 qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qazax Ərazi şöbəsinin müdir müavini X1 qarşı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I.İşin halları
1. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərara əsasən Gədəbəy rayonu, Aytala kəndində yerləşən 0,80 ha torpaq sahəsinin məqsədli təyinatını dəyişdirərək başqa məqsədlər üçün istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən İddiaçı barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qazax Ərazi şöbəsinin müdir müavini X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qazax Ərazi şöbəsinin müdir müavini Fərid Yusifovun onun barəsində verdiyi inzibati tənbeh vermə haqqında 13 iyun 2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, AR İqtisadi İnkişaf Nazirliyi yanında ƏMDX Qazax Ərazi Şöbəsinin müdir müavini Fərid Yusifov yuxanda qeyd edilən qərarla onu Gədəbəy rayonunun Aytala kəndində 0,80 ha torpaq sahəsini məqsədli təyinatını dəyişməyə görə 247.2-ci maddəsi ilə 500 manat cərimə etmişdir. Fərid Yusifovun qərarı qanunsuz və əsassızdır. O, Fərid Yusifovun nəzərdə tutduğu torpağın sahibi deyil, torpağın sahibləri Sarı, Bayram və Rövşəndir. X4 rayonunun Aytala kənd sakinidir. İİ qrup əlilliyə görə aldığı kiçik pensiya dolanışığını təmin etmədiyindən, düşəndə, oğlunun yanına gedib, yaşadığı kənddə kənar adamların işlərini görüb, dolanışığını bu yolla təmin edir. Keçən il Aytala kənd sakinləri Sarıya, Bayrama və Rövşənə fəhləlik edib, onların təxminən 50 sot olan torpaqlarını əkmişdir. Həmin sahənin biçənək sahəsi, ya başqa sahə olmasını bilmir. Çünki ətraf sahələr də Sarıgilin sahəsi ilə eynidir, onlar da əkilmişdir. O, fəhlə olaraq nə sifariş verilirsə, o sifarişə əməl edir. Bütün sahələr köhnə şum yerləri olmuş, mütəmadi əkilmişdir. O, işə başlayanda əkdiyi torpaq xama qoyulmuşdu. Torpağın təyinatını onun sahibi bilir. Elə torpaqlar var ki, təyinatını kənar adamlar da təxmini müəyyən edə bilər, ya bilməz. Əvvəllər əkilmiş və xama qoyulmuş torpağın təyinatını isə kənar adam bilə bilməz. Təyinatı dövlətin aidiyyəti qurumu müəyyən edib, sahibinə verdiyi sənəddə dəqiqliklə əks etdirir. ƏMDX Qazax Ərazi Şöbəsinin müdir müavini X2 kəndinə aid olan biçənək sahələrinin, - hansı ki, 95 % əkilmişdir, sahiblərini qoyub, onun yaxasından yapışması ondan xəbər verir ki, bu adam torpağın təyinatını dəyişdirən kənd əhalisinin hamısı ilə təmasdadır. Beləliklə, Fərid Yusifov kənd biçənəyinin 95%-nin əkilməsini, yəni təyinatının sahibkarlar tərəfindən dəyişdirilməsini gördüyü halda susur, onu həmin biçənəyə, əgər doğurdan da biçənəkdirsə, - aid olmayan fəhləni - ayda 300 manat pensiyaya möhtac acyalavac İİ qrup əlili uydurma əsasla inzibati qaydada cərimə edir. Bu hərəkəti ilə Fərid Yusifov ona qarşı qanununsuzluğa yol vermişdir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
7. Məhkəmə ilk növbədə qeyd edir ki, fiziki şəxs olan hazırkı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qazax Ərazi şöbəsinin müdir müavini X1 qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir.
8. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı tələbində onun barəsində tərtib edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı mübahisələndirir və bu mübahisə cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyildir və belə mübahisələrə mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.
9. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinin tələblərinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələblərinə əsasən isə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Hazırkı iddia tələbi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu anlamında inzibati akt olmadığından həmin iddia ərizəsinə inzibati məhkəmələr tərəfindən baxıla bilməz.
11. Bundan başqa, tərəflər arasında olan mübahisə də inzibati hüquq münasibətləri ilə bağlı deyildir. Həmin mübahisə inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə əsasən tənzimlənməlidir ki, hazırki halda bu işlərə ümumi məhkəmələr tərəfindən baxılmalıdır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 06 oktyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. İnzibati xətalardan irəli gələn və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (bundan sonra – İXM) ilə tənzimlənən münasibətlər də publik hüququn bir hissəsidir. Bu göndərici normanın İPM-in 2.1-ci maddəsində əks olunmadığı təqdirdə inzibati xətalarla bağlı işlər inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalı olardı. Lakin inzibati xətalar ilə əlaqədar münasibətlər repressiv xarakterli olduğundan “İnzibati icraat haqqında” Qanunla tənzimlənən münasibətlərdən fərqlidir.
13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.
14. İnzibati xətalar haqqında işlər üzrə icraat özündə icraatın iştirakçıları, sübutlar, protokolun tərtib edilməsi, icraatın başlanması, işlərə baxılması, qəbul edilmiş qərarlara yenidən baxılması və s. məsələləri özündə ehtiva edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya işlərin qaldırılması üsulu iddianın verilməsi ilə yox, şikayətin təqdim edilməsi yolu ilə mübahisələndirilməsi müəyyən edilir. Məhkəmə tərəfindən aidiyyatı olmayan mübahisələrə əsassız baxılması qanunsuz qərarların çıxarılmasına səbəb olur. Məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun mübahisəni həll etməlidir.
15. Qeyd edilən prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçıya izah edir ki, hazırkı tələb ilə iddiaçı yaşadığı yer üzrə ümumi (rayon) məhkəməyə müraciət etməlidir.
16. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacağından icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva