Məhkəmə qərarları › İş №2-1(114)-358/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-358/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-358/2024 01.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyinin 2021-ci ilin may ayından bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Pensiya işi materiallarından görünür ki, xx.xx.1992-ci il tarixli, 84 nömrəli tibbi rəyə əsasən iddiaçı uşaqlıqdan 16 yaşına qədər uşaq hesab olunmuş, rəy xx.xx.1994-cü il tarixədək etibarlı olmuşdur. Daha sonra iddiaçının 18 yaşınadək əlilliyi davam etmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən iddiaçıya xx.xx.2005-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş və tam ödənilmişdir. Həmin zaman iddiaçıya “Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G80-G83- Serebrak iflic və digər paralitik sindromlar => G80-Uşaq serebral iflici =>G80.0-Spastol serebral iflic” təsnifatı üzrə “Uşaq serebral iflici, qalıq əlamətləri. Sol tərəfli hemiparez” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixdəki qiymətləndirmə nəticəsində “Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G80-G83- Serebrak iflic və digər paralitik sindromlar => G80-Uşaq serebral iflici =>G80.8-Uşaq serebral iflicinin digər növü” təsnifatı üzrə “Keçirilmiş uşaq serebral iflicinin davamlı qalıqları. Sol tərəfli hemiparez” diaqnozu əsasında iddiaçı barəsində “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. qoyulmuşdur. Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdə yenidən qiymətləndirilmiş və cavabdehin tərəfindən G80.2 təsnifatı üzrə “Hemiplegik spastik serebral iflic, Uşaq serebral iflici hemiplegik forma. Spastik hemiplegiya. Sol tərəfli spastik hemiparez (yuxarı ətrafın üstünlüyü ilə). Hemiplegik spastik serebral iflic, Uşaq serebral iflici hemiplegik forma. Spastik hemiplegiya. Sol tərəfli spastik hemiparez(yuxarı ətrafın üstünlüyü ilə) diaqnozu əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-4/2-R- 12683/2023 nömrəli məktubda bildirilmişdir ki, müraciəti əsasında xx.xx.2023-cü il tarixində 14 nömrəli Tibbi-sosial ekspert komissiyasında qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən iddiaçının adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin 2021-ci ilin may ayından bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı iflic xəstəsidir, mütəmadi müalicə alır, sol qol, ayaq nahiyyəsi işləmir, hərəkət məhdudiyyəti vardır, iş qabliyyətini tamamilə itirmişdir. İddiaçıya 1994-cü ildən İİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin tarixdən 2021-ci ilin aprel ayına kimi pensiya almış, lakin 2021-ci ilin may ayından təyin edilmiş pensiya kəsilmişdir. Dəfələrlə pensiyanın bərpa edilməsi üçün cavabdehə müraciət etmişdir. Agentlikdən tərəfindən rəsmi imtina verilmişdir ki, təqdim edilmiş sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o, cümlədən iddiaçının adına rəsmiləşddirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin edilməmişdir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddia ərizəsində qeyd edildiyi məzmunda baxılaraq təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazında iddiaçıya qoyulan diaqnozları qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü həmçinin iddiaçının ümumi xarakterli hüquqi müdafiə marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacının mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisə predmeti ilə bağlı mümkünlük şərtləri baxımından iddiaçının ilkin olaraq səlahiyyətli inzibati orqana müraciət etməsi, bunun üzərindən öz məqsədinə daha effektiv və daha sadə yolla nail olmaq imkanından istifadə etməsi tələb olunur. Şəxs tərəfindən bu qaydaya riayət olunmadığı hallarda, həmin şəxsə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacı mövcud olmur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 30 aprel 2016-cı il tarixli qərar əsasında ikinci dərəcəli 5 il müddətinə əlilliyi müəyyən edilmiş şəxs olmuşdur. Həmin əlilliyin müddəti isə 2021-ci ilin aprel ayında bitmişdir. Bundan sonra iddiaçı barəsində xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixdə göndəriş tərtib olunmaqla əlilliyi qiymətləndirilmiş və cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə əlilliyin təyinatından imtina olunması barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə 14 nömrəli Tibbi-sosial ekspert komissiyasında olmuş və barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2024-cü il tarixli 2-1(102)-1571/2024, iddiaçı X2 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixli 2-1(102)- 1871/2023 və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı iddiaçıya İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinin tələblərinə əsasən zəruri hüquqi yardım edilərək sonuncu göndəriş əsasında iddia qaldırılması təklif olunmuş, iddiaçı əvvəl həmin vəziyyətlə razılaşsa da, sonradan əvvəlki qaydada iddiaya baxılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona əlilliyin təyin edilməsinə nail olmaqdan ibarət olduğu müəyyən edilsə də, hazırkı tələb üzrə iddiaçıya münasibətdə cavabdehin xx.xx.2023-cü il tarixli (iddiaçıya əlilliyin təyinindən imtina olunması barədə) qərarı ləğv edilmədən iddia tələbinə dəqiqləşmələr aparılmaqla iddianın mümkünlük şərtlərinə cavab verməsinə nail olmaq mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, İPM-in 52-ci maddəsinin tələbləri baxımından məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə tərəfindən ona edilən yardıma baxmayaraq iddiaçı məhkəmənin göstərişlərinə məhəl qoymamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyinin 2021-ci ilin may ayından bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar