Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3579/2023 27.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Samux rayonu Əhmədbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26 nömrəli iclas protokoluna əsasən İddiaçı 0,08 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır.
2. İddiaçı həmin sənədi təqdim etməklə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qedyiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin əslinin təqdim edilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının ödənilməsi əsasında həyata keçirilir. Bu səbəbdən müraciətə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmaqla müraciət edəcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu Əhmədbəyli bələdiyyəsindən 0,08 ha torpaq sahəsi almışdır. O, torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Orada bütün sənədlərini ərazi idarəsinə təqdim etsə də, ərizəni təmin etmədən saxladılar ki, guya o, sənədin əsillərini ərazi idarəsinə təqdim etməmişdir. Halbuki, bütün bunların heç bir hüquqi əsası yoxdur. Sadəcə olaraq əmlakının qeydiyyata alınmasından əsassız imtina edilmişdir. Ona görə də cavabdehin üzərinə ona məxsus Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi qoyulmalıdır.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər
6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
8. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
9. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının nümayəndəsinin ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sənədlər əlavə edilməmişdir. Bu səbəbdən müraciətə baxılması mümkün olmamış və bu bardədə vətəndaşa rəsmi bildiriş göndərilərək qanunvericiliklə müəyyən edilmiş qaydada o cümlədən dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmaqla müraciət edəcəyi təqdirdə ərizəsinin qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sənədlər əlavə edilməklə yenidən müraciət etməsi barədə xx.xx.2023-cü il tarixli **********90 nömrəli məktubu ünvanlanmışdır. Göründüyü kimi, İddiaçı Gəncə Ərazi İdarəsinə olunan müraciətindən imtina edilməmiş, əksinə qanunvericiliyin tələblərinə uyğun müraciət etməsi bildirilmişdir. Hesab edirlər ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir.
10. Cavabdehin nümayəndəsi X2 etirazla eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
11. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
12. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Maddə 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.
14. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-V-0020-8/2023 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, cavabdeh orqan iddiaçının müraciəti üzrə inzibati icraat apara bilməsi üçün öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsi barədə sənədin təqdim edilməli olduğunu bildirmiş və bu, cavabdeh orqanın iddiaçının müraciəti üzrə inzibati icraatı həyata keçirməsi üçün zəruri olmuşdur.
15. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Maddə 9. Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Maddə 10. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dan biri təqdim olunmalıdır. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 23. İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
16. Hazırkı işdə İddiaçı inzibati orqana müraciət edərkən sənədlərin əsillərini, habelə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi – ödəniş qəbzini təqdim etməmiş, cavabdeh orqan tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- V-0020-8/2023 nömrəli məktubda qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmaqla müraciət edəcəyi təqdirdə ərizəyə baxıla biləcəyi qeyd edilsə də, iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etməklə təkrar müraciət etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir.
17. Məhkəmə bununla bağlı qeyd edir ki, ona qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmaqla müraciət edəcəyi təqdirdə ərizəyə baxılacağı bildirildiyi üçün həmin məktub onun müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh orqan iddiaçının müraciətinə baxmamış, araşdırma (inzibati icraat) aparmamış və müraciəti ilə bağlı inzibati akt qəbul etməmişdir. Belə olan halda isə cavabdehin sözügedən məktubu ilə iddiaçının hüquqlarının pozulması halı mövcud olmamışdır.
18. O da qeyd edilməlidir ki, şəxsin müraciəti əsasında inzibati aktın qəbul edilməsi (icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması) üzrə fəaliyyət (inzibati icraat) inzibati orqanlar tərəfindən həyata keçirilməlidir və məhkəmə bu vəzifəni öz üzərinə götürə bilməz.
19. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
20. İPM-in: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva